|

İvan Serqeyeviç Krılovun 250 illik yubileyi münasibətilə

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

Dünya şöhrətli rus yazıçısı, dramaturqu, şairi və təmsilçisinin yubileyi münasibəti ilə

        “Böyük və qüdrətli rus xalqının ahəngdar, zəngin dili dodaqlarda səsləndikcə, Krılovun şöhrəti getdikcə daha geniş yayılacaqdır”.

“Krılov bizim ədəbiyyatımızın namusu, şərəfi və şöhrətidir”.

“Krılovun təmsillərində şeiriyyətdən başqa bir məziyyət daha vardır ki, şeiriyyətlə birlikdə, bu əsərlərin təmsil olduğunu unutdurur və onu böyük rus şairi edir: biz onun təmsillərindəki xəlqiliyi nəzərdə tuturuq”.

 “Krılov Rusiyada hələ heç kəsin ala bilmədiyi “xalq şairi” adına bütün yazıçılarımızdan artıq layiqdir; rus xalqı başdan-başa savadlandıqda, Krılov dərhal bu ada nail olacaqdır. Hələ bu azdır, Krılov başqa şairlərimiz üçün də xalqa doğru gedən yolu açacaqdır”.

                                                                                                V.Q.Belinski

“Krılovun poeziyası böyük rus ədəbiyyatının qiymətli tacında parlayan bir almazdır”.

                                                                                             D.Bednı  

         “Krılov heç kəsin etina etmədiyi, hamının köhnəlmiş və işdən düşmüş bir şey hesab etdiyi və hətta uşaq oyuncağı adlandırdığı bir formanı, yəni təmsili elə məharətlə yaratdı ki, “xalq şairi” adını qazandı…”.

                                                                                                   N.V.Qoqol

 “Elm insanın qəlbini işıqlandıran bir günəşdir, cəhalət, qaranlıq içərisində qalmış şəxs anadan gözsüz doğulan bir adamdan 100 dəfə artıq kordur… Homer kor idi, lakin o, hər şeyi görürdü…Kainatı ondan gizlədən qaranlıq pərdə onun qarşısında yırtılmışdı. Onun idrakı, hətta cəhənnəmin belə içinə daxil olmuşdu”.

                                                                     İvan Andreyeviç Krılov

75 il ömür sürmüş  qüdrətli rus sənətkarı, yazıçısı, şairi, dramaturqu, təmsilçisi İvan Andreyeviç Krılov  mütləqiyyət dünyasının  II Yekaterina, I Pavel, I Aleksandr və nəhayət,  I Nikolay kimi amansız hökmdarlarının çarlığını görmüş, Rusiyanın böyük oğullarının faciələr burulğanında çırpındıqlarının şahidi olmuşdur.

         Öz dövründə, Krılovun gözləri qarşısında Rusiyanın görkəmli adamları bir –birinin ardınca dünyaya əbədi göz yumurdu. Onun 33 yaşı tamam olanda məşhur inqilabçı- yazıçı “Peterburqdan Moskvaya səyahət”əsərinin müəllifi Aleksandr Radişşev intihar etmişdi. 1826-cı ildə inqilabçı şair Rıleyevə onun dekabrist yoldaşları Pestel, Bestujev – Ryumin, Kaxovski və Muravyev- Apostol edam olunmuşdu. Bundan üç il sonra Puşkin Qafqaz dağlarında məşhur “Ağıldan bəla” komediyasının müəllifi Qriboyedovun cənazəsi ilə rastlaşmışdı. Səkkiz il keçəndən sonra isə böyük şair Puşkinin özü öldürülmüşdü. Bu xəbərdən dəhşətə gəlib “Şairin ölümü” şeiri ilə ağalar dünyasının əzazil təbiətini atəşə tutan qüdrətli rus şairi Lermantov da dörd il sonra Puşkin kimi qatil gülləsinin qurbanı olmuşdu. O zaman Puşkinin dostu şair Vyazemski yazırdı: “Poeziyamızı çox dəqiq nişan alırlar…”.

         Bütün bunları müdrik nəzərlərlə görə -görə yaşayıb yaradan Krılov yazıçılıq, jurnalistlik fəaliyyəti ilə öz dövrünün haqsızlıqlarına qarşı çıxmaqdan, mütləqiyyətin iç üzünü göstərməkdən qorxmamış, insan təbiətindəki ümumbəşəri nöqsanları acı gülüşün ittihamına çəkən misilsiz əsərlərini yaratmışdır.

         Krılov poeziyasında rus xalqının zəngin mənəvi keyfiyyətləri, hər cür itaətkarlığa qarşı nifrəti, vətənə məhəbbəti böyük ehtirasla tərənnüm olunur. Öz qüvvətli sənəti ilə Krılov rus ədəbiyyatına olduqca dərin və müsbət bir təsir bağışlamışdır; Nekrasov, Saltıkov-Şedrin, Ostrovski, Demyan Bednı kimi böyük şair və yazıçılar ondan çox şey öyrənmişlər.

         Dünya ədəbiyyatında daha çox təmsilçi kimi özünəməxsus şöhrət qazanan Krılov, nisbətən gec, yəni 40 yaşlarında təmsil yazmağa başlamışdır. O, yaradıcılığının ilk dövrlərində başqa ədəbi şəkillərdən istifadə etmişdir. Krılov bir çox səhnə əsəri və rübabi şeirlər yazmışdır. Onun satirik məktubları, böyük hekayələri, oçerkləri və məqalələri xüsusilə əhəmiyyətlidir. Lakin Krılovun ədəbi irsinin zirvəsini təbii ki, təmsilləri təşkil edir.

Məlum olduğu kimi, təmsilin çox qədim bir tarixi vardır. Hələ eramızdan əvvəl Yunanıstanda yaşamış  Ezop nəsrlə təmsillər yazardı. Demək olar ki, bütün dünya ədəbiyyatını dolaşmış “Qarğa və tülkü” mövzusu ilk dəfə Ezop tərəfindən qələmə alınmışdır. XVIII əsrdə yaşamış məşhur fransız təmsilçisi Lafonten öz təmsillərini  “Geniş dünya səhnəsində baş verən yüzpərdəli komediya” adlandırmışdır.

Azərbaycan ədəbiyyatında da təmsilin qədim keçmişi vardır.Bu janrdan hələ XII əsrdə xalqımızın müdrik və mütəfəkkir övladı, dahi şairimiz Nizami Gəncəvi istifadə etmişdir.Şair “Xəmsə”sindəki mənzum hekayələrində dikbaş hökmdarların rəzalətlərini, haqsız və ədalətsiz hərəkətlərini cəsarətlə söyləmiş, həqiqəti, namuslu əməyi böyük bir məhəbbətlə tərənnüm etmişdir. Bu baxımdan “Sirlər xəzinəsi”ndəki “Nuşirəvan və bayquşların söhbəti”, “Ovçu və tülkü dastanı”, “Meyvəsatanla tülkünün nağlı”, “Bülbül və Qızıl quşun dastanı” kimi mənzum hekayələrdə hakim siniflər tənqid və ifşa edilmiş, kəndli və sənətkarlar, zəhmətkeş insanlar müdafiə olunmuşdur.Bu cür əsərlər xalq içərisində yayılmış, xalq yaradıcılığı ilə qaynayıb qarışmış, müxtəlif variantlarda yaşamışdır.

Təmsil yalnız nəsihət və əxlaq dərsi vermək üçün deyil, yüksək estetik tələblərə cavab verən, geniş oxucu kütlələrini əhatə edən tutarlı poetik janrdır.Xüsusi ədəbi forma kimi təmsilin vətəni qədim Şərqdir. Ən qədim zamanlardan başlayaraq Hindistanda, Yaxın və Orta Şərqdə (məsələn, “Pançatantra”, “Kəlilə və Dimnə”), qədim yunanlarda və romalılarda da təmsilin nümunələri olmuşdur. İran şairlərindən Sədi və Cəlaləddin Rumi kimi təmsilçi sənətkarların əsərləri bizə çox tanışdır. Ezopun, Lafontenin və Roma təmsilçisi Fedrin əsərləri də həmin vaxtlar Rusiyada yaxşı məlum idi.

         Bu dahilərin təmsillərində təsadüf olunan süjetlərə, müdrik fikirlərə İran, Azərbaycan, habelə digər Şərq ədəbiyyatlarında da tez-tez rast gəlmək olur. Atalar sözləri və məsəllərlə, müdrik kəlamlar və nəsihətamiz düşüncələrlə boy atan, zənginləşən, təkmilləşən təmsilin inkişafında bir çox xalqların və milli mədəniyyətlərin rolu və xidməti danılmazdır.

         Qeyd etdiyim ki, Krılov XVIII əsrdə həm dramaturq, həm nasir, həm də şair kimi fəaliyyət göstərmişdir.Çoxşaxəli yaradıcılıq təcrübəsinə arxalanaraq, İvan Andreyeviç ədəbi fəaliyyətə yeni formada – təmsilçi kimi qayıtmışdır. XVIII əsrdə təmsil rus ədəbiyyatında ən populyar janrlardan biri idi.Buna A.Kantemirin, V.Trediakovskinin, A.Sumarokovun, M.Lomonosovun, Q.Derjavinin, A.İzmaylovun, V.Maykovun, İ.Xemnitserin, A.Mazdorfun və xüsusilə  İ.Dmitriyevin əsərləri səbəb olmuşdu. Ancaq onlardan heç biri, hətta sayca Krılovdan daha çox təmsil yazan Sumarokovun ( o, 378 təmsil yazmışdır) da şöhrəti belə uzun müddət yaşaya bilməmişdi.Lakin Krılov  təmsili ən yüksək inkişaf mərəhələsinə qaldırdı.Onun təmsilləri həm məzmun, həm də bədiilik baxımdan misilsiz sənət nümunələri idi.

Təmsil Krılovdan qabaq rus ədəbiyyatına daxil olub işlənməyə başlayanda  bir sıra rus yazıçıları bu ədəbi janra vüsət verməyə çalışmışsalar da,  rus həyat şəraitində təmsilə yeni və milli ruh verən, onu qədim təmsillərin tərcüməsi yolundan ayırıb orijinal və ədəbi mübarizə silahına çevirən məhz Krılov olmuşdur. Özünəqədərki təmsilin dünya ədəbiyyatında keçdiyi zəngin inkişaf yolunu dərindən öyrənən və bu təcrübədən novator sənətkar kimi istifadə edən Krılovun təmsil yaradıcılığı rus ədəbiyyatında Qriboyedov, Puşkin, Qoqol, Nekrasov kimi şair və yazıçıların  realizm və xəlqilik yolunu işıqlandırmışdır.

Təmsilçinin əsərlərində kəskin, acı gülüş və kəskin satira ilə birlikdə müsbət xalq görüşləri və qayələri də əks etdirilmişdir. Krılov oxucuya vətənə məhəbbət, doğruluq, əliaçıqlıq, xeyirxahlıq, xalqın xeyrinə olaraq əməyə, istedada, ağıllı fəaliyyətə yüksək hörmət kimi xüsusiyyətləri aşılayır. Bu isə bizim zəmanəmizdə belə Krılov təmsillərinin böyük tərbiyəvi əhəmiyyətini artırır. Qoqol böyük təmsilçi haqqında danışarkən demişdir: “Onun təmsilləri xalqın malıdır və xalqın hikmət kitabından ibarətdir… Onun kitabından hamı, dövlətdə müxtəlif rütbə tutan adamların hamısı dərs ala bilərlər”.

Bu dərslərin başlıca cəhəti gözüaçıqlıq və şəraitlə hesablaşıb mühakimə yürütmək qabiliyyətindən, realistlikdən ibarətdir. Krılov beynəlmiləl təmsil növünə parlaq milli bir rəng verə bildi, tərcümə etdiyi əsərlərə belə silinməz rus təsiri və bu əsərlər üzərində rus həyatının izlərini qoydu. Qoqol ona valeh olub yazmışdı: “Onun hər bir əsərində Rusiyaya rast gəlmək olur və Rusiyanın qoxusu gəlir”.

         İvan Andreyeviç Krılov 1769-cu il fevralın 13-də Moskvada  hərbçi ailəsində anadan olmuşdur.

Ədibin  atası Andrey Proxoroviç Krılov 1751-ci ildə adi soldatlıqdan başlayaraq, uzun illər pisar, praporşik, poruçik vəzifələrində çalışmış, 1772-ci ildə yalnız kapitan rütbəsi ala bilmiş və Orenburqa köçürülmüşdü.

1772-ci ildə  Puqaçov öz dəstəsi ilə Yaisk şəhərinə hücum etdikdə və qalanı mühasirəyə aldıqda,  Andrey Proxoroviç orada qarnizon komandiri idi. O öz vəzifəsini sədaqətlə yerinə yetirib, polkovnik Simonovla birlikdə qalanı müdafiə etməyə and içmişdi. Vəziyyət son dərəcə ağır idi. Qalanın tək çölündə deyil, içində də düşmən vardı. Kapitan Krılov mühasirədən çıxmağa cəhd göstərsə də, onunla gedən kazaklar Puqaçovun tərəfinə keçdilər. Andrey Krılov qarnizona bel bağlaya bilmədi. Qalada aclıq başlayanda, vəziyyət daha da ağırlaşdı. Hətta iş o yerə çatdı ki, at əti də tapılmadı, insanlar dəri çeynəməyə və torpaq yeməyə başladılar. Simonov və  Krılov andlarının üstündə möhkəm durub qalanı təslim etmədilər. Onlar öz hərbi borclarına sadiq qalaraq başqaları kimi qiyamçıların tərəfinə keçmədikləri və inadkarlıqla şəhəri müdafiə etdikləri üçün Puqaçovun şiddətli qəzəbinə səbəb oldular.

         A.S.Puşkin “Puqaçov üsyanının tarixi” adlı əsərində bu barədə yazırdı: “Puqaçov dil-dodağını gəmirirdi.O, yalnız Simonovu və Krılovu asmağa deyil, Krılovun o zaman Orenburqda olan bütün ailəsini də asmağa and içmişdi. Demək, gələcəyin məşhur Krılovu hələ 4 yaşlı körpə ikən ölümə məhkum edilmişdi”.

         A.P.Krılovun arvadı mümkün olduqca ərindən ayrılmaz, hətta müharibələrdə belə onunla bir yerdə olardı.Lakin 1772-ci ildə vəziyyət kəskin ağırlaşdığı zaman o, ərindən ayrılıb, nisbətən sakit olan Orenburqa gedərkən yolda bir təhlükə ilə qarşılaşır, 3 yaşlı Krılovu dibçəkdə gizlədərək, xilas edə bilir.

         Puqaçov üsyanı yatırıldıqdan sonra bir çoxları təltif olunub, mükafat və  ənamlar alsa da, A.P.Krılov hakimiyyət başında duranların “mərhəmətini” qazana bilmədiyi üşün “yaddan çıxarılır”. Buna görə də o, ölümündən bir neçə il əvvəl, yəni 1775-ci ildə hərbi xidmətdən tamamilə əl çəkir və Tver şəhərində xırda məmur vəzifəsinə keçir.

         1778-ci ildə atası oldüyü zaman Krılovun 9 yaşı yenicə tamam olmuşdu. Onsuz da ağır həyat keçirən ailə çıxılmaz bir vəziyyətə düşmüşdü. Anası Mariya Alekseyevna çariçaya ərizə yazıb ərinin xidmətləri müqabilində kömək istəsə də, bu müraciət nəticəsiz qaldı. Uşaqlıqdan başlayaraq, İvan Andreyeviç fırtınalı, keşməkeşli bir acı həyatla üz-üzə gəldi, ehtiyac və yoxsulluğun bütün əzab və bəlalarını gördü.

         Atası həyatdan köçərkən miras olaraq ailəsinə yalnız bircə sandıq kitab qoymuşdu. İki uşaq və bir anadan ibarət olan ailə ehtiyac və səfalətin ağır məngənəsində həyatla çarpışırdı. Bütün qayğılar, dərdlər ananın üzərinə düşmüşdü. Mariya Alekseyevna savadsız olsa da, çox ağıllı və müdrik, sadə və zəhmətkeş qadın idi. O, varlı adamların evlərində işləyər, balalarını dolandırardı. Həyatın çətinlikləri qarşısında özünü itirməyən bu qadın övladlarının gələcəyi naminə gecə-gündüz çalışar, əlindən gələni əsirgəməzdi. O, yaxşı başa düşürdü ki, övladları təhsil almalıdır. Ana, ailənin kasıb dolanmağına baxmayaraq, İvanın təhsil almasına imkan yaradır. Krılov sonralar sevimli anasını böyük sevgi və ehtiramla yad edər və deyərdi: “Heç bir təhsili olmasa da, o, xilqətən ağıllı və yüksək dərəcədə xeyirxah bir təbiətə malik sadə bir qadın idi”.

         Mariya Alekseyevna ərindən qalan köhnə kitabları səliqəyə saldıqca oğlunu mütaliəyə sövq edərdi.Beləliklə, balaca İvanda kitaba qarşı o qədər məhəbbət yaranır ki, sonralar o, bütün ömrü boyu mütaliəsiz yaşaya bilmir.O, atasının yadigarı olan kitablarla bərabər, hər cür dini və tarixi kitabları həvəslə oxuyur.

         Atasının vəfatından sonra ailənin maddi ehtiyaclarına kömək etmək məqsədi ilə İvan uşaq yaşlarından vaxtilə atasının işlədiyi şəhər idarəsində işə düzəlir və ayda cüzi olaraq, üç manat əmək haqqı alır. O, burada boş vaxtlarını kitab oxumağa sərf edir.

         1782-ci ildə İvan Andreyeviç anası və kiçik qardaşı ilə Peterburqa gəlir. Burada o, tez bir zamanda şəhərin ədəbi mühitinə, xüsusilə teatr mühitinə alışır.Həmin dövrdə yüngül xarakterli məişət komediyaları dəbdə idi.Fonvizinin “Ağılsız övlad” adlı komediyası ilk dəfə tamaşaya qoyulmuş, Peterburq və Moskva səhnələrində Ablesimovun “Dəyirmançı, sehrbaz, aldadıcı və elçi qadın” adlı komik operası böyük müvəffəqiyyətlə nümayiş etdirilirdi. Bütün bunlar Krılovun diqqətindən yan ötmür.

         İ.A.Krılov 1784-cü ildə özünün ilk əsəri olan “Falçı qadın” komediyasını yazır.Bu komediyasında Krılov, təhkimçilik üsul-idarəsinin hökm sürdüyü dövrdə mülkədar bir qadının zalımlığı, məzlum kəndlilərlə vəhşi, zülümkar rəftarı təsvir edilir.

         15 yaşlı Krılov öz əsərini bir nəşriyyat sahibinə satır və ilk ədəbi qonararına Rasin, Kornel, Bualo və Molyerin kitablarını alır.

         Krılov bir müddət sonra “Kleopatra” və “Filomela” adlı iki faciəsini yazıb o dövrün məşhur aktyoru İ.A.Dmitrevskiyə verir. Dmitrevski klassizmin güclü təsiri altında yazılan hər iki faciəni kəskin tənqid edir.

         Faciə yazmaqda uğur qazana bilməyən gənc yazıçı yenə məzhəkə yazmağa davam edir. 1786-1787-ci illərdə  Krılov “Quduz ailə”, “Məddah şair” və “Dəcəllər” adlı komediyalarını yazır. Bu əsərlərin nisbətən müvəffəqiyyətli çıxmasına şairin satirik istedadı çox kömək edir. Yazıçı-şair bu komediyalarda mülkədar ailələrindəki əxlaqı, yarıtmaz qayda-qanunları, haqsızlıqları, oyunbazlıqları, riyakar məddahları kəskin ifşa edir.

Krılov öz komediyalarında dvoryan əxlaq və mənəviyyatının pozulduğunu açıq-aydın göstərirdi. “Məddah şair”də surətlərdən biri xanım Novomodova yalançı, riyakar və əxlaqsız bir qadındır.Onun aşnalarının sayı-hesabı yoxdur.O, öz aşnalarını qarışdırmamaq və onlarla görüş saatlarını yadından çıxarmamaq üçün xüsusi qeyd dəftərçəsi saxlayır. Burada yaltaq, ikiüzlü, riyakar və şeiri pul qazanmaq alətinə çevirən Rifmoxvat adlı şair, başıboş və pulpərəst Qraf məhz həyatdan alınmış simalardır. Qraf Novomodovanı almaq istəyir. Lakin qulluqçu Dariya bilməməzlikdən Rifmoxvatın şeir dəftərçəsi yerinə, Novomodaovanın aşnalarının adı və görüş saatları yazılmış dəftəri Qrafa verir. Beləliklə də iş pozulur, Qraf əxlaqsız Novomodovanı buraxıb gedir.

Öz sevgilisi Novomodovadan şübhələnən Qrafla onun nökəri arasındakı dialoqa diqqət edək:

Qraf:

         -…Bilirsənmi Andrey, mən sevgilimdən şübhələnməyə başlayıram.

         Andrey:

         -Nə üçün, möhtərəm cənab?! Mənə elə gəlir ki, o, sədaqətli xanımdır.

         -Elədir, elədir; bizim zəmanədə ona sədaqətli demək olar. Mənim əzizim, sən bilirsənmi bizim zəmanədə sədaqətli qadın dedikdə, nə başa düşürlər?

         Andrey:

         -Qətiyyən bilmirəm, möhtərəm cənab!

         Qraf:

         -İndiki zəmanədə hər dəfə ancaq bircə aşna ilə kifayətlənən, eyni zamanda iki aşnası olmayan qadına sədaqətli qadın deyilir. Bu sədaqətli qadınlar yeni aşna tapmayınca, köhnəsindən əl çəkmirlər…

         Mənəviyyatını, tərbiyəsini, əqidəsini itirmiş belə xanım və ağaların nəzərində hər bir şey alınıb-satıla bilər: namus da, vicdan da, heysiyyat da, sənət də.Hər şey, hər şey yalnız bir-birini aldatmaq, bir-birindən bir azca artıq qoparmaq vasitəsidir.

         İvan Andreyeviç “Məddah şair”də o zamankı rəsmi mühit və çarizmin başında oturan adamların sənətə olan münasibətini, sənət və ədəbiyyat adamlarının acınacaqlı vəziyyətini də ustalıqla qələmə almışdır. Eyni zamanda burada böyük Krılov ideyasız, xalqın “gözünə kül üfürən”, satqın və yalançı şairciyəzləri də möhkəmcə qırmanclayır. Ancaq “harın böyüklər” qarşısında əriyən, mülkədarlıq və təhkimçiliyi mədh edən o zamanın mürtəce ədəbiyyatçıları ilə onun arasındakı mübarizə olduqca kəskin olmuşdur. Krılov onları öz qələmi, öz satirası, öz təmsillərinin atəşi ilə məhv etməyi qərara almışdı.

         Krılovun teatrla əlaqəsi getdikcə möhkəmlənir. O, teatr üçün fransız dilindən komediyalar tərcümə edir və özünün “Amerikalılar” adlı əsərini yazır. Lakin ədibin min bir həvəslə teatrla qurduğu əlaqələr pozulur. “Dəcəllər” adlı komediyasında İvan Andreyeviç, şair Knyajninə və onun simasında bütün fransız klassizmi düşkünlərinə ciddi iradlarla yanaşır.Nəzirəçiliyin, iqtibasın və fransız dramaturqlarından kortəbii istifadənin əleyhinə çıxır, dramdan milli rus həyat və məişətinin təsvirini tələb edir.          Krılov yalnız bu komediyasında deyil, başqa komediyalarında da hakim dvoryan ədəbi üslubunu, onun riyakarcasına məddahlığını, fransız ədəbiyyatı qarşısındakı köləliyini, real rus həyatından, xalq məişətindən uzaqlaşmasını şiddətli tənqid edirdi.O, ədəbiyyata mübarizə meydanı kimi baxır, dvoryan estetikasını rədd edirdi. Bu mübarizədə isə Krılov güclü düşmənlərlə üz-üzə gəlməli olurdu. Dövrün adlı-sanlı, nüfuzlu, sarayla əlaqəsi olan kübar yazıçılarla çəkişmək asan deyildi. Krılov cəsarətli bir tənqidçi olsa da, hələ çox gənc idi, tanınmamışdı. “Dəcəllər” komediyasını yazanda, cəmi 19 yaşı vardı. Buna görə də onun tənqidi çıxışları müxtəlif vasitələrlə boğulurdu.Əsərlərini qəsdən səhnəyə qoymurdular.Tanınmış adamlar Peterburq Teatrının müdiri P.A.Soymonova təsir göstərir və o da Krılovun əsərlərini teatra yaxın qoymurdu.

O, Soymonovla dalaşır və teatrın qapıları gənc Krılovun üzünə bağlanır. Bu, coşqun həvəslə işə başlayan Krılova ağır zərbə olsa da, teatrdan ayrıldığına görə ruhdan düşmür, öz qələmçini başqa ədəbi janrlarda  sınayır.

1788-1789-cu illərdə Raxmaninovun “Səhər saatları” jurnalında Krılovun “Səhər” adlı odası və “Utancaq qumarbaz”, “Qumarbazın taleyi”, “Tovuz quşu və bülbül”, “Bəxtsiz qonaq” adlı təmsilləri çap olunur. Lakin bu təmsillərdə böyük şairin təmsilçilik istedadı hələ özünü göstərə bilmir.

Xatirələrdə deyilir ki, İvan Andreyeviç tez-tez bazara, küçə və meydançalara gedər, böyük maraq və həvəslə oradakı söhbətləri dinləyərdi.İvan burada “qara camaat” və “balaca adamlar”ın söhbət və danışıqlarında  eşitdiyi dərin mənalı xalq ifadələri, nağıllar və məsəlləri yadında saxlayardı. Krılov getdikcə çoxsaylı mütaliələri, genişmiqyaslı dərin müşahidələri  hesabına  rus xalq dilini yaxşı öyrənə bildi.O, rus xalq məsəllərini, atalar sözlərini yerli-yerində bacarıqla işlədirdi.

         1788-ci ildə şairin çox sevdiyi anası Mariya Alekseyevna vəfat edir. Anasının vəfatı Krılova ağır zərbə vurur. Lakin dünyasını dəyişən ana, həmin vaxtlarda artıq ailənin qayğılarını azaltmışdı. Krılovun kiçik qardaşı da işləyirdi.

         1789-cu ildə Krılov “Cinlər poçtası” adlı satirik xarakterli bir jurnal nəşr edir. Bu jurnalın adı 1769-cu ildə yazıçı F.Eminin nəşr etdirdiyi “Cəhənnəm poçtası” adlı satirik vərəqəyə bənzədilmişdi.

Müasirlərinin qeydinə görə, “Cinlər poçtası” jurnalı XVIII əsrin sonundakı rus dvoryan cəmiyyətinin əxlaq və tərbiyəsini, xarakter və həyatını əks etdirən bir növ ensiklopediya olmuşdur. Jurnalda demək olar ki, yalnız 20 yaşlı gənc Krılovun əsərləri çap olunurdu.O, buradakı məqalə, oçerk və novellalarında çarizmə, mülkədarlara, rus tacirlərinə hücum edir, fransız adət-ənənlərini yamsılayan, milli qürur hissini itirən “aristokratlar”ı lağa qoyub, ələ salırdı.

Krılovun jurnalı öz quruluşu etibarı ilə 48 məktubdan ibarətdi. Bu məktubları yerdə, göydə və suda yaşayan müxtəlif cinlər ərəb sehrbazı Məlikülmülkə yazmışlar.Məktublardan yalnız biri filosof Empedokldan,ikisi isə Məlikülmülkün özündən cavab təriqilə yazılmışdır.Məktubları yazan cinlər hər yerə girə bildikləri və gözə görünmədikləri üçün həyatı olduğu kimi görə bilir və gördükləri haqqında öz fikirlərini məktublarda yazırdılar.

Bu bədii üsul ilə Krılov öz jurnalında çarizmin bütün dövlət quruluşunu tənqid atəşinə tutur, çarizmə qulluq edənlərin mədəniyyətsizliyini və pozğunluğunu, məmurların xəyanət və satqınlığını cəsarətlə tənqid və ifşa edirdi.

Bir tərəfdən irticanın güclənməsi, bir tərəfdən də maddi çətinliklər jurnalın bağlanmasına səbəb olur. Jurnal bağlandıqdan sonra Krılov Orlovski quberniyasının Bryansk şəhərinə gedir. 1791-ci ildə Krılov yenidən Peterburqa qayıdır.Yazıçı A.İ.Kluşin, aktyor və yazıçılardan Dmitrevski və Plavilşikovla birlikdə xüsusi mətbəə yaradırlar. “Krılov və yoldaşları” adlanan bu mətbəədə müxtəlif kitablar və afişalar çap olunur.

         1792-ci ildə “Krılov və yoldaşları”  “Tamaşaçı” adlı yeni satirik jurnal nəşr etməyə başlayır. Jurnalın istiqaməti aydın idi. O, milli rus mədəniyyətini, rus vətənpərvərliyini müdafiə etməklə, təhkimçiliyin mənfurluğunu açıb göstərirdi. “Tamaşaçı” eyni zamanda Qərb ənənələri qarşısında səcdə edənləri də ifşa edirdi. Krılovun ən yaxşı satirik əsərlərindən olan “Qaib” povesti, “Babamın xatirinə ithaf edilən mədhiyyə” oçerki “Tamaşaçı”da çap olunmuşdur.

         Fəaliyyəti 11 ay davam edən bu jurnal da bağlanır. 1793-cü ildə Krılov Kluşinlə birlikdə nəşr etdiyi “Sankt-Peterburq Merkurisi” jurnalının da ömrü bircə il olur.

         “Cinlər poçtası”, “Tamaşaçı” və  “Sankt-Peterburq Merkurisi” ndə çap olunan oçerk, məqalə, povest və müxtəlif cinlər, şeytanların adından nəql edilən uydurma məktublar Krılovun satirik nəsr əsərlərini təşkil edir.

         Qeyd etdiyim kimi, “Cinlər poçtası”ndakı satirik əsərlər  qnom Zor, silfa Dalnovid, qnom Buriston adlı cinlərlə sehrbaz və cadugar Məlikülmülk arasındakı məktublaşmalardan ibarətdir.

         Jurnalın “başlangıc”ında  İvan Andreyeviç yağışlı, küləkli bir gün təsvir edir. “Belə bir gündə mən alicənab Pustolobun yanından qayıdırdım.Mən bir iş üçün 8 aydır ki, onun yanına gedib-gəlirəm. Bu müddətdə o, 115 dəfə böyük bir nəzakətlə mənə demişdir ki, onun yanına sabah zəhmət çəkib gəlim. Əlbəttə, bir söz ki, bir kübarın ağzından 115 dəfə çıxdı, o sözün qiyməti böyük və əzizdir”.

         O, əsəbi və bədgüman halda “əyanın” yanından qayıdarkən yağış və küləkdən qorunmaq üçün heç bir yer tapmadıqda, bir neçə xaraba qalmış taxta ev görür və onlardan birisinə daxil olur.Lakin bəzi fikirlər onu yenə də rahat buraxmır: “Belə də şey olar, hər gün sənə və mənim kimi yoxsullara  “Get, sabah gəl, get, sabah gəl” deməklə, bəzi adamlar özünə var, dövlət düzəltsin, gözəl ev və zəngin süfrəyə  sahib olsun? Hələ onlar “Get, sabah gəl” deməklə boynumuza böyük bir minnət qoyduqlarını da düşünsünlər?!. Yox, yox, mən bir də o cənabın qapısında gedib boynumu burmayacağam!..

         Cinlər, şeytanlarla oturub-durmaq belə adamların qapısına getməkdən daha yaxşıdır!..

         -Əlbəttə, — deyə, bir səs gəldi,- əlbəttə, sən ağıllı-başlı mənə xidmət etməyə söz versən, görərsən ki, cadugarlar və cinlər deyildiyi qədər də xain deyildir… Sən heç bir cin-şeytanın bir iş üçün 115 dəfə “Sabah gəl” dediyini eşitməzsən…”.

         İvan Andreyteviç Krılovun “Tamaşaçı” jurnalında dərc olunan ən yaxşı satiralarından biri də “Qaib” adlı Şərq əfsanəsidir. Bu əfsanəvi hekayədə ədib eyham və kinayə ilə çarizmin istibdadını və saray əyanlarının yaltaqlığını sərt bir şəkildə tənqid edir.

         Qaib şahın sarayını Krılov belə təsvir edir:

         “Şöhrəti bütün dünyanı tutmuş Qaib şahın otaqları şəkillərlə zinətlənmişdi. Qaib alimləri öz sarayına buraxmasa da, onların şəkilləri ilə öz otaqlarını bəzəyə bilirdi. Doğrudur, Qaibin şairləri çox yoxsul idilər, amma Qaib onları yaxşı paltarda çəkməyi tapşırmışdı, çünki o, elmə böyük rövnəq verməyə çalışırdı. Həqiqətən də Qaibin məmləkətində elə bir şair yox idi ki, o, öz şəklinə baxdıqda qibtə etməmiş olsun…

         Bəzi otaqlarda qızıl zəncirlə bağlanmış meymunlar atılıb düşür və adamı görəndə elə mehribanlıqla əyilib təzim edirdilər ki, ən qoca vəzirlər belə onları təqlid etməyə çalışırdılar və hətta bəzən korafəhm olduqları üçün meymunların uydurmalarını öz adlarına çıxırdılar. Qəfəslərdə Tutu- quşu min bir nazla oxuyurdu, bəlağət və fəsahətdə heç bir akademik onlara tay ola bilməzdi.Halbuki Qaib şahın akademiyası bütün dünyada birinci hesab olunurdu, çünki heç bir yerdə bu qədər dazbaş adam yox idi… Onu da qeyd etmək lazımdır ki, Qaib divana (vəkillər məclisinə) məsləhət etməmiş heç bir işə şüru etməzdi. Amma Qaib şah çox sülhpərvər bir adam olduğundan mübahisəyə yol verməmək üçün həmişə öz nitqini bu sözlərlə başlardı: “Cənablar! Mən filan şeyi filan cürə etmək istəyirəm: etirazı olan sərbəstcə bəyan edə bilər və mən də dərhal onun ayaqlarına beş yüz camış damarı çəkdirərəm, ondan sonra təklifini müzakirə edərik”.

         Belə gözəl müqəddimələrlə şah həmişə özü ilə məclis arasında mükəmməl bir saziş yaradırdı. Qaib şah çox ağıllı bir adam idi; həmişə on nəfər divanənəin arasında bir nəfər dana (yəni ağıllı) oturardı. O, deyərdi ki, ağıllılar şama bənzəyirlər, nə qədər az olsalar, bir o qədər işıqları yaxşı olar, çox olsalar, yanğın əmələ gələ bilər. Bir də deyərdi ki, nizam-intizamı mühafizə etmək üçün ağıllı adamlara olduğu qədər dəli-divanələrə də ehtiyacın vardır. Bu səbəbdən də xəlifənin məclisində dəli bol idi…

         Hekayədə belə bir yer də vardır:

         Xəlifə Qaib sentimentalistlərin yazdığı şeirləri və hekayələri oxuyub kənd həyatının bir cənnət, kəndlilərin isə bir mələk olduğunu yəqin edir.Ona elə gəlir ki, kənddə çobandan daha xoşbəxt bir adam yoxdur, guya çoban öz sevgilisi ilə gözəl və məsud bir həyat sürür. Qaibin hətta könlündən keçir ki, əgər mən xəlifə olmasaydım, məmnuniyyətlə çoban olardım.

         Qaib bir gün səfərə çıxır və yolda xoşbəxt çobanlara rast gəlməyə tələsir.

         “Paytaxtdan xeyli uzaqlaşmışdı ki, Qaib birdən çöldə bir qoyun sürüsü gördü. “Ya Məhəmməd, — deyə sevindi, — mən axtardığımı tapdım!”. Yoldan kənara çıxdı və gözəl zəmanənin şərbətindən içib sərməst olan o xoşbəxt insanı görmək istədi.Xəlifə bir çeşmə başına gəldi, çünki bilirdi ki, çobanlar saf çeşmə suyunu çox xoşlayırlar. Doğrudan da bir az keçməmiş, axar suyun kənarında qapqara qaralmış, kirli, palçıqlı bir məxluq gördü. Xəlifə bunun bir insan olduğuna şübhə etdi, lakin sonra yalın ayaqlarına, saqqalına baxıb, insan olduğuna inandı.Xəlifə ondan soruşdu: “Dostum, de görüm, bu sürünün xoşbəxt çobanı haradadır?”.

         Kişi əlindəki quru çörəyi arxın suyunda isladıb cavab verdi ki: “O, mənəm!”. Qaib:- “Sən çobansan? – deyə təəccüb etdi. – Elə olanda, sən yaxşı tütək çala bilirsən?” – “Bəlkə də çala bilirəm. Ancaq acqarına çalmaq hardan yadıma düşür?” – “Heç olmasa, sənin gözəl bir sevgilin vardır, yoxsul həyatına bir təsəlli olur. Mən təəccüb edirəm, niyə sevgilin yanında yoxdur?” – “O, şəhərə bir şələ odun və axırıncı toyuğumuzu aparıb ki, satsın və pal-paltar alsın, qışın şaxtasında donub ölməyək”. – “Elə ona görə də sizin həyatınıza qibtə etməmək olmaz”. – “Bəli, acından ölmək, soyuqdan donmaq istəyən adam bizə baxarkən qibtədən çatlar”.

         Xəlifə cavab verdi:

         -Etiraf etməliyəm ki, ekloqlara və idilliyalara çox inanırdım.Şair düz deyirmiş ki, rəssamlar kətan ilə necə rəftar edirlərsə, şairlər də insanlarla elə rəftar edirlər.

         O, çobana baxaraq, davam etdi: “Ancaq bu cür pis və yaramaz bir kətanı belə bəzəmək doğrudan da insafsızlıqdır.Yox, indi artıq özümə söz verirəm ki, bir də mədhiyyəçi şairlərimizin sözünə inanmayacağam və sevimli müsəlmanlarımın xoşbəxtliyini onların təsvirinə görə təyin etməyəcəyəm”.

         Öz kəskinliyi etibarı ilə Krılovun bu Şərq hekayəsi Azərbaycan nəsrində görkəmli yer tutan “Aldanmış kəvakib” əsərini xatırladır.Doğrudur, Mirzə Fətəli Axundzadə öz satirasında köhnə üsul-idarəni ifşa etməklə bərabər, Yusif Sərracın simasında və onun fəaliyyətində öz müsbət siyasi fikirlərini də ifadə edir, Krılov isə yalnız istibdad və mütləqiyyəti ifşa etməklə kifayətlənir. Bu böyük rus yazıçısının satirası obyektiv olaraq istibdada vurulan möhkəm bir zərbə xarakteri daşıyır.

“Cinlər poçtası”nda belə bir əhvalat da nəql olunur:

“Tacir Plutorezovun evində ziyafətdir, süfrə başında oturan qonaqlar ev sahibinin oğlundan, onun gələcəkdə özünə nə kimi bir vəzifə və qulluq seçəcəyindən danışırlar. Bir çoxu hərbi qulluğu tərifləyir.Hakim Tixokradov söhbətə qarışır və gülə-gülə deyir: “Məhkəmədə hakim vəzifəsində çalışmaq mənə on min manat qazanc vermişdir; işə girəndə bir qəpiyim də yox idi. Elə bircə bundan hesabınızı götürüb etiraf edin ki, qələm qılıncdan daha mənfəətlidir… Mülki xidmətdə olan adam da tacir kimi öz malını arşınla və ya girvənkə ilə məlum bir qiymətə satır, məmur isə ədaləti satdıqda öz ağlı ilə iş görür və işin keçəcəyinə baxıb qiymət təyin edir”.

         Başqa bir məktubda Krılov eyni fikri davam etdirir: “Kim çox oğurlayırsa, onun hörmət və ehtiramı daha artıq olur. Vay o adamın halına ki, bir qədər insafı ola: bir alma oğurlayanın başı gedə bilər, milyonları oğurlayan isə şan və şöhrət sahibi ola bilər”.

         Oğurluq vasitəsilə hörmət və nüfuz qazanmış bir vəzifə sahibini İvan Andreyeviç belə təsvir edir:

         “Zalın qapıları açıldı, içəriyə qiymətli paltar geyinmiş bir cənab daxil oldu; bütün hakimlər yerlərindən qalxıb ona oturmağa yer göstərdilər… “Bu kimdir?”- deyə qoca kişi qonşusundan soruşdu. Qonşusu onun qulağına pıçıldadı ki: “Bu, bir nəfər canidir, dövlət xəzinəsindən bir neçə milyon qızıl və gümüş oğurlayıb və böyük bir mahalı çalıb-çapıb… Məhkəmə onu təmizə çıxartdı. Bircə milyon xərci çıxdı. İndi də camaat yanında təmizə çıxmaq üçün yetim uşaqların nəfinə xeyli pul ianə edir…”.

         “Cinlər poçtası” jurnalının belə cəsarətli və kəskin tənqidi , bu cür qəzəbli hücumu bir çoxlarına, xüsusilə hökumət dairələrindəkilərə xoş gəlmirdi.

         1794-cü ildə Krılov Peterburqu tərk edir. O, Rusiyanın müxtəlif yerlərində, xüsusilə I Pavel tərəfindən Peterburqdan sürgün edilmiş knyaz S.Qolitsının ailəsində (Qolitsın gah Saratovda, gah da Kiyevdə yaşayırdı) yaşayır və ona şəxsi katiblik edir.

1800-cü ildə Krılov “Trumf”, yaxud “Podşipa” adlı komediyasını yazır.Bu komediyada o, 1796-cı ildə II Yekaterinanın ölümündən sonra taxta çıxmış I Pavelə və onun Prussiya cinsli kütbaş soldatlarına gülürdü.Əsər Prusiya hərbçiliyinə və onun vəhşi hal almış soldat məşqlərinə qarşı çevrilmişdi. O zaman bütün Rusiya, bütün rus xalqı və rus soldatları Almaniyadan gətirilən və rus ordusunu Prusiya üsuluna “öyrədən” alman zabit və generallarına nifrət edirdi.Buna görə də Krılovun müasirləri axmaq və kobud Trumfun simasında həm bu alman zabit və generallarını, həm də onların başçısı olan Pavelin özünü görmüşdülər.Komediya ilk dəfə knyaz Qolitsinin malikanəsində tamaşaya qoyulmuş və Krılov özü Trumf rolunda çıxış etmişdi.Bundan sonra əsər qadağan edilmiş və yalnız 1859-cu ildə ilk dəfə çap olunmuşdu.

Alman şahzadəsi Trumf olduqca kobud, vəhşi təbiətli olub, təntənəli, dəbdəbəli, pafoslu dildə danışan bir tipdir.O, faciələrdə olan yüksək şeir dili ilə, çox ötkəmliklə danışır. Lakin əsərin baş qəhrəmanı olan Slyunyay pəltəkdir. Trumf rus sözlərini eybəcər hala salmadan bir kəlmə tələffüz edə bilmir. Buna görə də faciələrə məxsus olan yüksək şeir onların ifadəsində olduqca gülünc hala düşür və öz mahiyyətini itirir.Nəticədə faciələrə xas olan şeir komik bir təsir buraxır və gülüş oyadır. Beləliklə, “Trumf” düşdüyü əcaib şəkli etibarı ilə yalançı klassik faciələrə kəskin bir istehza idi. Krılov bu cür faciə yaradanlara ölümcül bir zərbə endirmişdi.

Dahilər doğru deyiblər ki, elmsiz və dərin tədqiqata əsaslanmayan bir ədəbiyyatın böyük ədəbiyyat olacağına inanmaq olmaz. Şair və yazıçı üçün gəzmək, dolanmaq, duymaq, anlamaq, oxumaq və öyrənmək böyük şərtdir. Yeni tələblərə cavab vermək və müasir mövzulardan yazmaq üçün yalnız ilham və istedad kifayət deyildir. Bədii yaradıcılıq elə bir zəhmət və mübarizə, elə bir təfəkkür tərzidir ki, orada insan öz qüvvəsini, fikir və hisslərini gərginləşdirir, daim axtarır, öyrənir, tədqiq edir və yaradır. Yaradıcılıq zəhməti olmadan sənət yaranmaz, çünki sənət daim zəhmət, arasıkəsilməz axtarış deməkdir. Bütün dövrlərin və bütün sənətkarların təcrübəsi göstərir ki, zəkanın, təfəkkürün dərindən iştirakı olmadan, böyük əmək sərf edilmədən sənət əsərləri yaranmamış və yarana da bilməz. Bu fikirlər böyük və zəhmətkeş Krilova da aiddir.

         1801-ci ildə I Pavel öldürüldükdən sonra taxta I Aleksandr çıxır.O, knyaz Qolitsını Riqanın general-qubernatoru təyin edir. Krılov da knyazın şəxsi katibi kimi onunla birlikdə Riqaya gəlir. İki il burada qaldıqdan sonra, 1806-cı ilə qədər yenidən Rusiyanın müxtəlif yerlərini gəzməyə başlayır.Bu səyahət yazıçıya çox şey aşılayır. O, rus həyatını hərtərəfli müşahidə edir, ayrı-ayrı insanların, zəhmətkeş xalq kütlələrinin həyat tərzini, ruhunu, dilini, adət və ənənələrini dərindən öyrənir ki, bütün bunlar dahiyana təmsillərin yaranmasında ona çox kömək edir. Lakin onu da qeyd edim ki, Peterburqa qayıdandan sonra Krılov  “Moda dükanı” və “Qızlara nəsihət” adlı iki komediya yazır və bu komediyalar səhnədə böyük müvəffəqiyyətlər qazanır.

Digər tanınmış rus yazıçı və şairlərinin də əsərlərindən məlum olduğu kimi, o zamanlar rus dvoryanlığı kor-koranə əcnəbi adət və ənənələrini təqlid edir, xaricilərə xas olan hər şeydən məmnun olur və rus mədəniyyəti, rus həyatı, rus adət və ənənələrində nümunəvi, parlaq xüsusiyyətləri görə bilmir və ya görmək istəmirdilər. Rus xalqının qüdrətli və qeyrətli oğulları belə bir vəziyyətlə heç cür razılaşa bilmirdilər. Onlar doğma xalqın adət və ənənələrini, onun əxlaq və görüşlərini, böyük mədəniyyət və sənətini tükənməz bir məhəbbətlə sevir, yaradıcı qüdrətinə inanırdılar. Dvoryanların əcnəbi adət və ənənələrinə qul kimi səcdə etməsi onları qəzəbləndirirdi. Bu qəzəbin təbii ifadəsi olaraq Krılov da həmin  realist komediyalarını yaratdı.

Dəb əsiri, ifrat geyimlərin aludəçisi olan dvoryan qız və qadınları, oğlan və kişiləri nəinki xarici adət və ənənələri təqlid edir, hətta çit parçanı da əcnəbidən almağı, əcnəbi dükanına getməyi şərəf bilirlər.

“Moda dükanı”nda rus dilini eybəcər hala salıb rus sözlərini gülünc tələffüz edən madam Kars və müsyö Trişe oxucuya Trumf və Slyunyanı xatırladan real surətlərdir. 1806-cı ildə bir müəllif “Litsey”də çap etdirdiyi resenziyasında yazırdı: “Elə adındanca bu komediyanın nə qədər gülməli olacağını təyin etmək mümkündür. Müəllif o qədər komik vəziyyətlər yaratmışdır ki, bütün pyes boyu özünü gülməkdən saxlaya bilmirsən. Bir sözlə, xarakterlər çox gözəldir. Pyes təmiz rus dilində yazılmış və tərbiyəvi əhəmiyyətə malikdir”.

Krılovun müasirləri əsərin və orada olan surətlərin reallığını, həqiqətə uyğunluğu və orijinallığını xüsusi olaraq qeyd edirdilər.Rusiya şairi və tərcüməçisi, akademik Mixail Yevstafeviç Lobanovun yazdıqlarından: “Moda dükanı” əsl orijinal komediyadır. Burada heç bir təqlid və oxşatmaya rast gəlmək olmaz. O, Krılovun böyük komik istedadını sübut etməklə, ədəbiyyatımızın görkəmli səhnə əsərləri içərisində özünəlayiq yer tutur”.

Krılov “Qızlara nəsihət”i də yüksək sənətkarlıqla yazmış və “Moda dükanı” ilə eyni mövzuya toxunmuşdur. Əsərdəki qəhrəmanlardan biri deyir: “… Nə qədər ki, madam Qriqrinin başınıza doldurduğu zir-zibili çıxarıb atmamışsınız, burada, bu kənddə iki il də, üç il də, on il də qalacağam… Nə qədər ki, siz adı rusca olmayan hər şeyə valehsiniz və bu adəti tərgitməmişsiniz, o qədər mən də buradan getməyəcəyəm.Nə qədər ki, siz axmaqcasına lovğalanaraq rus dilini eşitdikdə üz-gözünüzü turşudursunuz, o qədər mən də burada qalacağam…”.

Fransızları yamsılayan rus dvoryanlarından bəhs edən hər iki komediya 40 ildən artıq bir müddətdə səhnədən çıxmamışdı. Krılov bu əsərlərində rus xalqının milli dəyərlərinin, rus varlığının, rus mədəniyyətinin, rus dilinin səmimi və mübariz müdafiəçisi kimi çıxış edir.

         1809-cu ildə Krılov Peterburq Ümumi Kitabxanasının direktoru yazıçı və rəssam A.İ.Oleninlə dostlaşır. İvan Andreyeviç kitabxanada xidmətə girir və 30 il orada çalışır.

         İvan Andreyeviçin yaradıcılığında lirik şeirlərin özünəməxsus yeri vardır. Onun lirik şeirləri içərisində diqqəti cəlb edən əsərlərdən biri  “Dostum A.İ.K.-ya” adlı şeir-məktubdur.Bu şeir-məktubu şair öz dostu Kluşinə yazmışdır. Şəxsi dostluq məktubu şəklində yazılmış bu şeir zarafat-kinayə üslubunda idi. Həmin vaxt yeni olan bu janr sonralar Karamzin və başqa şairlər tərəfindən geniş surətdə tətbiq olundu.

         Krılov öz şeir-məktublarında çox vaxt dinc və təmiz kənd həyatını pozulmuş və boğucu şəhər həyatına qarşı qoyurdu. “Kənddən dönüş”, “Tənhalıq” kimi şeirlərində Krılov sadə kənd həyatını məhəbbətlə təsvir  edirdi.

         Şairin lirik şeirləri içərisində fəlsəfi mahiyyət kəsb edən əsərlər də var. “Ehtirasların faydası haqqında məktub”, “Arzuların faydası haqqında məktub” şeirləri belə əsərlərdəndir.

         1811-ci ildə xalq şairi kimi şöhrəti hər yana yayılmış Krılovu  Rusiya Akademiyasına üzv seçirlər. 1812-ci ildə Napoleonun hücumuna qarşı vətənpərvərlik ruhunda bir neçə təmsil yazdığı üçün mükafat olaraq şairə xüsusi təqaüd kəsilir.

         İllər ötdükcə, şairin biri-birindən maraqlı, oxunaqlı, dərin fəlsəfi və mənəvi məzmunlu yeni-yeni təmsilləri çap olunur və hər bir təmsil də maraqlı bir hadisə kimi qarşılanır. Şairin hələ sağlığında onun təmsilləri bütün dərsliklərə düşür və hamı əzbər bilir. “Krılov baba” adı demək olar ki, ölkənin hər yerində məşhur olur.

1806-çı ildən sonra yazdığı iki yüzə qədər mənalı, rəngarəng təmsil Krılovun dahiliyini bir daha sübut edir. İlk baxışda alleqoriya donu geydirilmiş müraciətlərin arxasında, heyvanların və bitkilərin adı altında Krılov insanların həyat və məişətindəki nöqsanları göstərmək, onları aradan qaldırmaq kimi nəcib bir ideala xidmət edir.

1808-ci ildə Krılov “Dram xəbərləri” adlı jurnalın fəaliyyətində iştirak edir ki, bu jurnal da onun yaradıcılığının təbliğində az iş görməmişdir.

Təmsil Krılovun əsas mübarizə silahı idi. “Xalqın hikmət kitabı” olan təmsilləri ilə Krılov, yalnız öz dövrü və öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün qiymətlidir. Onun təmsilləri Azərbaycan xalqı üçün illərdən bəri zəngin bədii və tərbiyəvi bir mənbə olmuşdur.

Görkəmli Rusiya filoloqu, akademik Yakov Karloviç Qrot doğru olaraq qeyd etmişdir: “Krılovun təmsilləri onun ilk əsərləri ilə min bir bağla bağlıdır, onun sonrakı nailiyyətlərinin sirrini ancaq burada tapmaq mümkündür. Krılovun təmsilçiliyini ancaq başqa satirik əsərlərinin köməyi ilə izah etmək olar”.

Nəsihətamiz satiranın məna və xüsusiyyətindən danışarkən İ.A.Krılov yazırdı: “Nəsihət, insanları öz vəzifələrini yerinə yetirməyə şövqləndirməkdən başqa bir şey deyildir; əgər insanlar hər dəqiqə namus və sədaqət qaydalarını pozmaq təhlükəsi qarşısında durmasaydılar, o zaman nəsihətə heç ehtiyac olmazdı…Lakin nəsihət təntənəli və ibarəli cümlə  və ifadələrdən ibarət olmamalıdır; qısa sözlərlə məsələnin mahiyyəti izah olunmalıdır. Bəzən insanlar azır və pis yola düşürlər.Buna səbəb onların necə rəftar və hərəkət etmək qaydalarını yaddan çıxarmalarıdır; insanların hafizəsinə daha dərindən təsir etsin deyə, xeyirli işlərin əsas qaydalarını ən qısa bir şəkildə ifadə edən adamları da bəşər nəslinin xeyirxahları sırasına daxil etmək lazımdır”.

Bu sözləri deyəndən bir neçə il sonra İvan Andreyeviç təmsilçiliyi özünə əsas bir peşə qəbul edərək, tam 30 il davam etdirdi. Krılov bu sahədə böyük fitri istedada malik bir sənətkar kimi tanındı, təmsilin klassik nümunələrini yaratdı. Yüksək şeiriyyət, xəlqilik, hamının asanlıqla qavraya biləcəyi məna aydınlığı, kəskin satira, incə eyham bu təmsillərin əsas keyfiyyətləridir. İlk təmsil kitabçasını Krılov 1809-cu ildə nəşr etdirir,  sonra tələsmədən, rus ədəbiyyatının bu incilərini bir-birinin ardınca cəmləşdirərək, həyatının sonunadək ümumilikdə 197 təmsildən ibarət daha səkkiz  toplu buraxır. Hətta  Krılov özü də şübhə etmirdi ki, onun ilk təmsil kitabı  elə bir qapı olacaq ki, onun arxasında yüzillərin dumanlığında itib-batan ölümsüzlük yolu başlanacaqdır.

         Heç də təsadüfi deyildir ki, böyük təmsilçinin qardaşı Lev Andreyeviç Krılov 1823-cü ildə artıq qüdrətli sənətkar kimi tanınmış İvan Andreyeviç Krılova yazırdı: “Sənin təmsillərini savadı olan hər bir kəndli və əsgər eyni zövqlə oxuya bilər. Əzizim, sən necə də yazırsan, — bu, hamı üçün – balaca və böyüklər üçün, alim və adi adamlar üçündür. Hamı da səni alqışlayır”.

         Yaşadığı dövrün elə bir mühüm hadisəsi olmayıb ki, Krılov ona bir təmsil həsr edib münasibətini bildirməsin. Məsələn, 1810-cu il yanvarın 1-də I Aleksandrın dövründə Dövlət Şurası yaradılır.Bu Şura 4 departamentdən ibarət olur. Lopuxin, Arakçeyev, Zavadovski və Mordvinovdan ibarət çar çinovnikləri hərəsi bir departamentin başına qoyulur. Deyilənlərə görə, onların arasında harada və necə oturmaq, kimin hansı yer tutması ətrafında uzun çəkişmələr yaranır, hətta bir neçə dəfə yerlərini də dəyişirlər, lakin buna baxmayaraq, mübahisələr yenə kəsilmir. Dövlət işləri isə yaddan çıxıb qalır. Krılovun məşhur “Sazandələr” təmsili bu hadisəyə həsr olunur. Abbas Səhhət tərəfindən gözəl tərcümə olunan bu təmsil yəqinki çoxlarının xatirindədir:

         Dəcəl meymun, çolaq ayı, çəp keçi

         Bir ulağa yoldaş oldu hər üçü

         Dörd səslicə bir musiqi nəğməsi

         Çalmağa həm ahəng oldu cümləsi…

         Təbiiki bu musiqi dəstəsinin çalğısından bir şey çıxmayacaqdı. Krılov dərhal həmin departament əhvalatını xatırladan canlı boyalar və real, obyektiv cizgilərlə təmsili canlandırır. Dövrün oxucusu dərhal başa düşür ki, bu, nəyə işarədir. Dövlət Şurasında departament sədrləri yer üstündə dava etdiyi kimi, burada da ayı, meymun, keçi və ulaq hey yerlərini dəyişirlər ki, bir hava çala bilsinlər. Lakin bir şey çıxmadığını gördükdə, bülbülə müraciət edib oturmağın təhərini onlara öyrətməyi xahiş edirlər:

         Bülbül dedi: bunlar ilə kar aşmaz,

         Bu baş, qulaq, kamançaya yaraşmaz!

         Musiqi… Bir zövq istəyir bu sənət,

         Bir də gərək elmilə qabiliyyət…

         Sizdə ki, yoxdur bunlardan bir əsər

         Boş yerə zəhmət çəkməyin müxtəsər.

         Dövlət Şurasındakı nifaq və çəkişməyə  böyük ustad “Balıq, ördək və xərçəng” təmsilində də toxunmuşdur. Necə deyərlər, “həmahəng” olmuş üç heyvan nə qədər əlləşirsə, yüklü bir arabanı irəli apara bilmirlər.

         İnsan təbiətindəki lovğalıq, ikiüzlülük, cahillik, nankorluq, riyakarlıq, mənsəbpərəstlik kimi zərərli, iyrənc xüsusiyyətləri Krılov çoxsaylı təmsillərində ifşa etmiş, belə qüsurları rüsvayçılıq hədəfinə çevirmişdir.Bir qayda olaraq, Krılov öz təmsil qəhrəmanları olan heyvanlara eyni zamanda insanlara xas olan keyfiyyətlər verir və ona görə də insanların xasiyyətləri dərhal yada düşür.Meşşanlıq, kütbaşlıq, hiyləgərlik kimi sifətləri cəsarətlə damğalayan sənətkar gözəlliyin, saflığın məhv olunmasına həmişə acı təəssüf, ürək ağrısı ilə yanaşmışdır. Bəs nə üçün Krılov məhz təmsil janrına müraciət etmişdi? Bu suala böyük sənətkar özü belə cavab vermişdi: “Bu növ hamı üçün anlaşıqlıdır.Onu nökərlər də, uşaqlar da oxuyurlar”.

         Şair yoxsullara dərin rəğbətini ifadə etməklə kifayətlənmir, ictimai ədalətsizliyə qarşı amansızlığını daha aşkar şəkildə büruzə verirdi. Şair “Qurd və quzu” təmsilində (bu təmsildən bir qədər sonra yenidən bəhs olunacaq) özlərinin bəd, cinayətkar əməllərinə bəraət qazandırmağa çalışanların bəhanələrini çox təbii və inandırıcı şəkildə təqdim etmişdir. Qurd zülmü, əsarəti, amansızlığı təmsil edirsə, quzu bu cür zorakılıqların növbəti qurbanlarından biridir.Krılov əhvalatı maraqlı şəkildə təsvir etməklə yanaşı, bəzən nəsihət şəklində də ciddi xəbərdarlıq edərək yazır:

         Gücsüzlərə qaldırma əl, zəiflərə dəymə sən.

         Həddindən çox öz gücünü, qüdrətini öymə gəl,

         Zəif bəzən qisas alır öz güclü düşmənindən.

         Krılov hər bir təmsilində nağıllarda olduğu kimi, bədii ziddiyyət və qarşılaşdırma üsulundan məharətlə istifadə edir.Ədib varlı ilə yoxsulu, azadlıqla əsarəti, hakimlə məhkumu, ağıllı ilə axmağı, sözlə işi, zahirlə batini, işgüzarlıqla tənbəlliyi, təvazökarlıqla lovğalığı, istedadla bacarıqsızlığı, həqiqətlə yalanı  qarşı-qarşıya qoyur, öz oxucusuna  “həyata bax, gör nələr olur” deyərək, bunlardan müəyyən həyati, mənəvi və psixoloji nəticələr çıxarır. Qarışqadan tutmuş filə qədər sanki bütün heyvanat aləminin dilini bilən, özünü həlim və soyuqqanlı göstərməyi bacaran Krılov hər bir təmsilində bitkin dramatik səhnə yaradır. Onun təmsillərində zəhmətkeş xalqa məxsus dərin zəka, xeyirxahlıq, hazırcavablıq əks olunur. O, təmsillərində rus dilinin zəngin xəzinəsindəki incilərdən o qədər təbii və yerli-yerində işlədir ki, istifadə etdiyi ayrı-ayrı ifadələr bəzən tərcümə edilə bilməyəcək dərəcədə orijinal olur. Krılovun bədii dilinə yüksək qiymət verən Belinski  onu da qeyd edirdi ki, Krılovsuz hətta Puşkinin də poeziya dili tam olmazdı. Böyük rus təmsilçisinin əsərlərindəki ümumbəşəri fikirlər onu yalnız rus xalqına deyil, bütün dünya xalqlarına sevdirir və onların əziz, sevimli şairinə çevirir.

         Belinski Krılov təmsilinin bədii xüsusiyyətlərindən bəhs edərək yazır:

         “Əgər təmsil yaxşı və bədii bir təmsildirsə, o, alleqoriya deyil və olmamalıdır; o, bədii surətdə işlənmiş şəxsiyyətlərə və səciyyələrə malik kiçik bir hekayə və  drama olmalıdır. Təmsildəki təşxislər canlı və bədii surətlərdən ibarətdir. Krılovun təmsilləri belədir. Burada hər bir heyvanın özünəməxsus fərdi xasiyyəti vardır…Bu heyvanların toqquşması Krılovun təmsillərində həmişə kiçik bir drama əmələ gətirir…”.

         V.Q.Belinski Krılovun “Kəndli və qoyun” təmsilini bu cəhətdən daha mükəmməl hesab edib yazır:

         “…Buna hekayə, komediya, məzahi oçerk, kəskin bir satira, xülasə, hər nə istəsəniz, demək olar, ancaq sadəcə təmsil demək olmaz…Bu, cəmiyyətin müəyyən bir cəhətini təsvir edən bədii bir lövhədir, bu, kiçik bir komediyadır, bu komediyada iştirak edənlərin xasiyyətləri çox düzgün göstərilmiş və hər biri öz xasiyyətinə və mövqeyinə yaraşan bir dillə danışır”.

         Belinskinin kiçik bir komediyaya bənzətdiyi bu “Kəndli və qoyun” təmsilində kəndli bir qoyunu məhkəməyə verir.Məhkəmədə tülkü hakimlik edir. Kəndli şikayət edir ki, səhərə yaxın həyətdən iki toyuğum yox olub, təkcə sümükləri və tükləri qalıb.Mən bu qoyundan şübhələnirəm, çünki həyətdə ondan başqa heç kəs yox idi.

         Qoyun özünü müdafiə edərək cavab verir ki, əvvələn, gecə mən səhərə qədər yatmışam, ikinci, bu vaxtadək məndə oğurluq və yalançılıq görən olmayıb, üçüncü, mən ömrümdə ət yeməmişəm və yemirəm də…

         Tülkü bu sözlərə qulaq asıb belə bir hökm verir: “Məsələ aydındır, qoyun yalan danışır.Həmin gecə qoyun toyuqların yanında olub, toyuq da məlumdur ki, dadlı bir şeydir, heç inanmaq olmaz ki, fürsətdən istifadə eləyib toyuqları yeməsin.Toyuqları qoyun yeyib.Ona görə də başı kəsilsin, əti məhkəməyə, dərisi isə şikayətçiyə verilsin.

         Bu təmsil həqiqətən qısa və canlı bir komediyadır.Çox yığcam və qısa bir şəkildə, bir sıra ciddi ictimai nöqsanları amansız bir satira atəşinə tutmaq adi təmsilin vəzifəsindən kənara çıxır. Belə ictimai tənqid yalnız böyük Krılovun təmsillərinə xas olan xüsusiyyətdir.

         Krılovun seçdiyi təmsil formasının ən klassik keyfiyyətlərindən biri məhz bu idi: ən sadə, sakit, laqeydcəsinə təsvir və ya nağıl edilən gülməli əhvalatla oxucunu düşündürmək, ayıltmaq, hərəkətə gətirmək.

         1812-ci ildə qüdrətli rus xalqı Napoleon ordularının hücumuna qarşı böyük vətənpərvərliklə döyüşdüyü zaman Krılov da öz kəsərli, güclü təmsilləri ilə bu ümumxalq mübarizəsi-Vətən müharibəsində yaxından iştirak edirdi.

         Məlum olduğu kimi, Vətən müharibəsinin ilkin vaxtlarında rus ordusuna Barklay de -Tolli komandanlıq edirdi.Barklay belə bir plan nəzərdə tutmuşdu ki, rus ordusu fransız ordusu ilə üz-üzə gəlməsin və geri çəkilməsin. Bu plan xalqın böyük qəzəbinə səbəb olmuşdu.Rus xalqının birbaşa heysiyyətinə toxunan belə bir biabırçı planın tərtibində I Aleksandrın da əli vardı.O, şöhrəti dünyaya yayılmış Napoleonla qarşı-qarşıya  gəlib müharibə aparmaqdan və vuruşmaqdan qorxurdu.Ona görə də I Aleksandr danışıqlar yolu ilə işğalçı Napoleonun diqqətini Rusiyadan yayındırmaq istəyirdi. Napoleon isə ölkənin içərilərinə soxulurdu.

         Belə bir həlledici məqamlarda rus xalqının qətiyyətli tələbləri ilə Kutuzov rus ordusuna baş komandan təyin olundu. Bu hadisələri böyük Krılov “Pişik və aşbaz” təmsilində canlandırdı.Ədib həmin təmsilində rus ordusunun geri çəkilməsini göstərmiş, xalqı amansız, xain düşmənə qarşı güclü mübarizəyə səsləmişdi. İvan Andreyeviç aşpaz simasında I Aleksanrla bərabər rus ordusu komandanlığının kütlüyünü və fəaliyyətsizliyini göstərmişdir. Krılovun təhlillərində onların nadanlığı və sağlam, çevik düşünmə qabiliyyətlərindən məhrum olduqları aydın görünür.Təmsildə Napoleon pişik simasında təsvir olunur.Müəllif göstərir ki, aşpaz – I Aleksandr olduqca mənasız, gülünc şəkildə uzun-uzadı danışıb baş ağrıtdığı zaman, pişik – Napoleon aşpazın “ağıllı nəsihətlərinə” qulaq asa-asa, səs salmadan, xımır-xımır  toyuğu  həzmə verir. Krılov yazır:

         Ac qurdu sürüyə buraxmaz insan!

         Vəbadır, taundur, qorunun ondan!

         Məstan öz işində toyuğu yeyir,

         O, uzun – uzadı hey nitq deyir.

         Beləliklə, qüdrətli Krılov uzun müddət rus torpaqlarına basqın edən Napoleona qarşı heç bir qətiyyətli tədbir görməyən çar hokumətinin aciz siyasətini ifşa edir.

Şair “Qurd it damında”, “Bölgü”, “Durnabalığı və pişik”, “Qarğa və toyuq” təmsillərində Vətən müharibəsinin əhəmiyyətli məsələlərinə toxunmuş və düşmənlərin rus elindən, rus torpaqlarından qovulması yolunda xalqı sıx birliyə və mübarizəyə çağırmışdı.

         “Qurd it damında” təmsilində Krılov Napaleonu yırtıcı, lakin qorxaq bir qurd simasında, böyük rus sərkərdəsi, dövlət xadimi, diplomatı Mixail İllarionoviç  Kutuzovu isə müdrik, mübariz, bacarıqlı, təcrübəli bir vətən övladı kimi təqdim etmişdir. Təmsili yazıb bitirəndən sonra İvan Andreyeviç onu Kutuzova göndərir.

         Kutuzov təmsili Krasnı altındakı müharibədə alır və zabitlərə oxuyur. Təmsilin bir yerində Kutuzov özünə işarə edildiyini başa düşür və “Sən bozsan, mən də çal…” sözlərini oxuyarkən papağını çıxarıb çal saçlarını göstərir. “Köpəklər axışdı onun səsinə” misrasını isə qoşunlar gur “Ura!” səsləri ilə qarşılayırlar.

Krılov Kutuzovun hünərinə inanır və onun qalib gələcəyinə qətiyyətlə əmin olur.

“Durna balığı və pişik” təmsilinin də mövzusu Vətən müharibəsinə həsr edilmişdir. Admiral Çiçaqov məğlub olub geri çəkilən fransız qoşunlarını məhv etmək və Napoleonun özünü əsir almaq üçün bir plan hazırlayır  və I Aleksandra təqdim edir. Bu plana uyğun olaraq Çiçaqov quru qoşunlarına da komandanlıq etməli idi. Çiçaqov bu plan əsasında işə başlayır və biabırcasına məğlub olur. Onun hərbi ştabı belə fransızların əlinə keçir. Krılov admiral Çiçaqova gülür, siçan ovlamaq məqsədilə quruya çıxan durna balığını – Çiçaqovu ələ salır:

         Dedi: — Durna balığı, bu iş dərs olsun sana,

         Ağlını yığ başına, çıxma siçan ovuna!

         Yeri gəlmişkən şairin 1825-ci il dekabristlər üsyanına həsr etdiyi  “Polad qılınc” təmsili də olduqca maraqlı əsərdir.

İvan Andreyeviç “Bölgü” təmsilində  bütün Rusiya ölüm-dirim mübarizəsinə qatlaşdığı bir vaxtda dvoryanların və tacirlərin yenə də nanəcib işlər görməkdən, yekəbaşlıqlarından və xudpəsəndliklərindən əl çəkmədikləri tənqid olunursa, “Qarğa və toyuq” təmsilində də dvoryanların bir qisminin düşmən qabağından “sür-sümük yığıb gəmirmək” eşqi ilə yaşamaları ifşa edilir.Böyük şair vətənpərvərlik hissindən məhrum olan bu cür adamlara öz nifrətini və iztehzasını bildirməklə, onların aqibətlərinin nə ilə sona çatdığını da yazır:

         Onda ki,  aclıqdan qonaqlar şişdi,

         Qarğa da kəsilib qazanda bişdi,

         Xalqa ibrət oldu onun bu halı.

         “Bölgü” təmsilini nəzərdən keçirək. Alverçilər bir evdə oturub qazandıqları pulu bölürlər. Onların aralarında yavaş-yavaş mübahisə başlanır. Bu vaxt kimsə bayırdan qışqırır ki, ev yanır, tələsin, evdən çıxın. Lakin: “Əvvəlcə payıma düşən min manatı sayın siz”, “Burada hesab var, mənə ikisini də verin” — deyə alverçilər mübahisələrini davam etdirirlər:

         “Dələduzlar elə bir haray-

həşir qopartdı,

Evin yandığını da tamam

yaddan cıxartdı.

Bir az da keçdi, onlar

tüstüyə qərq oldular,

Var- yoxlarıyla birgə

yanaraq, tərk oldular”-

 deyən müəllif, belə bir nəticə çıxarır:

         “Daha vacib işlərdə, — bu

daha sirr deyil ki,-

Ona görə hamıya bədbəxtlik

üz verir ki,

`Ümumi dərdi birgə dəf etmək

əvəzinə,

Mübahisələr açır, xeyir

güdən özünə”.

“Balıqların rəqsi”, “Məmur Fil”, “Ayı və arılar”,  “Tülkü və dələ”, “El yığıncağı”, “Fələkzadə kəndli”, “Qızlar”, “Kəndli və çay”, “Meymun və güzgü”, “Dəyirmançı”, “ Donuz palıd ağacı altında”, “Trişkanın kaftanı”, “Lüt  kəndli və qoyun”, “Qurd və siçan balası”, “İki kəndli”, “Naqqa”, “Ülgüclər” və s.kimi təmsillər isə Krılov yaradıcılığının zirvəsində durur. Bunlarda ictimai satira daha güclü, daha bədii və misilsizdir. Belə təmsillərdən bir qismində satira məişət mövzusundan çıxıb, siyasi, sosioloji məna kəsb edir. Bu qəbildən olan təmsillərini çap etdirərkən Krılov dəfələrlə çar senzurasının təzyiqinə məruz qalmış və bəzi yazılarını dəyişdirməyə məcbur olmuşdur. Məsələn, bir hadisəyə diqqət yetirək.

         Çar I Aleksandr səyahətlərindən birində yolüstü bir qəza başçısının evinə gəlir. O, pəncərədən baxarkən şəhər valisinin evinə tərəf bir dəstə adamın axışıb gəldiyini görür. “Nə olub məgər? – deyə çar narahatlıqla soruşur: — Onlar buraya niyə gəlirlər?”. Hazırcavab şəhər valisi deyir ki, bu, qəza əhlinin nümayəndələridir, onlar yaxşı güzəranları üçün qibleyi – aləmə öz minnətdarlıqlarını bildirmək istəyirlər. I Aleksandr məmnunluqla gülümsəyir, səyahətini təxirə salmaq istəmədiyindən nümayəndələri qəbul etməyəcəyini söyləyir. Əslində isə adamların çarın yanına şikayətə gəldiklərini çox gözəl bilən vali, çar yola düşərkən ondan mükafat alır.

         Bu hadisəni təmsil edən “Balıqların rəqsi” əsərinin qəhrəmanı qəzəbli çar Şir də öz tabeliyində olanların necə yaşadıqları ilə maraqlanır. “Su əhlinin darğası” olan kəndlidən bu yerlərdə güzəranın necə keçdiyini soruşur. Kəndli cavab verir ki, çox gözəl, hamı Şirdən razıdır. Şir kəndlinin tavada qızartdığı “su əhli” olan balıqların atılıb- düşdüyünü gördükdə narahatlıq keçirir. Təmsil bu misralarla bitir:

          Şir sual etdi:- Yaxşı,

bəs niyə özlərini,

 Niyə baş-gözlərini,

Hətta quyruqlarını belə

çırpırlar onlar?

Kəndli cavab verdi tez:-

Bil, ey müdrik hökmdar!

Səni görüb, sevincdən rəqs

edirlər, bəli, rəqs.

Şir darğanı bağrına basıb

dinməz söyləməz,

Durub baxdı bir qədər

balıqların rəqsinə,

Sonra da öz yoluna davam

eylədi yenə.

Çar senzurası təmsilin bu şəkildə nəşr edilməsinə icazə verməmişdir. Bir neçə ildən sonra Krılov bu təmsili xilas etmək məqsədi ilə yuxarıda misal gətirdiyimiz parçanı aşağıdakı şəkildə düzəltməyə məcbur omuşdur:

         Şir sual etdi:- Yaxşı,

bəs niyə özlərini,

                   Niyə baş-gözlərini,

Hətta quyruqlarını belə

çırpırlar onlar?

Tülkü dillənib dedi:- Bil,

ey müdrik hökmdar!

Səni görüb, sevincdən rəqs

edirlər, bəli, rəqs.

Ağ yalana dözməyib Şir

baxdı ona tərs-tərs,-

Oynatmasınlar deyə xalqı

çalğısız daha,

Məmuru katibiylə bağırtdı

caynağında.

         Beləliklə, əsas müqəssir çar Şir deyil, məmur Tülkü və onun katibi Kəndli olduqdan sonra təmsilin dərc edilməsinə icazə verilmişdir.

         Krılovun bilavasitə I Aleksandrı, Arakçeyevi və I Nikolayı ifşa edən təmsilləri çoxdur. “Alabəzək qoyunlar” təmsilində Şirin bir tərəfdən qoyunlara qarşı mərhəmətli olacağını vəd etməsi, sonra da onların taleyini qurdlara, tülkülərə tapşırması I Aleksandrın əvvəlcə özünü liberallara yaxın göstərib, sonra onlarla haqq-hesab çəkməyi qatil Arakçeyevə tapşırmasını xatırladır. Krılovun təmsillərində Şir canavarları qoyunlara çoban, tülküləri toyuqlara rəis təyin edir.Canavarlar, tülkülər də öz növbəsində mütləq hakim olan şahlarına yaltaqlıq edib bəndəçilik göstərirlər ki, bunlar da despotizm quruluşunda xalqın, ölkənin ixtiyarının canavar və tülkü təbiətli hakimlərə tapşırıldığına işarə idi. “Dövlət işlərini axmaqlara tapşırmaq olmaz” – fikrini görkəmli ədib bir çox təmsillərində təbliğ etmişdir.

         Krılovun “İki çəllək”, “Siçanlar”, “Qarışqalar”, “İki kəndli və dəyirman”, “Yalançı”, “Qızlar”, “Ayı və mənzəvi”, “Fil və maska”, “Demyanın şorbası”, “Kəndli və ilan” kimi bir sıra təmsilləri də fəlsəfi-mənəvi mövzuda olub, yalançılıq, lovğalıq, yaltaqlıq, sözbazlıq, xudpəsəndlik, qorxaqlıq, ikiüzlülük, hiyləgərlik, fitnəkarlıq, tənbəllik, sərxoşluq, kütbeyinlik və digər mənfi keyfiyyətlərin tənqidinə həsr edilib.

         “Kəndli və tülkü” təmsilində Krılov bəhs edir ki, bir kəndli tülküyə rast gəlir və ondan nə üçün oğurluq etməsinin səbəbini soruşur. Tülkü cavab verir ki, aclıqdan oğurluq edirəm. Kəndli tülkünü bu yoldan çəkindirmək üçün xidmətə götürür və onu hinə keşik çəkməyə qoyur.Tülkü yeyir, kökəlir, lakin təmiz vicdanla xidmət edə bilmir. Nəticədə şair yazır:

         Halal yeməkdən doydu, pozdu saf niyyətini,

         Böylə bitirdi tülkü etdiyi xidmətini:

         Bir qaranlıq gecəylə gizlicə oldu əlbir,

         Girdi toyuq hininə, onları boğdu bir-bir.

Hər növbəti təmsili ilə Krılov  özünü daha çox tapır, özünün çox böyük, illərlə üst-üstə yığılmış təcrübəsini,  özünün didaktik ustalığını,  dahi rəssam müşahidəçiliyini  gerçəkləşdirirdi.

Qüdrətli rus ədibi haqqında oxuduğum çoxsaylı kitablarda “İ.A.Krılov.  Xalq müdrikliyi poeziyası” kitabındakı maraqlı məsələlər diqqətimi xüsusi cəlb edir. Kitabdan bəzi qeydləri təqdim edirəm:

“Krılovun rus cəmiyyəti qarşısında və rus ədəbiyyatı qarşısında xidmətləri ondan ibarətdir ki,  o, təhkimçilik sisteminin mahiyyətini müəyyən edib, onun gerçək sifətini açıb göstərməklə,  xeyirxah çar və xeyirxah ağa haqqında, “qanunların müqəddəsliyi” haqqında, haqlar və hüquq haqqında  mifi dağıdıb;  o, birinci olaraq bayağı məhkəmə komediyasını ifşa etmiş, qanunsuzluğun “qanuniliyini”,  yarpaqla çılpaqlığını birtəhər örtən qanunvericiliyi; qarşısında hakimiyyət qüvvələrinin də aciz qaldığı  iqtidar olaraq mütləqlik səviyyəsinə qadırılmış hüquqsuzluq hüququnu göstərmişdir. Təhkimçilik dövlətinin  bütün təsisatlarını ifşa edən   Krılov  anlamağı, biryolluq başa düşməyi öyrədirdi ki,  insanların taleyi hökmdarların xoş niyyətlərindən,  gözəl məzmunlu hüquq normaları və qayələrindən, monarxın özünü əhatə edən, onu ətraf aləmdən  təcrid edən  dövlət şuralarından deyil,  ölkədə  gerçək qüvvələr nisbətindən, sərvətlərin bölgüsündən asılıdır.

Hər şey onun, Krılov  realizminin hökmü altındadır. Elə bir yasaq mövzu yoxdur ki, onun yanından ötüb keçmiş olsun. Ən başlıca mövzu —  təhkimçilik cəmiyyətində və dövlətində xalqın vəziyyəti  yasaq olunmuşdu.  Özü də necə bir yasaq! Maarif və dini işlər naziri knyaz Qolitsın kəndli mövzusunu yerli-dibli yasaq etmişdi. Ayrıca bir sirkulyar məktubla həm rus,  həm də xarici kəndlilər haqda yazmaq sadəcə yasaqlanmışdı. Həmin sirkulyarda təhkimçilik  hüququ haqda yazmaq son dərəcə ciddi bir şəkildə yasaq edilirdi. Nə onun pisliyinə yazmaq və nə də (özəlliklə də) tərifləmək olardı. Bu yanaşma tamamilə anlaşılan idi: təhkimçiliyin ünvanına  “tərifli sözlər”  cəmiyyətdə xüsusilə coşqun reaksiya doğururdu, yanğın törədə biləcək qığılcımla müqayisə oluna bilərdi.

Başqa sözlə,  yüzilin ən kəskin, ən məsul mövzuları ciddi yasaq altında idi.  Bəs ədəbiyyat onlarsız var ola bilərdimi?

Lakin tamamilə aydındır ki,  xalqa zülm və xalqın hiddəti mövzuları  realizmin bir təzahür olaraq yasaqlanması anlamına gəlirdi. Beləliklə, o dövrdə realizm yasaq altına düşmüş oldu. Söhbət tipik xarakterlər, kolliziyalar və situasiyalar realizmindən gedir.

Bütün bunlar küll halında götürüldükdə, Krılovun çox böyük, milli-tarixi rolunu aydınlaşdırmağımıza kömək edir. Uzun müddət o,  yüzilin ən kəskin mövzularını onların ən kəskin təzahüründə  təkbaşına  yaşatmışdı.

Krılovun əsərlərində  həyatın çılpaq həqiqəti  zəfər çalır.  O, heç nəyi gözdən qaçırmır, heç nədən imtina etmir.  Doğrudur, bunun üçün ona təmsil formasına, alleqoriya və sətiraltı mənalara əl atmaq  gərək olmuşdur.

 “Qurd və quzu” təmsili Krılov yaradıcılığı incilərindən biridir. Ümumilikdə  Krılov  təmsilinin təbiəti barədə bu təmsilə əsasən fikir yürütmək olar. Ona görə də  deyilənləri araşdırma prosesində qısaca təkrarlamaqla, onun təhlilindən bəzi nəticələrə gəlməyi özümüzə rəva görək.

Birincisi.  Təmsil tarixə doğmadır. Fərq yalnız formadadır. Təmsilin məzmunundakı həqiqilik burdan gəlir.

İkincisi. Təmsil obrazının yaranması ondan söz açır ki,  təsvir edilən təzahür alınıb, davam gətirib, möhkəmlənib, gerçəklikdə gündəliyə  çevrilib.

Üçüncüsü.  Həyatın realist təsvir sistemində  təmsil qəhrəmanının dəyişməzliyi və daimiliyi  o deməkdir ki,  təmsil personajında  təcəssüm olunan cizgilər varlığın müəyyən formaları üçün önəmlidir. Alleqorik qəhrəman təzahürün mahiyyətini onun bütün çılpaqlığında daşıyır.

Dördüncüsü. Krılovun təmsili ikiplanlıdır. Özü də hər iki plan üzvi vəhdətdədir. Real aləm və şərti alleqoriklik bir-birini gücləndirir, aydınlaşdırır və tamamlayır.

Beşincisi. Alleqoriya görünə və yoxa çıxa bilər. Onun funksiyalarından biri – real və “fantastik” aləm  arasında bənzərlik qurmaqdır. Öz kəskinliyi ilə o,  təzahürün mahiyyətini gerçəkliyə daxil edir. O, özünəxas şərhçi rolunu da yerinə yetirə, eyni zamanda həyatın özünün fərqli vəziyyətləri səbəbincə natamam  deyilənləri sonadək açıq deyə bilər.

Altıncı.  Təmsilin hekayətə daxil edilən və ya onu yekunlaşdıran “mənəvi” tərəfi, çox vaxt mənəvilik  və nəyisə öyrətməkdən çox, təsvir olunan situasiyanın ümumilik prinsipi  səviyyəsinə qaldırmaqdır.

Yeddinci.  Təmsildə məsələnin gəlişməsi real olaraq təsvir edilən mühitin qanunları üzrə gedir, janrın şərtiliyini buxovlamır, bu şərtilik  Krılovda heçə endirilmişdir.

Səkkizinci.  Bütün bunlar  Krılov  təmsilinin realizmini, başqa sözlə,  onların milli təbiətini və sosial kəskinliyini müəyyənləşdirir və xarakterizə edir.  Bunun sayəsində  Krılov məktəbi  realist sənət məktəbi olaraq bütün rus ədəbiyyatı üçün icbari olmuşdur. Çünki Krılovda  təmsil öz təmsil görünüşünü və xarakterini itirib, sətiraltı məna açıq təhkiyəyə çevrilib,  şərtilik öz varlığına son qoyub  və aydın görünən əyaniliyə  və qeyri-şərtiliyə qovuşub;  böyük şair bütün təmsil şifrələrini açıb və rus ədəbiyyatına ən məxfi, ən yasaq mövzuları  təkcə təmsildə deyil, həm də bu janrın hüdudlarından kənarda  təsvir etməyi öyrədib.  O, ədəbiyyata  kodlaşdırılmış yazını, oxucuya isə  dərindən oxu sənətini və gizli tutulan ədəbi mənanı  tapıb üzə çıxarmağı öyrədib.

 Krılovun böyüklüyü və müdrikliyi ondan ibarətdir ki,  onun üçün “çar” mütləqiyyət mövzusu  üstün və ilkin deyildi. O, dünya-aləm halından, qərarlaşmış  vəziyyətdən  doğan mövzu idi.  Bu hal onu təsdiqləyir və möhkəmlədir, müəyyən mənada başa çıxarırdı. Dünyada hamının hamıya qarşı savaşı  hökm sürürdü. Bunu   Krılov bilir və hər yerdə görür, bu barədə açıq və ifadəli tərzdə yazırdı. İnsan insana — canavardır, — “Vətəndaş haqqında” traktatın müəllifi ingilis filosofu Tomas Hobbes  və ya Krılov zamanında ad-soyadı rus tələffüzünə uyğun şəklə salınmış Foma Qobezinin arxasınca deyə bilərdi. Unutmayaq ki,  özünün “Hamının hamıya qarşı savaşı”  və “İnsan insana -canavardır”  postulatlarını ingilis materialisti  vətəndaş cəmiyyətinin “təbii halı” və vətəndaşın təbii xaraketristikası sayırdı.

Rusiyanın təhkimçilik əxlaqını müşahidə edən  Krılov özü də İngiltərədə qərarlaşmış münasibətləri öyrənən  Hobbesin gəldiyi nəticələrə gəlmişdi.Lakin, görünür, rus şairi  bunu “təbii hal” saymırdı, — bu onun ideallarına, istək və arzularına zidd idi. Mövcud  “şeylərin gedişatını”  öldürücü tənqidi bundan irəli gəlirdi.  Lakin bu nizamı öyrənən  və müşahidə edən, onu təbii saymayan Krılov öz tənqidində müəyyən dərəcədə paradoksal nəticəyə gəlmişdi: bu münasibətlər hər yerdə ümumidir. “Çar” mövzusunun önəmi də buradan gəlir.O dövrün siyasi sisteminin tacı və üzvi tərkib hissəsidir. Hamı ona bağlıdır, hər şey ondan gəlir.

Krılov məhz buna görə böyükdür ki, o, istismar və soyğunçuluq sisteminin  içalatını açıb bayıra tökmüşdü.  “Güclünün gözündə həmişə gücsüz müqəssirdir”, “Kim güclüdürsə, o haqlıdır” – Krılova görə, öz ali ifadəsini çarın şəxsiyyətində tapan sistemin əsasında  bax bu dayanır.  Əlbəttə, əgər burada “şəxsiyyət”  sözünü işlətmək mümkündürsə. Amma… Məhz bu sözə əl atmağa vadar edən daha bir “əmma” var. Krılovun hekayələrində çar o mənada şəxsiyyətdir ki, kobud qüvvəni təcəssüm etdirir, onu şəxsləndirir. Çar hakimiyyəti – kobud qüvvənin hakimiyyətidir. Lakin həmin bu mənada çar sistemi də  təcəssüm etdirir, dediyimiz kimi,  onun zirvəsində dayanır.

Digər tərəfdən,  əgər çar heç də hər şeydə sistemə uyğun gəlmirsə və ya ümumiyyətlə, ona uyğun deyildirsə (Krılov  bunu ehtimaldan kənar saymır) , həlledici söz mütləqiyyət sisteminindir:  o, dərhal işə düşür və qüsursuz işləyir. Xoş niyyətlər və təşəbbüslər çarı nə qədər ruhlandırsa da,  o, öz xalqına münasibətdə  nə qədər müdrik, uzaqgörən, mərhəmətli və xeyirxah olsa da,  nə qədər güclü və qüdrətli olsa da, — bütün hallarda  “Kim güclüdürsə, o haqlıdır” dəyişməz və pozulmaq prinsip olaraq qalır. Ona heç nə edə bilməzsən.  Siyasətçi- Krılov  düşüncəsinin bütün gücü və qüdrəti bundadır.

 Krılov  böyük pedaqoq olub.  Diqqətli, müdrik, həqiqətə həssas…

Tərbiyə işində o başlıca məsələ üzərində təkid edir.  Bu, ata-anaların öz uşaqlarına görə  daşıdıqları məsuliyyətdir.  Yalnız bilavasitə valideyn qayğısı  doğmalıqdan gələn cavabı doğuracaq.

“Lakin indi övladlar heç yaxın düşmür mənə,

Analığın bumudur haqqı-sayı dünyada.

Ana neyləyə bilər qədirbilməz övlada,

-deyə Ququ Qumruya öz uşaqlarından giley-güzar edir. Ona görə tanımaq istəmirlər ki, o özü də onları tanımaq istəməmişdi:

“Yumurta da qoyanda olmuşam yad yuvada”.

Şair burada pedaqogikanın başlıca qaydasının üzərinə gəlir və ata-analara müraciət edərək deyir:

Əziz ata-analar, unutmayın bu dərsi,

Düşünün, bilin nədir övladın tərbiyəsi.

Əgər övladlarınız yaşayır başqa yerdə,

Tərbiyə görür onlar yad evdə, yad ellərdə.

Sizdən hiss etməyiblər nə ünsiyyət, nə şəfqət,

Heç bəsləyə bilərmi sizə dərin məhəbbət.

İndi özünüz deyin, uşaqlarmı təqsirkar?

Yoxsa sizdə qüsur var?..

(“Ququ və Qumru”, 1816)

İnsanı ana hərarəti və ata qayğısından yaxşı heç nə tərbiyə etmir. Çünki minnətdarlıq — ən qədim insani instinktdir.

Fəqət maraqlı olan nədir: bu pedaqogikanı təmiz şəkildə Krılov sərbəst, özünü çətinə salmadan  və məcburiyyətsiz özünün ümumi “parazitizmi ifşa sisteminə” daxil etmişdi. Axı Ququ “yay zamanı uçurdu, yoxdu bir yurd-yuvası”. O, hesab edir:

Yaxşı ki, xoş günləri gəzişmək olub peşəm,

Bir yerdə oturmayıb, əylənib kef çəkmişəm.

Beləliklə, tərbiyə mövzusu  qayğı və əməklə birləşdirilir. Ququnun ağlındakı başqadır:  hətta uşaqları üçün çalışmaq – onun işi deyil.

“Çömçəbalığı” təmsili (1821) “öyüd-nəsihət hekayəsi” təsiri bağışlayır,  burada  şair  ehtiyatlı olmaq  tərbiyəsindən daha çox,  qüsurların, nöqsanların, eyblərin insanda necə kök atmasından danışır. Başqa sözlə, söhbət insanın düşkünlüyə, həyatın dibinə necə yuvarlanmasından  gedir.

Təmsilə giriş öz taleyi haqqında  kədərli düşüncələrin qəmli notları ilə başlanır, daha sonra “mətləbə” keçir.

Oyun, hoqqa, şuluqluqdan  düşkünlüyə — bircə addımdır, deyə şair bildirir. Düşkünlük – həvəsləndirilən  şuluqluqdur.  Şuluqluq –əgər ona oyun, hoqqa, şuluqluq kimi baxılırsa,  qüsurdur.

Gördüyümüz kimi, Krılov hər yerdə filosofdur, düşüncə şairi, həyat təcrübəsinin  dərin bilicisi olan yazıçıdır. Puşkin bu barədə “Təcrübə — dərin səhvlərin oğlu” – deyəcək.

Söhbət təkcə öz səhvlərindən, yanlış işlərindən deyil,  həm də xalqın “səhvlərindən”, tarixin “səhvlərindən” gedir”.

                                  ARDI VAR

 

Reyhan Mirzəzadə, publisit, politoloq

http://az.strategiya.az/news.php?id=145507

 

Tags: ,

Leave a Reply


Fatal error: Call to a member function build_links() on null in /var/www/u0485828/data/www/gumilev-center.az/public_html/wp-content/themes/transcript/single.php on line 62