|

Lahıc nağıllı dünyam

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

mehbube kitablar«Etnoqlobus» 2008-ci ildən bəri Azərbaycanda yaşayan xalqların etnoqrafıyasına, mədəniyyətinə, dilinə dair yazılar dərc edir. Bu dəfə oxucularımıza lahıc əsilli azərbaycanlı Məhbubə Hacıyevanın müsahibəsini təqdim edirik.

Arayış: Məhbubə Cəfər qızı Hacıyeva 17 iyul 1958- ci ildə Bakı şəhərində anadan olmuş ,1975- ci ildə Bakı şəhəri, Suraxanı rayonu 226 saylı orta məktəbi bitirmiş,elə həmin ildə SSRİ –nın  50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olmuş, 1980- ci ildə həmin institutun  fransız-ingilis dilləri üzrə müəllim ixtisasını  bitirmişdir.Suraxanı rayonunun 79 saylı məktəbində fransız dili müəllimi kimi fəaliyyətə başlayıb.

Sonra isə  həmin məktəbdə təlim- tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır.   1998 – 2001- ci illərdə Belçikanın  “Sərhədsiz Həkimlər” təşkilatında çalışıb.

Pedaqoji fəaliyyətilə yanaşı   “Ədəbiyyat və İncəsənət”, “Azərbaycan”  qəzetlərində  publisistik məqalələrilə müntəzəm iştirak etmişdir. Bundan əlavə Azərbaycan Dövlət Radio və Televiziya verilişlərinin “İncəsənət” redaksiyasının ştatdankənar müxbiri kimi də fəaliyyət göstərmişdir.

5 kitab müəllifidir. Onlardan üçü oxuculara təqdim olunub, biri hal- hazırda nəşriyyatda çap olunur, digəri isə öz nəşrini gözləyir.

Ailəlidir. Iki oğlu var.

-Son illər sizin bir neçə kitabınız çapdan çıxıb. Onlar haqda məlumat verərdizmi?

İlk kitabım “
“ adlanır. Azərbaycanın gözəl guşələrindən biri olan Lahıc kəndinin etnoqrafiyasından bəhs edilir. Kitabda kəndin tarixi, coğrafiyası, dili, folkloru,flora, faunası, sənətkarlığı və müxtəlif sahələrdə öz sözünü demiş insanları haqqında danışılır.

İkinci kitabım Azərbaycanın tanınmış xalq rəssamı Səttar Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edən “Fələklər yandı ahimdən…” adlı romanımdır. Bu əsərdə rəssamın doğulduğu Əmircan kəndinin tarixi, o dövrün mühiti və tanınmış ziyalıları haqqında da məlumat verməyə çalışmışam. Çünki məqsədim əsərin qəhrəmanının hansı şəraitdə və harda doğulub boya- başa çatmasını oxuculara bildirməkdir. Kitabda Səttarın rənglər dünyası ilə yanaşı, onun iç dünyasını da tanıtdırmaq istədim. Onun nakam sevgisi, ətraf mühitin ona olan qısqanclığı və gözəlliklər yaradan gözəl ürəyi…

mehbube qizilgulNövbəti kitabım qəlbimizin ağır yarası olan Şuşa dərdindən bəhs edən “Məhəmməd bəy Kavaler” adlı romanımdır.Bu kitabda isə çoxlarının tanımadığı bir el qəhrəmanını üzə çıxarmaq və tanıtmaq istədim. Əsər XIX yüzillikdən bəhs etsə də bu günün aktuallığından xəbər verir. Məhəmməd bəy çar rus rejiminə və erməni zülmünə qarşı vuruşan bir qaçaqdır.Əsərdə Şuşanın tarixini verməklə yanaşı, Məhəmməd bəyin müasirlərini də oxuculara tanıtdırmağa çalışmışam. Natəvan xanım Xurşidbanunun acı taleyi, Qasım bəy Zakirin əzablı həyatı, Qaçaq Nəbinin dostluğu romanda geniş əks olunub. Biz keçmişimizi unutduqca gələcəyimizi itiririk. Əsas məramım özümüzünküləri gənclərimizə tanıtdırmaqdır. Belə qəhrəmanlarımız ola-ola yadları ideal seçənlərə heyrətlənirəm.

Digər kitabım “Qızılgül ətri” adlanır. Hal- hazırda İstanbulda nəşr olunmaqdadır. Tarixi romandır. Yenə Lahıc kəndinə müraciət etmişəm.Bir bəy ailəsinin başına gələn olaylardan  bəhs edir. Tarixin amansız qamçısı ilə dağılan bu ailənin başına gələnlərlə Azərbaycan xalqının gördüyü müsibətlər, bir — birinin ardınca dəyişən siyasi quruluşun altında əzilənlər əks olunur. Romanda bütün bu çirkinliklərlə yanaşı, əxlaqi dəyərlərimiz və mənəvi zənginliyimiz olan adət — ənənələrimiz və ülvi sevgi öz yerini tutur. Kitaba “Qızılgül ətri” romanı ilə yanaşı “Tikanlı məftillər” hekayəsini də salmışam. “Tikanlı məftillər” hekayəsi  ikiyə bölünmüş Azərbaycanın iki gəncinin nakam sevgisindən bəhs edir.

Sonuncu kitabım isə neft maqnatı, xeyriyyəçi Murtuza Muxtarovun həyatından bəhs edən “”Səadət”dən qopan qorxu” romanımdır. Hələ çap olunmayıb. Bu əsərdə də XIX yüzilliyin Bakısı, milyonçuların fəaliyyəti, onların tariximizdə və yaddaşımızda buraxdıqları izlər, tikdirdikləri nadir memarlıq inciləri sayılan, bu gün də Bakımızı bəzəyən binaların inşası ilə bağlı maraqlı faktlar qeyd olunub.

Murtuza Muxtarovun həyatı, dillərə dastan olmuş sevgisi əsərdə geniş yer tutur. M. Muxtarovla yanaşı, onun yaxın dostları olan H. Z. Tağıyev, M. Nağıyev, Ş. Əsədullayevin də məzəli söhbətləri, xeyriyyə işləri və həyat hekayələri oxuculara çatdırılıb.

Hələlik bu kitablarım oxucuların ixtiyarına verilir. Növbəti yazacağım mövzu nə olacaq, bilmirəm.

-Lahıclar  Azərbaycan coğrafiyasında nə vaxtdan yerləşib?

— Lahıc Azərbaycanın ayrılmaz bir hissəsidir və ən gözəl guşələrindən biridir. Vaxtilə  Girdiman dövlətinin  yaranması  barədə  məşhur  alban  tarixçisi  Musa Kalankaytuklu özünün “Aqvan tarixi” əsərində genış məlumat vermişdir. Belə ki, VI-VII əsrlərdə Mehranilər deyilən bir sülalə olubmuş. Bu sülalə   Girdiman dövlətini idarə edərdi. Girdiman çayının sahili Mehranilərin torpaqları sayılardı. Mehranilər İran şahı  II  Xosrovun qohumları idilər. Günlərin birində Xosrovla Mehranın arasında inciklik düşür. Mehran 30 min ailə ilə birlikdə Xosrovdan ayrılaraq albanlar ölkəsinə gəlir və xəzərlərə tərəf meyl edir. Sonra Girdiman çayının sol sahilinə çıxır və burada möhtəşəm Girdiman qalasını tikdirir, bu ərazidə öz torpaqlarını xeyli genişləndirir. Mehranilər burada öz hakimiyyətini möhkəmləndirərək, artıq Sasanilərin asılılığından çıxmağa çalışır. Keyxosrovun məzarı indi də Lahıc qəbristanlığındadır və mən ziyarət etmişəm.

Yəni verilən bu məlumatlara əsaslansaq, lahıclılar İrandan köçmədir. Mənim araşdırmama görə isə İranın Gilan vilayətində Lahican deyilən bir məskən var və onların danışıq dili ilə Lahıc kəndinin sakinlərinin danışığı eynidir. Lahican tərcümədə lahıclılar deməkdir, yəni Lahıcdan gələnlər. Həm də bizim Lahıcımızda olan sivilizasiya orda yoxdur.Belə çıxır ki, burden ora gediblər, ordan bura yox.

-Lahıc  dilinin, ədəbiyyatının hazırki durumu haqda nə deyə bilərsiz?

— Sizin bu sualınıza böyük təəssüf hissi keçirərək cavab verirəm. Hər bir xalqın mənəvi sərvətlərindən biri də onun dilidir və onu qorumağa borcludur.Bilirsinizmi, o dilin ki, əlifbası yoxdur və zaman keçdikcə bu dildə danışanların sayı azalırsa, demək, artıq bu dil ölü dillər qrupuna daxildir. Mən tələbə ikən Lahıca gedəndə hamı öz dilində, yəni lahıc dilində danışırdı. Hətta birinci sinfə gedən uşaqlar azərbaycan dilini başa düşmürdülər. İndi isə lahıc dilini eşitmək üçün yaşlı insanlarla ünsiyyətdə olmağa məcburam. Bu dilin itməsindən qorxuram. Vaxtilə tanınmış şərqşünas alimimiz rəhmətlik Əkrəm Cəfər lahıc dilinin leksikası və qrammatikasını, lüğətini işləmişdi. Təəssüf ki, ömür vəfa etmədi və onun bu əhəmiyyətli işi yarımçıq qaldı. Onun Vətən haqqında lahıc dilində yazdığı şeirdən bir parçanı sizə təqdim edirəm:mehbube SƏADƏT

                                    Löhij – Lahıc

İn Vətənmun vətənhona şohi,

           İnə misli, töyi ni vallohi.

Baru dinyo ye guşe cənnəti in

Xudo xalqa bemun kəroməti in.

İn Löhijmun gözəlhona gözəli,

Ki bsoxtan sozınd bemun paxılı.

Kuhoni, boğhoni, halam öhoni,

Ni bə dinyo Löhijmuna töhoni.

Tan zimustun girəşt, rasi nügə sol,

İmo dərmo ve xanda-xanda vasol.

Quröhonxun, parıstəkon imoran,

Bhəyəton  Löhij salom bdoran…

Bu şeirdə Əkrəm Cəfər Lahıcı tərənnüm edir. Bu isə mənim Lahıca həsr etdiyim şeirdir:

Zirvəsi ağ uca dağlar

Yol boyunca salamlayar.

Girdimanı coşub çağlar,

Yaz vaxtı gözəl Lahıcın.

~

Sərin sulu bulaq üstə

Yanağı al, boyu bəstə.

Güyümləri çiyni üstə

Qızları gözəl Lahıcın.

~

Hər igidi bir pəhləvan

Hörmət edər qoca, cavan.

Qismət ola, görrəm haçan

Hüsnünü gözəl Lahıcın!

mehbube foto2— Lahıc dilində bədii ədəbiyyat nümunələrini göstərə bilərsizmi?

Lahıc dili barəsində  bir maraqlı faktı qeyd etmək istərdim. Məşhur akademik,  milliyətcə alman olan  Vsevolod  Fyodoroviç  Müller 1908-ci ildə Peterburqdan Lahıca gəlib və bu yerin həyatını, xalqının mədəniyyətini, hətta  dilini belə öyrənmişdir. Ən maraqlısı budur ki, o bu yerin sakinlərinin folklorunu toplayıb olduğu kimi qələmə alıbmış.  V.F. Müller  Lahıcdan topladığı materiallar əsasında Peterburqda  “Bəhlül  Danəndənin 40 nağılı”nı çap etdirir. 1912-ci ildə nəşr olunan bu kitabda rəvayətlər hamısı lahıc dilində rus əlifbası ilə akademik transkripsiyada yazılmışdır.

Müasir şairlərdən Şahməmməd Dağlaroğlunun lahıc dilində şeirlər kitabı çap olunub. Şair Kamil Sərbəndinin də lahıc dilində gözəl şeirləri var.

-Son illər lahıclıların kompakt       yaşadığı yerlərdə etnoturizmin inkişafı bu etnosun qorunmasına necə xidmət edir?

— Lahıc şəhər tipli qəsəbədir və tarix boyu yüksək mədəniyyətə sahib bir yerdir. Təkcə kürəbəndinin (kanalizasiya sistemi) təxminən 1000 ilə yaxın yaşı var. Halbuki paytaxtımız Bakıda kanalizasiya sisteminin qurulma tarixi XIX yüzilliyə təsadüf edir. İndiki müasir avropa sayağı evlərdə olduğu kimi, Lahıcın XVIII- XIX əsrə aid qədim evlərində yataq otağında hamam olarmış.

Burda yaşayan insanlar keçmiş adət-ənənələrini qorumaqla yeniliyə can atırlar. Hələ 30-cu illərdə qolçomaqlığa qarşı   evləri tez-tez axtarardılar və bu evlərdən birindən nə çıxsa yaxşıdır? Pianino. Təsəvvür edin, o dövrdə atın güclə keçdiyi yollardan o pianinonu kəndə necə aparıblar.

Bilirsiniz ki, Lahıc misgərliyin vətənidir. Hələ XVIII – XIX yüzillikdə mis məmulatını əldə etmək üçün misgərlər Zaqafqaziya, Rusiya, İran, Türkiyəyə səfərlər edərmişlər və oralarda gördükləri mədəniyyəti öz kəndlərinə gətirirmişlər. 7 dağın əhatəsində, 7 hamam, 7 mədrəsə, 7 məscid, 7 bulaq və hər bulağın yanında bir çinar ağacı…

lahic kitabAzərbaycana şöhrət gətirmiş müxtəlif sahələrdə ilklər məhz Lahıcdan çıxmışdır. Məsələn: ilk qadın gəmi kapitanı Şövkət Səlimova,  ilk azərbaycanlı mülki  təyyarəçilərindən biri, Böyük Vətən müharibəsi iştirakçısı Məhəmmədəli Hacı Baxış oğlu Həsənov,məşhur astronomumuz, Mars planetinin səthindəki böyük kraterlərdən birinin adını daşıyan yeganə azərbaycanlı  alim Nadir İbrahimov…

Bakıdakı Opera teatrından sonra, opera tamaşaları göstərilən  ikinci teatr Lahıcda fəaliyyət göstəribdir. Lahıc eyni zamanda opera tamaşalarının  ən gözəl tərtibatının yeganə məskəni sayılıbdır.

Bütün bunları sadalamaqda məqsədim budur ki, lahıclılar öz etnosuna hörmətlə yanaşmaqla bərabər yeniliyə can atırlar. Hər il minlərlə xarici və yerli qonaqları qəbul etməklə bu insanlar öz ənənələrinə sadiq qalırlar.Əksinə bəlkə də öz mədəniyyətlərini gələnlərə aşılayırlar.

— Siz Əmircanda yaşamısınız və bu kəndə xüsusi sevginiz var. Ulularınızın Əmircana gəlişi barədə məlumatınız varmı?mehbube

— Atamın əsli Şəkidəndir, lakin özü Maştağada doğulub. Şəkini heç görməyib. Ailəsi 1936-37-ci illərdə Bülbüləyə köçüb , yəni atamın 6 yaşı olanda. Anam Lahıcda dünyaya göz açıb, bəy ailəsi olduğu üçün əmisini həbs ediblər və onlar da ailəliklə Bülbüləyə köçüblər. Biz də bu qəsəbədə doğulub boya-başa çatmışıq. Bizim evimiz Əmircanla Bülbülənin sərhəddində yerləşdiyi üçün hər iki qəsəbə bizim üçün doğmadır.

Əmircandakı uşaq bağçasına getmişəm, anam Əmircandakı tikiş fabrikində işləyərdi və məni də çox vaxt özü ilə aparardı. Əmircanda yerləşən 226 saylı orta məktəbdə təhsil almışam, çoxlu dostlarım, tanışlarım var. Bəli, mənim Əmircana sevgim böyükdür. Mən Səttar Bəhlulzadəni, Tofiq Bayramı, ədəbiyyat müəllimim Oqtay Rəfilini canlı görmüşəm, onlarla fəxr etmişəm. Abbasqulu ağa Bakıxanovdan həmişə fəxarətlə danışmışam.Murtuza Muxtarov isə mənim üçün ideal bir kişi obrazı olub.

—  Sizin kitablarınızda mənim ana babam İkinci Rus Çar Dumasının üzvü Zeynal Zeynalov haqda da yazılıb. Z.Zeynalovun siyasi və ictimai fəaliyyəti haqda sizin təəssüratlarınızı bilmək çox xoş olardı.

— Doğrudur. Mənim iki kitabımda “Fələklər yandı ahimdən…” və “”Səadət”dən qopan qorxu” romanlarımda Əmircan ziyalıları haqqında verdiyim məlumatlarda sizin babanız – ictimai xadim Zeynal Zeynalovu da xatırlatmaq istəmişəm. Çünki sizin babanız kimi insanlar harda xidmət etməklərindən asılı olmayaraq yenə millətin mənafeyini düşünüblər. Zeynal Zeynalov ikinci Rus Çar Dumasının üzvü olsa da millətin taleyinə biganə qalmayıb, yeri gələndə o, öz sözünü deməyi bacarıb. Çünki o, Vətən oğlu idi. Allah rəhmət eləsin.

Gülnara İnanc

Leave a Reply