|

Qəbələnin etnik zənginliyi

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümummilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir.

Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələri əl-ələ, çiyin-çiyinə dostcasına, qardaşcasına yaşayırlar. Ölkənin bütün bölgələrinə səpələnərək yaşayan etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil edirlər. Tarixi proseslərin nəticəsi bir sıra xalqların məskunlaşmasında da özünü göstərib. Buna müvafiq olaraq bəzi etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində isə sıx halda məskunlaşıblar. Azərbaycan ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə olsa da, bu etnik zənginlik çaları özünü bəzi bölgələrdə, bəzi rayonlarda daha qabarıq şəkildə büruzə verir. Yəni, bəzi ərazi vahidlərimizdə etnik rəng özünü daha tünd çalarda göstərir, bəzi etnik qruplar, bəzi xalqlar bir sıra rayonlarda daha kompakt şəkildə yaşayırlar.

Etnik baxımdan zəngin bölgələrimizdən biri də Qəbələ rayonudur. Rayonun səfalı, füsunkar təbiəti ilə yanaşı onu səciyyələndirən başlıca amillərdən biri də burada bir çox etnosların, azsaylı xalqların tarixən məskunlaşmasıdır. Rayonun belə yaşayış məntəqələrindən biri də qədim və unikal tayfalardan olan udinlərin məskunlaşdığı Nic qəsəbəsidir. Nic qəsəbəsi Qəbələ rayonundan 40 km cənub-qərbdə yerləşir. Kənddə etnik qrup olan udinlər yaşayır. Əhalinin sayı 4000 nəfərə yaxındır. Udinlərə aid ilk məlumat hələ 2500 il bundan əvvəl verilib. Bu etnosun əcdadları olan utilər haqqında e.ə. V əsr yunan müəllifi Herodotun “Tarix” əsərində məlumat var. E.ə. I əsrdə yaşamış Strabonun “Coğrafiya” əsərində Xəzər dənizi və Qafqaz Albaniyası haqqında məlumatında utilərdən söhbət açılıb. Udi sözünə termin kimi ilk dəfə Böyük Plininin (l əsr) “Həqiqi tarix” əsərində rast gəlinir. Ptolomeyin (II əsr) “Coğrafiya” əsərində, Xəzər dənizinin ətrafında müxtəlif tayfaların, o cümlədən – udinlərin yaşadığı göstərir. Utilər Alban çarlığının yaranmasında mühüm rolu olan 26 alban tayfalarından biridir.

Utilər haqqında daha ətraflı Vlll əsrdə yaşamış Moisey Kalankatlunun “Alban tarixi” əsərində məlumat verilib. O, özünü uti tayfalarına aid edir. Tarixən Günəşə, Aya sitayiş edən udinlər IV əsrin əvvəllərində xristianlığı qəbul ediblər və bu günə kimi dinini saxlayıblar. 313-cü il udinlər tərəfindən xristianlığın qəbul edilməsi ili sayılır. Bu tarixdə alban çarı Urnayr xaç suyuna salınma adətini qəbul edib və xristianlıq Qafqaz Albaniyasının rəsmi dininə çevrilib. Qafqaz Albaniyasının əhalisinin xristianlaşma dövründən başlayaraq udinlər Alban kilsəsinə mənsubdur. Başqa xalqlar kimi, xristianlığı qəbul etdikdən sonra, udilər yeni xristian ayinlərlə bərabər köhnə adət və ənənələri qoruyub saxlayıblar. Məsələn, evlərdə sönməz ocaq saxlamaq atəşpərəstlikdən qalmış ənənədir. Udin xristianlar olduqca tez-tez dualarını Aya döndərirdilər və öz dinini saxlayan Qafqaz Albaniyasının yeganə xalqıdır.

Vll əsrdə ərəblərin Azərbaycanı işğal etdikdə və bütün ölkəni ərəb xilafətinə qatanda əhalinin böyük hissəsinə, o cümlədən utilərə islam dinini qəbul etdirirlər. Lakin onların bir hissəsi əvvəlki inamlarını saxlayırlar. Hələ VI əsrdə aftokefal alban kilsəsini güclə öz tabeliyinə cəlb etmək cəhdləri olub, Vll əsrdə ərəb xilafətinin icazəsi ilə erməni – qriqorian kilsəsinin tərkibinə daxil edilib. Alban katalikosunun qalmasına baxmayaraq, aktiv olaraq alban – xristianların etnik köklərinin dəyişdirilməsi və erməniləşdirilməsi siyasəti gedirdi. Nəticədə, Dağlıq Qarabağda onlar bütövlükdə öz dil və mədəniyyətlərini itirmiş oldular. Qəbələ və Oğuz ərazisində udilər öz adət – ənənələrini və dillərini (yazısız) qoruyub saxlaya biliblər. 1836-cı ildə rus pravoslav kilsəsi və rusiya idarəçiliyi alban katalikosunun taxtını və dəftərxanasını ləğv etdikdən sonra, udin – xristianlar erməni kilsəsinin tam təsiri altına düşürlər. Azərbaycanda islam dininin yayılması və türk dilinin inkişafı ilə əlaqədar, Azərbaycan xalqının uzunmüddət formalaşması ilə vahid – azərbaycanlı etnosu yaranıb.  Lakin udin – xristianlar bugünümüzə qədər etnik qrup kimi öz dillərini, maddi və mənəvi mədəniyyətlərini qoruyub saxlayıblar. Udinlər Azərbaycan xalqının qədim əcdadlarından biri hesab edilir. Udinlərin dili Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri özündə qoruyub saxlaya bilib. Udin dilinin əlifbası yoxdur.

Udin dilinin üç dialekti var: Oğuz, Nic, Oktomberi (Gürcüstanda kənd). Nic dialekti də öz növbəsində 3 hissəyə bölünür: aşağı, aralıq və yuxarı. Belə ehtimal var ki, bu hissələr özləri də Tovuz rayonu, Kirzan kəndi və Arsaxdan (Qarabağ, Seysulan kəndi, Həsənqala) olan müxtəlif udin qruplarına uyğun olaraq ayrı-ayrılıqda dialektdir. Bu tayfalar sonradan əsrlər boyu yaşadıqları ərazilərin ermənilərlə məskunlaşdırılması nəticəsində Nic və Oğuz ərazilərinə köçüblər. Udinlər Qafqaz Albaniyasının yaradıcısı olan 26 tayfadan biri olmaqla, həm də Qafqaz Albaniyasında başlıca rol oynayan tayfalardan biri idi.  Buna görə də Qafqaz Albaniyasının paytaxtları Qəbələ və Bərdə udinlərin tarixən yaşadığı yerlər olub.

Ölkəmizin bərabərhüquqlu digər vətəndaşları kimi udinlər öz dini bayramlarını, ənənəvi mərasimlərini sərbəst və geniş şəkildə qeyd edirlər. Qeyd edək ki, sovet dövründə udinlərə öz bayramlarını qeyd etmək qadağan olunub. Yalnız 2002-ci ildə əsaslı təmir və bərpa olunan Cotari məbədi udinlərin istifadəsinə verilib. Hazırda Nic qəsəbəsində 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdiyi 5-6 pir mövcuddur. Altı min əhalisi olan qəsəbənin təqribən 4 min nəfəri udindir. Onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

Xatırladaq ki, bu ilin mayında udinlər Nic qəsəbəsindəki Cotari alban kilsəsində təntənəli şəkildə Pasxa bayramlarını qeyd ediblər. Bayram mərasimində Alban-udin icmasının rəhbəri, kilsənin keşişi, və icmanın üzvləri çıxış edərək Pasxa bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb, bayram münasibətilə insanları təbrik ediblər. Kilsədə şamlar yandırılıb, dualar oxunub.

Udinlər bayramda bir daha rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nic kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər.

lll

Bütün bunlar göstərir ki, Tanrı Azərbaycan adlı bu məmləkətdən səxavətini və lütfünü əsirgəməyib, yeraltı və yerüstü sərvətlərlə yanaşı, bir ölkə ərazisində iç-içə qaynayaraq qarışan, bir respublikanın bərabərhüquqlu vətəndaşı kimi çiyin-çiyinə yaşayan dost xalqlar bəxş edib. Bu qiymətli bəxşişlərin qədrini bilmək, qorumaq hər birimizin mənəvi borcudur.

Sevinc MÜRVƏTQIZI

525-ci qezet

Leave a Reply


Fatal error: Call to a member function build_links() on null in /var/www/u0485828/data/www/gumilev-center.az/public_html/wp-content/themes/transcript/single.php on line 62