|

Son Sarmat dövründə erkən Hun miqrasiyası

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 0,00 out of 7)
Загрузка...

 

 Nizami Zeynalov[1]

Tarixi ədəbiyyatda çox böyük maraq doğuran problemlərdən biri də miqrasiya prosesləridir. Xalqların miqrasiyasının kökləri hələ qədim daş dövrünə təsadüf edir [32, s.67]. Sonrakı dövrlərdə, xüsusilə e.ə. I minillik – e. I minilliyinin qovşağında miqrasiya prosesləri daha intensiv xarakter almışdır [21]. Miqrasiya prosesləri çox mürəkkəb bir problem olduğu üçün ona kompleks yanaşma tələb edir. Bu proseslər arxeoloji, antropoloji, etnoqrafik, linqvistik və habelə yazılı mənbələrin kompleks şəkildə öyrənilməsi ilə araşdırılmalıdır.

Çünki T.A.Tot və B.V.Firşteynin qeyd etdikləri kimi etnik tarixdə miqrasiyaların rolunu arxeologiya, etnoqrafiya və linqvistikanın köməyi ilə kompleks şəkildə öyrənmək, xalqların etnogenezini aydınlaşdırmaq üçün mühüm əhəmiyyətə malikdir [45, s.3]. Göründüyü kimi miqrasiya prosesləri hər hansı bir xalqın, o cümlədən xalqımızın etnogenezi ilə sıx şəkildə bağlıdır. Nəzərə alsaq ki, qədim dövrdə miqrasiya proseslərinin ən intensiv şəkildə baş verdiyi ərazi Avrasiya materiki, xüsusilə də Xəzəryanı region [21] olmuşdur, onda xalqımızın etnogenezini miqrasiya proseslərindən kənarda təsəvvür etmək mümkün deyil. Bildiyimiz kimi əlverişli geosiyasi mövqedə yerləşən və zəngin təbii sərvətə malik olan ölkəmiz zaman-zaman müxtəlif miqrant tayfaların diqqətini özünə cəlb etmişdir. Məhz buna görə də qədim dövrlərdə Azərbaycanın sərhədlərindən kənarda baş verən, lakin xalqımızın tarixi taleyi ilə sıx bağlı olan miqrasiya prosesləri ciddi şəkildə araşdırılmalıdır.

Fikrimizcə məsələnin bu cür qoyuluşu Azərbaycan tarixində artıq kifayət qədər özünə yer tutmuş bir tarixi həqiqətə, yəni Azərbaycanda ən qədim zamanlardan bəri yerli türkmən­şəli əhalinin yaşaması, sonrakı dövrlərdə buraya digər türkmənşəli tayfaların köç etməsi və yerli türkmənşəli əhali ilə gəlmə türkmənşəli tayfaların qaynayıb-qarışmasından, erkən orta əsrlərdə türkmənşəli Azəbaycan xalqının formalaşması haqqındakı bir çox tədqiqatçıların fikirlərinə [4; 5; 6, s.367; 7, s.40; 8; 9, s.11, 12, 19, 20; 12; 35, s. 205, 206; 50, s.191, 192; 51, s.63, 64] zidd deyil, əksinə bu fikrin möhkəmləndirilməsinə bir cəhddir. Beləliklə də mövzunun aktuallığı göz qarşısındadır.

Məhz bu baxımdan xalqımızın etnogenezində mühüm rol oynamış hun tayfalarının miqrasiya məsələlərinin arxeoloji materialın əsasında araşdırılması böyük maraq doğurur. Bildiyimiz kimi, e.ə. IV əsrdən başlayaraq Cənubi Uralda Proxorov arxeoloji mədəniyyətinin əsasını qoymuş sarmat tayfalarının müxtəlif istiqamətlərdə miqrasiyası başlayır və eramızın əvvəllərinə doğru sarmatlar artıq şərqdə Cənubi Uraldan tutmuş cənubda Şimali Qafqaza, qərbdə isə Don çayınadək geniş bir ərazidə məskunlaşmışdı­lar [41, s.75, 76].

Sarmat tayfalarının yayıldığı bu geniş ərazidə əsasən qəbir abidələri ilə təmsil olunmuş arxeoloji abidələr geniş yayılmışdır. Bir-birindən xeyli dərəcədə fərqlə­nən müxtəlif forma və quruluşa malik olan bu qəbir abidələri ayrı-ayrı arxeoloqlar tərəfindən müxtəlif cür təsnif olunmuşdur. K.F.Smirnov bu qəbirləri quruluşuna və dəfnetmə istiqamətinə görə 8 tipə ayırır [41, s.76], P.S.Rıkov onları 4 əsas qrupda birləşdirir [34, s.92], A.S.Skripkin isə 5 əsas qrup təklif edir [38, s.75]. Qəbir abidələrinin bu cür təsnifatı sarmatların müxtəlif tayfa və tayfa qruplarından ibarət olmasından xəbər verir [41, s.213, 219]. Arxeoloji materiallar yazılı mənbələrin məlumatları ilə təsdiq olunur. Belə ki, antik ənənəyə əsasən sarmat etnonimi hansısa konkret bir tayfaya deyil, bu ümumi ad altında birləşmiş tayfalara şamil olunur. Təsadüfi deyil ki, hələ e.ə. IV-III əsrlərin qovşağında bəzi antik müəlliflər – məsələn Teofrast (e.ə. 372-287) – “Sarmatiya” coğrafi anlayışını işlədir [39, s.84]. Qədim yunan coğrafiyaşünası Klavdi Ptolemey isə artıq “Avropa Sarmatiyası” və “Asiya Sarmatiyası” coğrafi anlayışlarını bir-birindən fərqləndirir [1, s.228, 236]. Bu coğrafi anlayışlar adı altında isə çoxlu müxtəlif tayfalarının yaşadığı ərazilər nəzərda tutulur.

Yuxarıda qeyd etdiyimiz kimi sarmatların yayıldığı ərazilərdə müxtəlif qəbir abidələri qeydə alınsa da onlardan indiyədək yalnız ikisi – sapmalı quyu qəbirlər (bundan sonra sapma) və diaqonal qəbirlər (mərhumlar qəbir quyusuna diaqonal şəkildə qoyulduğu üçün ona belə ad verilmişdir – N.Z.) öz tayfa mənsubiyyətini almışdır.

Bir sıra arxeoloqlar sapma qəbirlərini alan tayfalarına aid etmişlər [34, s.101]. Diaqonal qəbirləri isə roksalan tayfaları ilə əlaqələndirilmişdir [41, s.218]. Lakin nə birinci, nə də ikinci müddəa arxeoloji ədəbiyyatda birmənalı şəkildə qəbul olunmamışdır. Hazırkı məqalədə bizi bilavasitə maraqlandıran Aşağı Volqaboyundakı dar sapma qəbirlər olduğundan, diaqonal qəbirlər üzərində dayanmaq istəməzdik. Digərləri isə bu abidələrin sarmatlara aid olduğunu qeyd edir [38, s.95, 96, 48, s.238, 49, s.492]. Lakin bu fikirlə razılaşmayan bir sıra arxeoloqlar bu abidələrin bilavasitə hunlarla bağlı olduğunu qeyd edirlər [20, s.134; 33, s.157, 159]. Əlbəttə, sarmatların yayıldığı ərazilərdə, xüsusilə Aşağı Volqaboyunda arxeoloqlar tərəfindən müxtəlif formalı qəbirlərin tayfa mənsubiyyətinə görə fərqləndirilməsi qanunauyğundur. Bu, bəhs edilən ərazinin etnik tarixinin və sarmatların etnik tərkibinin aydınlaşdırılması, habelə əsl tarixi həqiqətin üzə çıxarılması üçün vacibdir.

Yuxarıda qeyd olunduğu kimi, Aşağı Volqaboyunda sapma qəbirlərinin etnik mənsubiyyəti haqqında arxeoloji ədəbiyyatda yekdil fikir yoxdur.

Biz əlbəttə burada problemə birbaşa və ya dolayı yolla toxunan bütün ədəbiyyatın geniş təhlilini vermək imkanına malik deyilik, lakin arxeoloji ədəbiyyatın aparılan təhlilindən aydın olur ki, artıq ən geci II əsrdən başlayaraq Aşağı Volqaboyunda əvvəlki mərhələlərdən əhəmiyyətli şəkildə fərqlənən yeni arxeoloji mədəniy­yət formalaşmağa başlayır [36, s.20, 22, 72; 38, s.71, 73; 41, s.77, 80; 42, s.218, 219]. Bu mədəniyyətin əsas elementləri dəfn olunanların başlarının şimal səmtinə qoyulması, əvvəlki mərhələlər­dən fərqli olaraq mərhumların dar və dayaz sarpmalı quyu qəbirlərdə dəfn olun­ması, başların süni deformasiya­sı və maddi mədəniyyət əşyalarında yeni elementlərin meydana gəlməsidir. Yuxarıda sadala­nanlar forma­laşmaqda olan yeni mədəniyyə­tin əsas elementləri olduğundan onların hər biri üzərində ayrıca dayan­maq istərdik.

Aşağı Volqaboyunda dar sapma qəbirlərin yayılmağa başlaması ilə həm də başların şimal istiqamətinə qoyulması adətinə rast gəlinir. Arxeoloqların əksəriyyəti bu adətin II əsrdən başlayaraq yayıldığını və III-IV əsrlərdə tam hakim formaya malik olduğunu qeyd edirlər [36, s.72; 38, s.128]. Bir çox arxeoloqlar bunu sarmat mühitinə yeni etnik qrupun miqrasiyası ilə əlaqələndirirlər [36, s.22; 41, s.82]. Fikrimizcə məsələnin bu cür qoyuluşu tamamilə düzgündür. Lakin bu etnik qrupun mənşəcə hansı tayfalardan olması tarixşünaslığın ən ziddiyətli məsələsidir. Qeyd etməliyik ki, bir çox arxeoloqlar şimal istiqamətinin meydana gəlməsini hun tayfalarının miqrasiyası ilə bağlayırlar [20, s.134; 33, s.156, 158, s.134]. Fikrimizcə bu arxeoloqların mövqeyi həqiqətə daha çox yaxındır. Mərhumların başının şimal istiqamətinə qoyulması adətinə ciddi əməl olunmasına biz Zabaykalye hunları arasında rast gəlirik [28, s.159,168; 44, s.56, 64]. Burada meyitlərin şimal istiqamətinə səmtləşdirilməsi adəti hələ neolit dövrünə aid olan dəfn yerlərində qeyd olunur [27, s.12, 15, 16, 18]. Bu dəfnetmə adətinin coğrafi yayılmasına diqqət yetirdikdə aydın olur ki, bu adət şərqdən qərbə doğru yayılmışdır. E.ə. I əsrdən bu adətə Zabaykalyedə [28, s.159, 168], e.ə. I əsr – e. II əsri arasında Orta Asiyanın bir çox katakomba və sapma qəbirlərində (Kenkol, İsfara, Şirinsay, Qızıltau, Maaş, Veryovsk, Kırçin və s.) [13, s.9, 10; 14], II əsrdən Aşağı Volqaboyunda [38, s.73, 82] və Don çayının aşağı axarlarında [48, s.238] rast gəlinir. IV-V əsrlərin Şərqi Avropadakı hun qəbirlərində eynən bu adətə əməl olunur [26, s.99]. Lakin indiyədək arxeoloji ədəbiyyatda ölülərin başının nə üçün şimal istiqamətinə səmtləşdiril­məsi məsələsinə aydınlıq gətirilmə­mişdir və belə bir sual ortaya çıxır ki, nə üçün məhz hun qəbirlərində mərhumlar başları şimala doğru dəfn edilmişdir. Yazılı mənbələrə diqqət yetirdikdə aydın olur ki, hunlar şimal səmtinə böyük əhəmiyyət vermişlər.

Çin tarixçisi Sıma Tsyan yazır ki, “səhər şanyuy (hun hökmdarı – N.Z.) öz düşərgəsin­dən çıxanda günəşə, axşam isə aya sitayiş edir. Oturanda şanyuy üzü şimala doğru oturur…” [3, s.40]. Beləliklə müəllifin məlumatından göründüyü kimi hun hökmdarları öz düşərgəsin­də adətən üzü şimala doğru oturmaqla bu səmtə böyük əhəmiyyət vermişlər. Əlbəttə biz bunun hansısa dini ayinlə bağlı olduğunu hələ ki, deyə bilmərik. Eyni zamanda bu əlamətin dəfnetmədəki şimal səmti ilə bilavasitə bağlı olduğunu söyləmək də çox çətindir. Lakin bu aydındır ki, hunlar şimal səmtinə böyük əhəmiyyət verirdilər və öz mərhumlarını əksər hallarda başı şimala doğru dəfn edirdilər. Buna görə də arxeoloji ədəbiyyatda şimal səmti hun qəbirlərinin xarakterik xüsusiyyətlərindən biri kimi qəbul olunmuşdur.

Sapma qəbir quruluşunun ilk dəfə olaraq məhz hansı etnik qrup tərəfindən tətbiq edilməsi fikrinə gəlincə isə bu, arxeologiyada ən mürəkkəb problemlərdən biridir. Arxeoloji ədəbiyyatda sapma və kata­komba tipli qəbir abidələrinin ilk dəfə olaraq Orta Asiya ərazisinə hunlar tərəfindən gətirilməsi fikri A.N.Bernştama məxsusdur [13].

Lakin arxeoloji ədəbiyyatda sonralar A.N.Bernştamın bu fikri ciddi tənqid olunmuşdur [25, s.134, 135; 43, s.3-14]. Biz əlbəttə sapma qəbir quruluşunun (fərqləndirmə – N.Z.) ilk dəfə məhz hunlar tərəfindən tətbiq edilməsi fikri ilə mübahisə etmək istəməzdik. İlk sapma qəbirlər Mərkəzi Qazaxıstanda e.ə. VII-VI əsrlərə aid edilən I Karamurun qəbiristanlığın­dan [31, s.338, 377], habelə İli çayının sahilində e.ə. III-II əsrlərə aid II Karçaqay qəbiristanlığından [11, s.147] və Sverdlovsk rayonunun Canbul əyalətində e.ə. VI-V əsrlərə aid Koraqa-2 məskənindən [30, s.136-146] aşkar edilmişdir. Lakin bu faktlar eramızın qovşağında Orta Asiya ərazisində bəzi (fərqləndirmə – N.Z.) sapmaların, habelə eramızın II əsrindən Aşağı Volqaboyunda peyda olan şimal istiqamətli dar sapmaların hunlara məxsus olması haqqındakı fikri heç də şübhə altına almır. Bu cəhətdən biz Y.A.Zadneprovskinin fikri ilə tamamilə razıyıq ki, heç də bütün sapma və katakombaları birmənalı şəkildə hunlara aid etmək olmaz [25].

Müəllifin fikrinə əlavə olaraq qeyd etməliyik ki, ümumiyyətlə çox geniş ərazidə yayılmış sapma qəbirlər arasından hunlara məxsus olanlarını ayırmaq tamamilə qanunauyğun haldır. Hər halda IV-V əsrlərdə Şərqi Avropa ərazilərində geniş yayılan və əksər arxeoloqlar tərəfindən hun qəbirləri kimi qəbul olunan şimal səmtli dar sapma qəbirlərlə, II əsrdə Aşağı Volqaboyunda mövcud olan sapma qəbirlər arasında istər dəfnetmə adətində, istər qəbir abidələrinin qurulu­şunda, istərsə də maddi əşyalar arasındakı yaxınlıq hər iki dövrün eyni tip qəbir abidələrinin genetik əlaqəyə malik olmasını deməyə əsas verir. Həm də bu abidələrin arası kəsilmədən II əsrdən V-VI əsrlərədək mövcud olması tarixi varislik prinsipinə də uyğun gəlir.

Bunu da qeyd etmək lazımdır ki, arxeoloji ədəbiyyatda son sarmat dövründə meydana çıxan yeni əlamətlərdən biri də kəllələrin süni deformasiya olunması göstərilir [36, s.22; 38, s.133]. Aşağı Volqaboyun­da süni deformasiyaya uğradılmış ilk kəllələr e.ə. II minilliyin birinci yarısına aiddir (cəmi – 5 ədəd) [49, s.492]. Orta sarmat dövründə (e.ə. II əsr – e. II əsri) çox nadir hallarda bu cür kəllələrə (cəmi – 8 ədəd) rast gəlinmişdir [45, s.95]. Son sarmat dövründə isə bu adət geniş yayılır və hətta bütün Aşağı Volqaboyu kurqanlarından əldə edilmiş sarmat kəllələrinin 50 %-dən çoxunu, sapma qəbirlərdən əldə edilən kəllələrin 80 %-ə qədərini əhatə edir [38, s.133]. Arxeoloji ədəbiyyatda bu adətin Aşağı Volqaboyuna kənardan gəlmə olduğu qəbul olunmuşdur [19, s.292; 45, s.114, 116, 146, 147; 49, s.494]. Antropoloji materiallar əsasında sübut olunmuşdur ki, dairəvi deformasiya adəti Orta Asiyada hələ e.ə. I minilliyin ortalarından (e.ə. V-III əsrlərdə Fərqanədə, e.ə. V-IV əsrlərdə Türkmənistanda, e.ə. III-I əsrlərdə Qazaxıstanda) məlumdur [45, s.179-189; 46,184,189]. Göründüyü kimi, hunların Orta Asiyada meydana çıxmasından əvvəl sözü gedən ərazidə deformasiya adəti artıq mövcud idi. Lakin hər halda antropoloji məlumatlar bu adətin şərqdən qərbə doğru yayılmasını sübut edir [17, s.210; 24, s.88]. Ola bilsin ki, Orta Asiya ərazilərinə hərəkət edən hun tayfaları bu adəti e.ə. I əsr – e. I əsrində yerli əhalidən mənimsəmişlər [46, s.189]. Çünki istər Orta Asiya ərazisində, istərsə də Aşağı Volqaboyunun hunlara aid edilən qəbirlərin­dən tapılan kəllələr dairəvi deformasiya olunmuşdur [17, s.209, 210; 26, s.99]. Yazılı mənbələrdə biz bu adətin hunlara aid edilməsinə ilk olaraq V əsrin müəllifi Sidoniyalı Apollinarinin məlumatında rast gəlirik [2, s.420]. Hər halda antropoloq E.V.Jirov dairəvi deformasiya edilən kəllə­lərin aşkar edildiyi qəbirləri aşağıdakı xronoloji ardıcıllıqla düzür: 1) talas qəbirləri; 2) sarmat qəbirləri (Volqaboyu, Ukrayna, Şimali Qafqaz); 3) qot qəbirləri; 4) Şimali və Cənubi Qafqazın orta əsr, həmçinin Qərbi Avropanın bəzi erkən orta əsr qəbirləri [24, s.88]. Müəllif bu adətin yayılmasını hunların hərəkəti ilə bağlayır [24, s.88].

Aşağı Volqaboyunun sapma qəbirlərindən aşkar edilən digər antropoloji materiallar da bu abidələrin hunlara mənsub olmasını deməyə imkan verir. Belə ki, Aşağı Volqaboyundan son sarmat dövrünə aid edilən antropoloji materiallar Orta Asiyanın Kenkol və hunlara aid edilən digər qəbirlərini antropoloji materialları ilə xeyli oxşarlıq təşkil edir [45, s.147]. Q.F.Debets Aşağı Volqaboyunun son sarmat dövrünün kranioloji materialları arasında (xüsusilə Həştərxan qrupu – N.Z.) türk monqoloid irqi tipi ilə müqayisə edilə bilən materialların olduğunu qeyd edir və onların yerini Pamir-Alp sistemində müəyyən edir [22, s.71, 72]. V.V.Qinzburq da həmçinin Orta Asiya hunlarına aid edilən kranioloji materialları araşdıraraq onları Pamir-Alp tipinə aid edir və göstərir ki, bu tip Orta Asiyadan Cənub-Şərqi Avropa və Qafqaz vasitəsilə Mərkəzi Avropayadək yayılmışdır [17, s.210]. Fikrimizcə bu hun miqrasiyalarının marşrutuna uyğun gəlir. B.V.Firşteyn qeyd edir ki, Aşağı Volqaboyunda II-IV əsrlərdə ayrı-ayrı kəllələrdə monqoloid xüsusiyyətləri üstünlük təşkil edir [45, s.103]. Müəllif son sarmat dövrünün deformasiya olunan kəllələrini ümumilikdə avropoid irqinə aid etsə də, sifətin enli və hündür, onun orta hissəsi bucağının kiçik və orta ölçüdə olmasına görə bu kəllələrdə monqoloid qarışığının olduğunu qeyd edir [45, s.98]. Kəllələr­dən ikisi isə açıq-aşkar monqoloid əlamətlərinə malikdir və ümumiyyətlə B.V.Firşteyn belə nəticəyə gəlir ki, son sarmat dövründə kəllələrin 2%-i tam monqoloid, 10%-i isə qarışıq (yəni avropoid-monqoloid qarışığı – N.Z.) tipə aiddir [45, s.98].

Beləliklə antropoloji materiallar Aşağı Volqaboyunda ən geci II-IV əsrlərdə hun elementinin olmasından xəbər verir.

Aşağı Volqaboyunda son sarmat dövründəki maddi mədəniyyət əşyalarına gəlincə qeyd etmək lazımdır ki, arxeoloji ədəbiyatda bu əşya­ların istər Zabaykalye və Cənubi Sibir, istərsə də Orta Asiyanın hunlara aid edilən maddi mədəniyyət əşyaları ilə oxşarlığı haqqında kifayət qədər deyilmişdir [36, s.93; 41, s.80, 82]. Bu oxşarlıq saxsı və adi məişət əşyalarında, həmçinin silah və bər-bəzək əşyalarında özünü göstərir.

Yazılı mənbələr arxeoloji və antropoloji materialların məlumatla­rını təsdiq edir. Ümumiyyətlə arxeoloji materiallar kimi yazılı mənbələ­rin məlumatları da az olmasına baxmayaraq hər halda erkən hunların II-IV əsrlər arasında Ural, Volqa və Don çayları arasındakı miqrasiyalarını izləməyə imkan verir. Biz hunları Şərqi Avropada ilk dəfə xatırladan iki yunan müəllifinin məlumatları üzərində dayanmaq istərdik. Bunlar II əsrin yunan müəllifləri Klavdi Ptolemey və Dionisi Periegetdir. Özünün təqribən 160-cı ilə yaxın nəzmlə yazmış olduğu “Məskunlaşmış torpaqla­rın təsviri” əsərinin “Xəzər dənizinin təsviri” bölməsində Dionisi Perie­get Xəzər ətrafındakı tayfaları sadalayarkən hun tayfalarını Unnlar (0ΰννoi) adı altında Xəzər dənizinin şimal-qərb sahillərində yerləşdirir [1, s.185, 186] (bax, xəritə 1)* . Yunan coğrafiyaşünası Klavdi Ptolemey isə təqribən 175-182-ci illər arasında tərtib olunan “Coğrafi təlimnamə” əsərinin “Avropa Sarmatiyasında vəziyyət” adlanan V bölməsində yazır: “Meotidanın (Azov dənizi – N.Z.) bütün sahilləri boyunca yazıqlar və roksalanlar yaşayır… Basternlər və roksalanlar arasında Xunlar (Xoΰνoi) yaşayırlar” [1, s.232]. Göründüyü kimi Ptolemey hunları bastern və roksalan tayfalarının arasında yaşadığını qeyd edir. Antik ənənədə basternlər Qara dənizin şimalında lokalizə edilirlər (bax, xəritə 2)*. Roksalanlar isə adətən Dnepr və Don çayının arasında lokallaşdırılır [42, s.214]. Belə olan halda hunlar Azov dənizindən şimali-qərbdə, Qara dənizin şimal sahillərində yerləşmiş olurlar (bax, xəritə 2).

Beləliklə aydın olur ki, artıq II əsrin ikinci yarısında hunlar Volqa çayını qərbə tərəf keçmişdilər. Onların bir qrupu Xəzərin şimal-qərb sahillərində, Volqanın aşağı axarlarında, digər qrupu isə Qara dənizin şimal sahilləri və Dneprin sol sahilində məskunlaşmışdılar. Antik mənbələrdə hun ümumiləşdirici etnik adı altında xatırlanan bu tayfalar əslində kimlər idi?

Qədim yunan, latın, gürcü, erməni, bizans, suriya, ərəb və s. mənbələri araşdıran bir sıra tədqiqatçıların fikirlərinə əsasən qədim dövrlərdə Volqa ilə Don çayı arasında, habelə Şimali Qafqazda türkmən­şəli xəzərlər, sabirlər (savirlər), basililər (barsillər), tunqur (tunkar, tunsur) tayfaları yaşayırdılar [16, s.14, 61; 23, s.13, 35; 35, s.205; 37, s.41; 40, s.10, 11; 47, s.337 və s.]

Güman etmək olar ki, Dionisi tərəfindən xatırlanan və Xəzərin şimal-qərb sahillərində məskunlaşan hunlar türkmənşəli bulqarlar, sabirlər, basillər və xəzərlər, Ptolemeydə xatırlanan hunlar isə türkmən­şəli tunqur (tunkar, tunsur) tayfaları ola bilərlər [16, s.14, 61; 23, s.36].

Beləliklə də yuxarıda qeyd olunan arxeoloji, antropoloji və yazılı mənbələrin məlumatlarına əsasən aşağıdakı nəticələrə gəlmək mümkündür:

  1. Aşağı Volqaboyu regionunda ən geci II əsrdən başlayaraq əvvəlki mərhələlərdən fərqlənən yeni arxeoloji mədəniyyət formalaşır.
  2. Yeni formalaşan arxeoloji mədəniyyət əvvəlki, yəni sarmat tayfalarına məxsus arxeoloji mədəniyyətlə bəzi genetik və zahiri oxşarlıqlarına baxmayaraq hər halda Aşağı Volqaboyuna yeni etnik elementin gəlməsindən xəbər verir.
  3. Yeni arxeoloji mədəniyyətin arxeoloji və antropoloji materialları Zabaykalye və Orta Asiya hunlarının eyni materialları ilə istər genetik, istərsə də zahiri əlamətlərinə görə eyniyyət təşkil edir.
  4. II əsrin qədim yunan müəllifləri Dionisi Perieget və Klavdi Ptolemeyin əsərlərində ilk dəfə olaraq Şərqi Avropada Unnlar (0ΰννoi) və Xunlar (Xoΰνoi) formasında hunların adı xatırlanır.
  5. Nəhayət arxeoloji və antropoloji materiallar, həmçinin yazılı mənbələrin məlumatları bizə ən geci I əsrin sonu – II əsrin əvvəllərindən Aşağı Volqaboyunda türkmənşəli hun tayfalarının məskunlaşdığını deməyə və bəhs edilən dövrdə sözü gedən ərazidə meydana gəlmiş şimal istiqamətli dar sapma qəbirlərini bu tayfalara aid etməyə imkan verir.

MƏNBƏLƏR VƏ ƏDƏBIYYAT

  1. Əlibəyzadə E. Azərbaycan xalqının mənəvi mədəniyyəti (islama qədərki dövr). B., Gənclik, 1998, 524 səh.
  2. Hacıyev T.İ. Azərbaycan dilinin yazıyaqədərki izləri haqqında. Azərbaycan filologiyası məsələləri, B., Elm, 1983, səh. 24-34.
  3. Kazımov Q. Azərbaycan dilinin tarixi. B., Təhsil, 2003, 584 səh.
  4. Qeybullayev Q.A. Azərbaycan türklərinin təşəkkül tarixindən. B., Azərnəşr, 1994, 247 səh.
  5.  Məmmədov T.M. Qafqaz Albaniyası ilk orta əsrlərdə. B., Təhsil, 2006, 400 səh.
  6.  Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. B., Yazıçı, 1989, 496 səh.
  7. Latışev V.V. İzvestiə drevnix pisateley o Skifii i Kavkaze. SPb., Tipoqrafiə İmperatorskoy Akademii Nauk, 1883, t. 1, vıp. 1. Qreçeskie pisateli.
  8. Latışev V.V. İzvestiə drevnix pisateley o Skifii i Kavkaze. SPb., Tipoqrafiə İmperatorskoy Akademii Nauk, 1906, t. 2, vıp. 2. Latinskie pisateli.
  9. Materialı po istorii sönnu (po kitayskim istoçnikam). Predislovie, perevod i primeçaniə V.S. Taskina, M., «Nauka», 1968, vıp. 1, 175 str.
  10.  Abramova M.P. K voprosu ob alanskoy kulğture Severnoqo Kavkaza. Sovetskaə arxeoloqiə (SA), M., «Nauka», 1978, № 1, str. 72-82.
  11.  Akişev K.A., Kuşaev Q.A. Drevnəə kulğtura sakov i usuney dolinı reki İli. Alma-Ata, AN Kazaxskoy SSR, 1963, 282 str.
  12.  Aliev K.Q. K voprosu o qarqarax i territorii ix rasseleniə. Dokladı AN Azerb. SSR, B., 1981, № 1, str. 87-90
  13.  Bernştam A.N. Kenskolğskiy moqilğnik. L., Qos. Grmitaj, 1940, vıp. 2, 33 str.
  14.  Bernştam A.N. Oçerki istorii qunnov. L., LQU, 1951, 254 str.
  15.  Qadjieva N.Z. Törkoəzıçnıe arealı Kavkaza. M., «Nauka», 1979, 262 str.
  16.  Qadlo A.V. Gtniçeskaə istoriə Severnoqo Kavkaza IV–X v.v. L., LQU, 1979, 216 str.
  17.  Qinzburq V.V. Materialı k antropoloqii qunnov i sakov. Sovetskaə gtnoqrafiə (SG), M-L., AN SSSR, 1946, № 4, str. 207-210
  18.  Qinzburq V.V. Gtnoqenetiçeskie svəzi drevneqo naseleniə Stalinqradskoqo Zavoljğə. Materialı i issledovaniə. Arxeoloqiə SSSR (MİA SSSR), M., 1959, № 6, str. 524-594.
  19.  Qlazkov N.T., Çteüov V.R. Paleoantropoloqiçeskie materialı Nijnevoljskoqo otrəda Stalinqradskiy gkspediüii. MİA SSSR, M, 1960, № 78, str. 285-292.
  20.  Qolğmsten V.V. Arxeoloqiçeskie pamətniki Samarskoy qubernii. Trudı seküii arxeoloqii Rossiyskoy assoüiaüii nauçno- issledovatelğskix institutov obhestvennıx nauk, M., 1928, t. 4, str. 125-137.
  21.  Qumilёv L.N. Tısəçeletiə vokruq Kaspiə. B, Azerneşr, 1991, 201 str.
  22.  Debeü Q.F. Materialı po paleoantropoloqii SSSR (Nijnee Povoljğe). Antropoloqiçeskiy jurnal, M., Qosudarstvennoe izd-vo bioloqiçeskoy i mediüinskoy literaturı, 1936, № 1, str. 65-80.
  23.  Djafarov Ö.R. Qunnı i Azerbaydjan. B., Azerneşr, 1993, 108 str.
  24.  Jirov E.V. Ob iskusstvennoy deformaüii qolovı. Kratkie soobheniə o dokladax i polevıx issledovaniəx İnstituta istorii materialğnoy kulğturı (KSİİMK), M-L., AN SSSR, 1940, vıp. 8, str. 81-88.
  25.  Zadneprovskiy Ö.A. Arxeoloqiçeskie pamətniki öjnıx rayonov Oşskoy oblasti. Frunze, AN Kirqizskoy SSR, 1960, 173 str.
  26.  Zasetskaə İ.P. Qunnı v Nijnem Povoljğe. Mejvuz. cbornik, Saratov, SQU, 1986, str. 98-111.
  27.  Kirilov İ.İ. Verxoturov O.Q. Novıe neolitiçeskie moqilğniki iz Vostoçnoqo Zabaykalğə i ix znaçenie v opredelenii gtnokulğturnıx svəzey mestnıx plemёn. Drevnee Zabaykalğe i eqo kulğturnıe svəzi, Novosibirsk, «Nauka» Sibirskoe otd., 1985, str. 7-21.
  28.  Konovalov P.B. Xunnu v Zabaykalğe (poqrebalğnıe pamətniki). Ulan-Ude, Burətskoe knijnoe izd., 1976, 281 str.
  29.  Kuzneüov V.P. Alanskie plemena Severnoqo Kavkaza. MİA SSSR, M., 1962, № 106, 162 str.
  30.  Maksimova A.Q. Podboynıe zaxoroneniə sakskoqo vremeni. Sb. «Kulğtura drevnix skotovodov i zemledelğüev Kazaxstana», Alma-Ata, «Nauka» Kazaxskoy SSR, 1969, str. 136-145.
  31.  Marqulan A.X. Akişev K.A., Kadırbaev M.K., Orazbaev A.M. Drevnəə kulğtura Üentralğnoqo Kazaxstana. Alma-Ata, «Nauka» Kazaxskoy SSR, 1966, 434 str.
  32.  Martınov A.İ. Arxeoloqiə. M., «Vısşaə şkola», 2005, 447 str.
  33.  Neçaeva L.Q. Ob gtniçeskoy prinadlejnosti podboynıx i katakombnıx poqrebeniy sarmatskoqo vremeni v Nijnem Povoljğe i na Severnom Kavkaze. «İssledovaniə po arxeoloqii SSSR», sbornik statey v çestğ professora M.İ. Artamonova, L., LQU, 1961, str. 151-159.
  34.  Rıkov P.S. Oçerki po istorii Nijneqo Povoljğə (po arxeoloqiçeskim materialam). Saratov, Saratovskoe kraevoe izd., 1936, 152 str.
  35.  Seidov M. Nekotorıe zametki o qunsko-azerbaydjanskix svəzəx (na osnove gtimoloqiçeskoqo analiza slova kuar (quar). Sb. «Voprosı azerbaydjanskoqo əzıkoznaniə», B., AN Azerb. SSR, 1967, str. 205-216.
  36.  Siniüın İ.V. Arxeoloqiçeskie raskopki na territorii Nijneqo Povoljğə. Uçёnıe zapiski Saratovskoqo Qosudarstvennoqo Universiteta, Saratov, SQU, 1947, t. 17, vıp. istoriçeskiy, str. 3-133.
  37.  Sirotenko V.T. Osnovnıe teorii proisxojdeniə drevnix bulqar i pisğmennıe istoçniki IV-VII vv. Uçёnıe zapiski Permskoqo qosudarstvennoqo universiteta, Permğ, PQU, 1961, t. XX, vıp. 4, str. 3-14.
  38.  Skripkin A.S. Nijnee Povoljğe v pervıe veka naşey grı. Saratov, SQU, 1984, 149 str.
  39. Skripkin A.S. Problemı rasseleniə i gtniçeskoy istorii sarmatov Nijneqo Povoljğə i Don. Mejvuzskiy nauçnıy sbornik, Saratov, SQU, 1985, str. 82-96.

40. Smirnov A.P. Voljskie bulqarı. Trudı Qosudarstvennoqo İstoriçeskoqo Muzeə, M., İzd. Qos. İst. Muzeə, 1951, 275 str.

41. Smirnov K.F. Sarmatskie kurqannıe poqrebeniə v stepəx Povoljğə i Öjnoqo Priuralğə. Dokladı i soobheniə istoriçeskoqo fakulğteta MQU, M., MQU,1947, vıp.5, str.75-82.

42. Smirnov K.F. O poqrebeniəx roksalan. Vestnik drevney istorii, M., 1948, №1, str. 213-219.

  1.  Sorokin S.S. O datirovke i tolkovanii kenkolğskoqo moqilğnika. KSİİMK, M-L., AN SSSR, 1956, vıp. 64, str. 3-14.
  2.  Sosnovskiy Q.P. Raskopki İlğmovoy padi. SA, M., AN SSSR, 1946, №8, str. 51-56.
  3.  Tot T.A., Firşteyn B.V. Antropoloqiçeskie dannıe k voprosu o velikom pereselenii narodov. Avarı i sarmatı. L., «Nauka» Leninqr. otd., 1970, 201 str.
  4.  Trofimova Q.A. İzobrajeniə gftalitskix praviteley na monetax i obıçay iskusstvennoy deformaüii çerepa u naseleniə Sredney Azii v drevnosti. Sb. «İstoriə, arxeoloqiə i gtnoqrafiə Sredney Azii», M., «Nauka», 1968, str. 179-189.
  5.  Fёdorov Ə.N., Fёdorov Q.S. Rannie bulqarı na Severnom Kavkaze. Trudı Karaçaevo-Çerkesskoqo nauçno-issledovatelğskoqo instituta, Stavropolğ, Stavropolğskoe knijnoe izd., str. 336-372
  6.  Şelov D.B. Tanais i Nijniy Don. M., «Nauka», 1971, 349 str.
  7.  Şilov V.P. Kalinovskiy kurqannıy moqilğnik . MİA SSSR, M, 1959, № 60, str. 323-523.
  8.  Ösifov Ö.B. Kimmerı, skifı i saki v drevnem Azerbaydjane. Kavkazsko-blijnevostoçnıy sbornik, Tbilisi, «Meüniereba», 1988, str. 181-192.
  9.  Əmpolğskiy Z.İ. Drevnie svedeniə o törkax v zone Azerbaydjana. Uçёnıe zapiski Azerbaydjanskoqo Qosudarstvennoqo Universiteta, B., AQU, 1966, № 2, str. 62-64.

* Qeyd : Xəritələr www.turkicworld. org saytından götürülmüşdür.* Qeyd: Arxeoloji ədəbiyyatda sarmat mədəniyyəti üç əsas mərhələyə ayrılır:1. Erkən sarmat dövrü – e.ə. IV-II əsrlər; 2. Orta sarmat dövrü – e.ə.II-e. II əsri; 3. Son sarmat dövrü – II-IV əsrlər.


AZƏRBAYJAN MİLLİ ELMLƏR AKADEMİYASI

                                 TARİX  İNSTİTUTU 

ELMİ ƏSƏRLƏR

2008, 26ci cild

 

Leave a Reply


Fatal error: Call to a member function build_links() on null in /var/www/u0485828/data/www/gumilev-center.az/public_html/wp-content/themes/transcript/single.php on line 62