|

Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundovun yaxın dostu A.A.Bestujev-Marlinskinin 220 illik yubileyi qarşısında

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Загрузка...

3 noyabr – görkəmli ədib, Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundovun yaxın  dostu  A.A.Bestujev-Marlinskinin 220 illik yubileyi qarşısında

1826-cı ilin yanvarında  sonralar “Rusiyada azadfikirliliyin tarixi gedişi haqqında” adını alan məşhur məktub üzə çıxdı. Məktub bilavasitə  çar I Nikolaya ünvanlanmışdı. Bu məktubda Aleksandr  Bestujev  cəsarətlə və birbaşa  çara  cəmiyyətin bütün təbəqələrinin, rejimin və onun yürütdüyü, Rusiyanın iqtisadiyyatını, ticarətini və maarifini  son dərəcə ağır vəziyyətə gətirib çıxarmış  siyasətin doğurduğu geniş narazılığı  açıqlayırdı.

“Plantasiyalardakı zəncilər, — deyə  Bestujev yazırdı, —  bir çox mülkədar kəndlilərindən daha bəxtiyardırlar. Ailələri dəyər-dəyməzinə satmaq,  bakirəliyi qəsb etmək,  kəndlilərin arvadlarını yoldan çıxarmaq – heç nə sayılmır və  açıq-aşkar edilir. Biyar və töycülərdən danışmağı  bir kənara qoyuram, elə zalım mülkədarlar var ki,  tazı küçüklərini kəndli qadınlara paylayırlar ki, döşlərindən əmizdirsinlər”.

Pozğunluq və satqınlıq çar taxtının yanından başlanırdı. “Paytaxtda qanun keşikçilərinin gözləri qarşısında  ədalət məhkəməsinin alqı-satqısı açıq-açığına aparılır” – deyə Bestujev  bildirirdi. “Sələmçilik, rüşvətxorluq və sui-istifadə həyasızlığın görünməmiş dərəcəsinə çatıb. Ağac tirlərinin daşınması üçün Peterburqda Admirallığa ayrılmış doxsan atın hamısından təyinatı üzrə istifadə olunmur, müxtəlif mənsəbli məmurlar bu atları qonaqlıqlara  gedəndə minirlər. Onların yerinə isə bədbəxt matrosları cilovlayıb yükə qoşurlar”.  “Bir sözlə, — deyə Bestujev sözünə davam edirdi, — dövlət idarələrində, məhkəmələrdə, komissarlıqlarda, qubernatorların, general-qubernatorların böyür — başında, mənafe, mənfəət olan hər yerdə bacaran hər kəs soyub — talayır, bacarmayanlar oğurlayırlar. Hər yerdə dürüst adamlar əzab çəkir, şeytan adamlar və fırıldaqçılar isə  naz-nemət içərisindədirlər”.

Gərək nə qədər qarşısıalınmaz mənəvi qüvvə və əqidə sahibi olaydın ki, Petropavlov qalasının kamerasından bu sözləri imperiyaya hökmranlıq edən şəxsin üzünə oxuyaydın. Azadlıq uğrunda alovlu mübarizlərdən biri – dekabrist  Aleksandr  Aleksandroviç  Bestujev-Marlinski  belə  bir mənəvi qüvvənin sahibi idi.

1797-ci il noyabrın 3-də  Peterburqda beş qardaşdan ibarət gözəl bir ailədə doğulmuşdu və bu beş qardaşdan dördü sonralar dekabrist olmuşdular. Ataları – Aleksandr Fedoseyeviç —  radikal yönümlü tanınmış yazıçı idi və öz üşaqlarının tərbiyəsi üçün çox şey etmişdi.

Aleksandr Bestujev on yaşına çatanda Dağ-mədən korpusuna verilmişdi. Uşaq yaşlarından  başqalarından önə çıxmağa  çalışardı. Lakin Dağ-mədən korpusundakı təhsil  bu qızğın təbiətli gəncin həvəslərinə cavab vermirdi  və o, öz böyük qardaşı Nikolayın  təklifi ilə freqata (hərb gəmisinə — R.Mirzəzadə) onun yanında xidmətə keçdi və burada həvəslə matros xidmətini mənimsəməyə başladı.

Bir dəfə Bestujevlər ailəsinin dostu – general Çiçerin bu gənc adama “ağlını başına yığmağı” və  leyb-qvardiya draqun  (saray qvardiyasında xüsusi atlı qoşun hissələri – R.Mirzəzadə) alayıının zabit epoletlərinə (bəzəkli paqonlarına – R.Mirzəzadə) nail olmağı məsləhət görmüşdü. Bestujev 1816-cı ilin aprelində yunker mundiri ( çar Rusiyasında hərbi məktəb tələbəsinin rəsmi geyimi – R.Mirzəzadə) geydi, 1817-ci ilin  noyabrında isə  artıq ilk praporşik (zabit)  rütbəsi aldı.

Bestujev 1822-ci ilin mayında  inqilabi poeziyası mütləqiyyətə qarşı nifrətlə dolu olan şair, ictimai xadim, dekabrist  Kondratiy Fyodoroviç Rıleyevlə tanış oldu. Onlar birlikdə ədəbi almanax çapa hazırlayaraq əməkdaşlıq xahişi ilə  Aleksandr Sergeyeviç Puşkinə müraciət etdilər. Kişinyovdan yazdığı cavab məktubunda Puşkin  Bestujevi  “bizim ədəbiyyatın sadiq keşikçisi və  himayəçisi” adlandırmışdı.

1823-cü ildə “Polyarnaya zvezda” almanaxının ilk sayı işıq üzü gördü və bu dərgi gələcək dekabristlərin orqanına çevrildi. “Polyarnaya zvezda”da  Bestujev  özünün ilk povestini —  respublikaçılıq ideyalarının hopmuş olduğu “Roman və Olqa”nı  və bir sıra tənqidi icmallarını çap etdirdi. Bu əsərlər azadlıqsevərliyin və despotizmə qarşı ictimai etirazın bayrağı oldular.

A.Bestujev  və  K.Rıleyev  arasında  sıx işgüzar və qarşılıqlı əməkdaşlıq münasibətləri yaranmışdı, onların bir evdə birgə yaşamaları da (Moykada Rus-Amerika Ticarət Şirkətinə məxsus evdə) buna rəvac verirdi.  Tanınan yazıçılar kimi onlar ədəbiyyatdan  azadlıq mübarizəsinin maraqlarına uyğun olaraq istifadə edir, birlikdə təşviqat xarakterli bir sıra mahnılar yazır və bu mahnılar əlyazma halında əsgərlər, matroslar və ümumiyyətlə,  sadə insanlar arasında yayılırdı. Xalq dilində yazılan bu mahnılar öz siyasi kəsərinə görə  o zamanlar mütləqiyyət-təhkimçilik quruluşuna qarşı çox güclü mübarizə vasitəsi idi. “Ah, qəlbim sıxılır” mahnısında  zülm altında inləyən xalqın təhkimçilik köləliyinə qarşı  hiddət və etirazı ifadə olunurdu:

Hələ çoxmu rus xalqı

Ağalara əsir-yesir olacaq?

Adamlar mal-heyvan təki

Hələ çoxmu satılacaq?

Soyur dərimizi onlar,

Yeri əkib-səpirik biz,

Sonunda biçir onlar.

Onlar — insafsız oğrular,

Zəli kimi qansoranlar.

Bestujevin mahnılarında istismarçılara  qarşı barışmaz münasibət səslənirdi. Mahnıların məzmununda həm çağırış, həm də olacaqların əvvəlcədən deyilməsi vardı:

İş yerindən gəlir dəmirçi. Şükürlər olsun!

Nə gətirir dəmirçi?  Adicə üç bıçaq.

Saplanacaq ilk  bıçaq zalım ağalara

Digər bıçaq isə — keşişlərə, ruhanilərə.

Duaları çin edərək – üçüncüsü çara.

Alına nə yazılıbsa, o da olaçaq;

Olaçağa çarə yox. Tanrıya bel bağlayaq!

Mahnıların siyasi kəskinliyi onları çarizm üçün özəlliklə təhlükəli edirdi. Əsgərlərin əhval-ruhiyyəsini bildiyindən və  silahlı üsyana hazırlıq getdiyindən  A.Bestujev onlar üçün “Fontanka çayı boyunca” mahnısını yazmışdı və bu mahnıda onları silahı öz zülmkarlarına qarşı çevirməyə çağırırdı. Əsgərlərə ünvanlanmış mahnıda deyilirdi:

Əlləri yoxmu onların

Əzabdan qurtulmaqçün ?

Məgər süngüləri yoxmu

Vecsiz  knyazcıqlarçün?

Məgər qurşunları yoxmu

Əclaf tirana sıxmaqçün?

Əsgərlər bu mahnıları əzbərləyirdilər: bu mahnılar onların düşüncələrini və istəklərini əks etdirirdi. Mütləqiyyəti zorakılıqla devirməyə və  öz zülmkarlarını məhv etməyə çağırış Bestujevin üsyandan bir az öncə yazdığı mahnıda böyük qüvvə ilə səslənirdi. Onun sözləri xalqa ünvanlanmışdı və nə etməli olduqlarını göstərirdi:

Kəndirləri toxuyun ağa boğazlarına.

Hazır tut bıçağını alihəzrət knyazlara;

Fonar dirəklərində çarları yellətməyə!

Evin o vaxt olacaq isti, rahat, işıqlı.

Eşq olsun o günə!

Belə mahnıların müəlliflərini ən azı qalada məhbus həyatı yaşamaq gözləyirdi. Çar belə mahnılardan bərk qorxurdu.  Bu mahnılar  düz  hədəfə dəyirdi. Bu səbəbdən istintaq bitəndə, I Nikolay  mahnı mətnlərinin dekabristlərin istintaq işlərindən götürülməsinə və məhv edilməsinə sərəncam vermişdi.

Havada yellənən bayrağı ilə paytaxt meydanına çıxmış, Rusiyada ilk inqilabi  qoşunun başında leyb-qvardiya draqun alayıının ştabs-kapitanı (çar ordusunda piyada, topçu və texniki hissələrdə poruçik ilə kapitan arasında zabit rütbəsi – R.Mirzəzadə) yazıçı Aleksandr Bestujev — Marlinski addımlayırdı. Qılıncını yelləyərək hayqırırdı: “Ura, Konstantin! Rədd olsun Nikolay!”.

Qardaşı Mixail Bestujev onun yanında idi. Bu alay meydana birinci gəldi və səhər saat 11 radələrində  döyüş qaydasında – dörd yandan hücumu dəf etməyə imkan verən kare (dördbucaq) formasında düzüldü. Eyni vaxtda çəpərləmə atıcı zənciri qoyuldu. Döyüşə köklənən Bestujev hamının gözü qarşısında  qılıncını I Pyotrun abidəsinin qranitində itiləməyə başladı.

İnsan axınları meydana toplaşmaqda idi.Moskvalılardan başqa, digər üsyan qaldırmış hissələr hələ meydanda deyildi. Qvardiyaçı matrosları meydana çəkib gətirməkdən Yakuboviçin boyun qaçırdığını görüb, Aleksandr Bestujev  hələ səhərdən  öz qardaşı Pyotru  Nikolay Bestujevin – dəniz zabitinin yanına göndərmişdi ki, qvardiyaçıları ayağa  qaldırsın və meydana gətirsin. Yalnız  iki saatdan çox keçdikdə və Moskva  alayının meydana gəlib çıxmasından sonra Qvardiya dəniz ekipajı və  leyb-qrenadyor alayı da gəldi. Aleksandr Bestujev gələnləri qarşıladı və  onların düzülmə yerini göstərdi.

Üsyanın diktatoru polkovnik Trubetskoy meydana gəlmədi. Ümumi rəhbərliyi “kiçik epoletli və adsız-sansız” zabitlərdən heç kəs öz üzərinə götürməyə cürət etmədi.

Çıxış planı pozuldu. Diktatorsuz qalan üsyançılar  şiddətli soyuqda  xeyli dayanıb, nə edəcəklərini bilmədilər. Bestujevin dilətutmalarına baxmayaraq, dekabrist Yakuboviç  Qış Sarayını tutmaq və çarı həbs etməkdən ötrü  İzmaylov alayını  üsyana cəlb etməkdən boyun qaçırdı. Üsyana başlamaqda lənglik, qətiyyətsizlik, əhalinin üsyanı dəstəkləməməsi  I Nikolaya ona sadiq olan hissələri  çəkib gətirmək imkanı verdi.

Çar ağır silahlanmış süvariləri və topları dekabristlərə qarşı yeritdi. “İlk top atəşi ilə” — deyə, A.Bestujev yazırdı,  yeddiyə yaxın adam yıxıldı, ikinci atəşdə kare  sarsıldı, ölənlər və yaralananlar yerə yıxıldılar”.

Karteç (içi xırda güllələrlə doldurulmuş top gülləsi – R.Mirzəzadə) Bestujevin şlyapasını deşib keçdi. Üsyançıların sıraları pozuldu.  A.Bestujev qardaşı Nikolayla birlikdə  otuz-qırx əsgəri başına cəm etdi ki,  süvarilərin təzyiqi artsa, onları dəf etsin və  geriçəkilmə təmin olunsun.

Üsyanın gedişində Aleksandr Bestujev  istər-istəməz  meydanda baş hərəkətverici şəxs oldu.  Burada sonadək qaldı, üsyan etmiş hissələrə lazımi sərəncamlar verməklə,  böyük mətanət və dözüm göstərdi.  Süvarilərin hücumları onun komandanlığı altında dəf olunurdu.  A. Bestujev istintaqda göstərmişdi ki, əgər İzmaylov alayı onlara qoşulsaydı, o, komandanlığı üzərinə götürər və hücuma başlamağı qət edərdi, hücumun planı isə artıq onun başında hazır idi.

Çarizmə qarşı inqilabi çıxış axşamüstü yatırıldı. Dekabristlərin xalqdan uzaq düşmələri  üsyanın məğlub olmasının başlıca səbəblərindən biri idi.

Kütləvi həbslər başlandı. Bəzi zabitlərin təqsiri bir-birinin üstünə atmağa çalışdıqlarını eşidib, ertəsi gün   Bestujev könüllü olaraq Qış Sarayının hauptvaxtına  (hərbi qulluqçular üçün dustaqxana – R.Mirzəzadə) gəldi və sakit bir səslə növbətçi polkovnikə dedi:

—         Mən, Aleksandr Bestujevəm. Öyrəndim ki, məni arayırlar, özüm gəlmişəm.

Ardınca  o, I Nikolayın kabinetinə müşayiət olundu.

Öz səltənətinin ilk günündəncə I Nikolay  müstəntiqə və cəllada çevrilmişdi. Aleksandr  Bestujevi şəxsən dindirmiş və sonra təlimat vermişdi: “Yanınıza göndərilən   Bestujev, Alekseyev ravelinində (hərbi istehkamında) çox ciddi nəzarət altında həbsdə saxlansın” – dekabrın 15-də o, Petropavlov qalasına göndərildi.

Həbsə alınanı əhatə edən konvoy karaul (yanca gedən mühafizə dəstəsi – R.Mirzəzadə) növbətçisinin komandasını gözlədiyi vaxt Bestujev özü komanda verdi: “Marş!” – və karaulla ayaqlaşıb  addımlamağa başladı.

Qazamatda onun üst geyimini çıxarır və ona boz mahuddan məhbus xalatı verirlər. Üç gündən sonra Bestujevə 22 funtluq (girvənkəlik) buxov vurulur və iki aya yaxın bu ağır buxov onun ayaqlarında qalır.

Alekseyev ravelini ən bədnam,ən qəddar həbsxana kimi tanınırdı. Dekabrist  Aleksandr Semyonoviç Qanqeblov öz xatirələrində yazır: “Qazamatların divarlarından və tavanından hörümçək torları sallanır, hər yer tarakan sürüsü, qırxayaq, məryəmqurdu  və  mənim indiyədək görmədiyim, yalnız yarısının nəm divarlardan burnunu göstərdiyi digər həşəratlarla doluydu”.

Məhbus dekabristləri nadir hallarda bir qazamatdan digərinə köçürürdülər. Aleksandr Bestujev Nikolsk kurtinasındakı (iki istehkam arasındakı sədd – R.Mirzəzadə) 1 saylı qazamata salınmışdı.  Bu kiçik kameranın divarlarını kif basmışdı. “Sobalar qalananda, — deyə dekabrist Dmitriy İrinarxoviç Zavalişin yazırdı, —  qazamatlar göz-gözü görməyən tüstü-dumana bürünürdü, yəni çarpayıda oturub iki arşın aralıdakı qapını görə bilmirdin. Buxar soyuduqda su axınına çevrilir, onu vedrə ilə daşıyıb tökürdün”.

Qazamatlar dekabristlər üçün ağır  sınaq idi. Rifah və rahatlıq içində yaşamağa vərdiş etmiş zabitlər  məhbəsin təkadamlıq kameralarına  böyük çətinliklə  dözürdülər.

Məhbuslar adları ilə deyil, kameraların nömrəsi ilə adlanırdılar.Bir-biriləri ilə hər hansı ünsiyyətə yol verilmirdi. Məhbuslar dindirilməyə axşamdan keçmiş və ya gecə başlarına qara torba geydirilmiş  halda aparılırdı. İstintaq komitəsinin qarşısında   Bestujev özünü sakit aparırdı. Öz ifadələrində o, gizli cəmiyyətdəki rolunu hər cəhətdən kiçildirdi.  Lakin ədib şübhəsiz, dekabristlərin əsas özəyində görkəmli fiqur idi.

Həbsxanadakı tam  təcrid şəraiti  dekabristləri çətin vəziyyətdə qoyurdu. Onlar istintaqın necə getdiyindən, yoldaşlarının taleyindən xəbərsiz  idilər. Bir-biriləri ilə əlaqə qurmaq istəyi Mixail Bestujevi ünsiyyət üsulu tapmağa sövq etdi. O, “divar əlifbasını” – taqqıldatmanı “ixtira etdi” və  qonşu məhbuslarla sınaq əlaqəsinə başladı. Lakin bu əlifba yetərincə mürəkkəb idi. Aleksandr Bestujev ona  düzəliş edib təkmilləşdirdi. Bu “əlifba” sonralar  çar həbsxanalarında siyasi məhbuslar arasında  geniş yayıldı.

Çarizm  dekabristlərə  amansızlıqla divan tutdu. Ümumilikdə istintaqa və  məhkəməyə  579 adam cəlb olunmuşdu. Onlardan beşi – P.Pestel, K.Rıleyev, S.Muravyov-Apostol,  M.Bestujev — Ryumin  və  P.Kaxovski  dar ağacından asıldılar.

Kronverk kurtinasının arxasındakı çəmənlikdə, tonqal işığında  dekabristlər üzərində  mülki edam həyata keçirildi. Hökm elan edildikdən sonra Bestujevin başının üstündə dövlətin verdiyi qılınc sındırıldı, mundiri isə tonqalda yandırıldı.

Məhkəmənin  Aleksandr Bestujevə çıxardığı hökmdə göstərilirdi ki, “çarı öldürmək və imperator ailəsini qırmaq niyyətinə düşüb;  digərilərini buna təhrik edib; eləcə də imperator ailəsinin azadlıqdan məhrum edilməsinə  razılaşıb. Yoldaşlarını cəlb etməklə, təhrikçi  şeirlər və mahnılar qoşmaqla bunt (qiyam, iğtişaş – R.Mirzəzadə) qəsdində iştirak edib.  Qiyamda  şəxsən  fəallıq göstərib  və  aşağı rütbəliləri  buna qızışdırıb”.   Bestujevin təqsiri birinci dərəcəyə aid edildi və bunun üstündə onun başının vurulması hökmü çıxarıldı. Fəqət, I Nikolay “mərhəmət” göstərib,    10 iyul 1826-cı il tarixli fərmanında  hökm etdi: “Rütbədən və  dvoryanlıq hüququndan məhrum edilməklə, 20 il müddətinə katorqa  işinə, sonra isə  məskunlaşma  yerinə  göndərilsin”. (Sonralar onun katorqa müddəti 15 ilə endirildi).

I Nikolayın “mərhəmətinə” əsasən 1825-ci ildən sonra  onlarca, yüzlərcə  dekabrist  xidmət yeri olaraq Qafqaza göndərildi. Bunu xatırlatmaq yetərlidir ki, 1827-ci ildə Əlahiddə Qafqaz Korpusunun sıralarında  2800 dekabrist soldat vardı. “14 dekabr”  işində az — çox iştirakı olmuş  onlarca  şəxs  Qafqazda idi. Onlardan bir çoxu (polkovnik Miklaşevski,  kapitan  Semiçev, poruçik  Qanqeblov, podporuçiklər Malyutin, Rankeviç, Kojevnikov, praporşiklər Konovnitsın, Suxorukov və başqaları) Əlahiddə Qafqaz Korpusunun qoşunlarında xidmət edir və  məxfi nəzarət altında idilər.

Qeyd etdiyim kimi, Bestujevlər beş qardaş idilər.  Onların hamısı 14 dekabr 1825-ci il hadisələrinin axarına düşmüşdülər. Qardaşlardan ikisi – Nikolay və Mixail – Sibir katorqası və sürgününü yaşadı. Kiçiklər – Pyotr və Pavel inzibati cəzaya məruz qoyularaq, Qafqaza göndərildilər.

Dekabristlərin  işi ilə əlaqədar Ali cinayət məhkəməsinin fərmanı ilə məhkum edilmiş Bestujev rütbələrdən və dvoryanlıqdan məhrum olunmuş , 20 illiyə uzaq Yakutska sürgünə göndərilmiş, sonra da icbari xidmətə keçirilmişdi. Nə faciəli tale, nə də siyasi sürgünün dəhşətli sıxıntısı və sərtliyi  bu  hədsiz qüvvə  və  enerji sahibi olan  görkəmli adamın iradəsini qıra bilməmişdi.

1829 – cu ilin aprelində  “ dövlət  canisi”  Bestujev şəxsi zəmanətə əsasən  döyüş əməliyyatlarında  iştirak  etmək üçün sıravi  əsgər kimi Qafqaza  göndərildi. Təsadüfi atılan güllə yazıçının həyatına son qoya bilərdi. Vəzifədə yüksəlməyə  heç bir ümid yeri ola bilməzdi. Hər hansı igidlik və fədakarlıq onun əvvəlki mövqeyini qaytarmağa  qadir deyildi. Lakin onu qəti və inadlı bir sual düşündürürdü: İyrənc Yakutsk sürgününün zirzəmisində  ölməkdənsə, Qafqazda bir məşğuliyyət tapmaq doğru olmazdımı?..

Bestujevin  həyatı Elbrus və  Beştaunun zirvələri önündə yeni məna kəsb  etməli idi. Qafqaz onu solmaz gözəlliyi ilə heyran qoymuşdu. Yazıçı donuq yaşıl dağların namütənahi silsiləsindən və dərələrin çılpaq sıldırımlarından  zövq  alırdı. Qafqaz  onun nəzərində  poeziya və məhəbbət diyarı idi.

Tiflisə  gələn  kimi Tehranda Qriboyedovun öldürülməsi xəbərini eşitmiş, ovqatı pozulmuşdu. Bestujev dərdini heç kimə deyə bilmirdi. Peterburq isə çox uzaqda və əlçatmaz idi.

Burada, Qafqazda o, Bakıxanovla dostlaşdı. Azərbaycan dilini ciddiyyətlə  öyrənməyə  girişdi. Senat meydanındakı üsyandan sonra ilk dəfə olaraq Tiflisdə özünü doğma adamların arasında hiss elədi, burada o bir  çox  köhnə dostları və  tanış dekabristlərlə  görüşdü.

XX əsrin 20-ci illərdə Tiflis artıq Zaqafqaziyanın böyük mədəniyyət mərkəzinə çevrilmişdi. Bu illərdə  buraya dünyanın müxtəlif yerlərindən –London, Paris, Berlin, İstanbul, Qahirə, Kəlküttə, Buxara, Səmərqənd və s.şəhərlərdən çoxlu səyyah, alim, yazıçı və dövlət xadimləri gəlirdi.Burada həm Asiya, həm Avropa xalqlarının  nümayəndələrinə rast gəlmək mümkün idi.

Tiflis Rusiyanın mərkəzi ilə sıx əlaqə saxladığı üçün oradakı hər cür siyasi yeniliklər  və  inqilabi hərəkat özünü burada dərhal hiss etdirirdi.Rusiyada  getdikcə  genişlənən dekabrist hərəkatı Tiflisdə də böyük rəğbətlə  qarşılanmışdı. Dekabristlərin üsyanı müvəffəqiyyətsizliyə uğradıqdan sonra həmin hərəkatın şüarları on illər boyu rus inqilabçılarını ruhlandırırdı.Hərəkatın iştirakçılarının və ona rəğbət bəsləyənlərin bir qismi Zaqafqaziyaya  sürgün edilmişdi. Hətta demək olar ki, Tiflis 20-ci illərin ikinci dekabristlər ocağına çevrilmişdi.

Abbasqulu ağa Bakıxanov  20-30-cu illərin Qafqaz cəmiyyəti arasında məşhur idi. O, Küxelbeker, Yakuboviç kimi dekabristlərlə görüşmüşdü; onu Qriboyedovla, “Tiflisskiye vedomosti” nin redaktoru Sankovski ilə dostluq əlaqələri bağlayırdı. 1833-34-cü illərdə  Avropa və  Rusiyaya  səyahəti zamanı A.Bakıxanov dövlət idarəçiliyində təmsil olunan şəxslər, elm və incəsənət sahəsində tanınan adamlarla tanış olmuşdu. Peterburqda o, Puşkinlər  ailəsinə  baş çəkmiş,  dahi rus şairinin valideynlərinin məktublarından çıxış etsək, Puşkinlər ailəsinin əhatəsini təşkil edən şairlər və  yazıçılarla bir arada olmuşdu.

A.Bakıxanov  rus mədəniyyətini yüksək qiymətləndirirdi,  özü imkanı daxilində öz xalqı arasında  rus dilinin və rus ədəbiyyatının yayılmasına çalışırdı. Digər tərəfdən bu böyük maarifçi rus cəmiyyətinin  Şərq xalqlarının  zəngin və özünəməxsus mədəniyyəti ilə tanış olması üçün də  çox işlər  görürdü.

Bakıxanovun  milli təməl üzərində ucalan yaradıcılığı şübhəsiz, öncül rus mədəniyyətinin, ilk növbədə dekabrist ideyalarının müsbət təsirini əks etdirirdi. Dekabristlərin  azadlığa can atması,  vətənə  alovlu məhəbbətləri və  cəmiyyətin  ağıllı əsaslar üzərində qurulması üçün maarifçilik ideyalarını önə çıxarmaları – bütün bunlar Bakıxanova  çox böyük təsir göstərmiş və onun dünyagörüşünün formalaşmasının ideya qaynaqlarından biri olmuşdu.

Dövrünün dini xurafat və məhdudiyyətlərini dəf edən, feodal dünyasının sxolastik elmindən üz çevirən  A. Bakıxanov rus mədəniyyətinin qabaqcıl  nümayəndələrindən öyrənir, öz doğma vətənində Rusiya alimlərinin  elmi nailiyyətlərindən bəhrələnirdi. O, məhz rus dilini bilməsi, rus mədəniyyətini mənimsəməsi, uzaqgörənliyi sayəsində  Azərbaycanda bir sıra elm sahələrinin əsasını qoymuşdu. Azərbaycanda yeni astronomiya, coğrafiya, fəlsəfə, pedaqogika, filologiya  elmlərinin yaranması  A.Bakıxanovun adı ilə bağlıdır. O , rus yazıçılarından  A.S. Qriboyedov  və  A.S.Puşkinlə  yaxından dost olmuşdur. Onun həyatı, ədəbi və  elmi  fəaliyyəti  sürgündə olan rus dekabristləri, gürcü  inqilabi  xadimləri ilə  ideya ünsiyyəti şəraitində keçmişdi.

Bakıxanov iki mədəniyyətin – Yaxın Şərqin çoxəsrli inkişafı ilə bağlı olan qədim feodal mədəniyyətinin və yeni, mütərəqqi demokratik mədəniyyətin ayrıcında yaşamış və işləmişdi. O, böyük  Azərbaycan maarifçisi Mirzə Fətəli  Axundovun ideya  sələfi  idi.

Dövrün  şəraiti  və Azərbaycanın mənafeləri Bakıxanovu hərtərəfli alim- coğrafiyaşünas, tarixçi, astronom, filosof, rus şairlərinin ilk tərcüməçisi, satirik, nasir, jurnalist olmağa sövq edirdi.

Azərbaycan  xalqının tarixi keçmışınə nəzər salarkən  Bakıxanov onun gələcək inkişaf yolunu düzgün müəyyənləşdirmiş, öz diyarının tərəqqisi yolunda  mütərəqqi  Rusiya ilə dostluq və sıx ünsiyyətin vacibliyini göstərmişdir.

İlk dəfə Tiflisə gələndə  Abbasqulu ağa Bakıxanovun  25 yaşı vardı. 1819 –cu il dekabrın 30 –da o, Gürcüstanın baş hakiminin dəftərxanasında tərcüməçi  təyin olundu. Bu, onun parlaq xidməti və hərbi fəaliyyətinin başlanğıcı idi.

Hər şeyə maraq göstərən, biliyə həvəsli olan, yorulmaz Bakıxanov tarixi, ədəbiyyatı, coğrafiyanı öyrənir, ən müxtəlif elmi məsələlərlə maraqlanırdı. Eyni zamanda o illərdə hərbi şöhrətə daha çox can atır, döyüş meydanında ad –san qazanmağı arzulayırdı. Uşaqlıq illərindən silah tutmağı bacaran, təbiəti etibarilə cəsur olan Bakıxanov tərcümə işi ilə kifayətlənə bilməzdi. O, fəal əməllərə girişir, rus ordusu sıralarında özünə yer  tutmaq istəyirdi. Və bu yeri sonralar çox şərəflə tutmuşdu. Beləki, görkəmli ədib rus ordusunda general rütbəsinədək yüksəlmişdi. Bakıxanov başa düşürdü ki, zamanın ruhu və hər bir xalqın maarifi həmişə ədəbiyyatda və digər abidələrdə əks olunur. Bu amil onu Azərbaycanın müxtəlif əsrlərdə yaşamış görkəmli alim və şairləri haqqında əsərlər yaratmağa ruhlandırırdı.

Bakıxanovun yaradıcılığı çoxcəhətli idi. O, “Qanuni-Qüdsi” kimi filololi əsər yazmışdısa, onun “Kəşfül-qəraib”, “Təhzibül-əxlaq”, “Riyazül-qüds”, “Əsrarül-Mələkut”, “Kitabi-Nəsayeh”, “Ümumi coğrafiya”, “Eynül-mizan” və s. kimi elmi əsərləri də maraqla oxunurdu.O, həm də dövrünün böyük şairi olmuş, Azərbaycan bədii nəsrinin başlanğıcını qoymuşdu.

A.Bakıxanovun Azərbaycanın tarixinə həsr olunmuş “Gülüstani-İrəm” əsəri  görkəmli rus tarixçisi, ədəbiyyatçısı, “Moskovskiy jurnal” və “Vestnik Evropı” jurnalının redaktoru Nikolay Mixayloviç Karamzinin “Rusiya dövlətinin  tarixi” əsərinin böyük təsiri olmuşdur.

V.Həbiboğlunun qeyd etdiyi kimi, Abbasqulu ağa Bakıxanov da öz sələfləri kimi Tiflis ədəbi-ictimai mühitinə düşdüyü vaxt bu məşhur şəhərin gözəlliyi, əfsanəvi Kür çayının onu iki hissəyə bölməsi,şəhərin  gur ictimai həyatı onu  valeh etmişdi. A.Bakıxanov  da M.P.Vaqif  və bir çox başqa söz ustadlarımız kimi onun da həyatında böyük rol oynayan Tiflis haqqında gözəl bir şeir yazmışdır:

Qəm çəkmə, könül gər ciyərin qanə dönübdür,

Əyami-vüsalın şəbi-hicranə dönübdür.

Bülbül tək naləvi əfqanə dönübdür.

Tiflisə  nəzər qıl ki, gülüstanə dönübdür,

Hər bir gözəli afətü cananə dönübdür.

İrs ilə yetib bunlara asari-vəcahət.

Geysuləri sünbül tək alıb tabü təravət.

Qamətləri dünyaya salıb türfə-qiyamət,

Hər dilbərə bir növ verib rəngi-nəzakət,

Kür suyu məgər çeşmeyi-heyvanə dönübdü?

 

Hər şuxi-pəri peykər açıb türreyi-tərrar,

Dildadələri etmək üçün damə-giriftar,

Səyyadi sitəmkər bu guzərgah də çox var,

Ahubeçələr tək doludur kuçəvi bazar,-

Çin mülkünə bu mənzili-viranə dönünbdür.

 

Hər kim gələ Tiflisə  tamaşa  tələbindən,

Zülfi-ruxi-məhvəri görmək səbəbindən,

Görməz əsəri rahəti-can ruzi şəbindən,

Xoş ləhcə pərizadələrin ləli ləbindən,

Bu kişvəri-pürşur bədəxşanə dönübdür.

 

Bunlarda yarəb, nə səfadir fərəhəngiz,

Hər sərvədin şiveyi-rüxsari bəlaxiz,

Rüxsari-niku, türrəyi-mişkini dilaviz,

Hər əbruyi-xəm şəkildə bir xəncəri-xunriz,

Qan tökmək üçün hər müjə peykanə dönübdür.

Hərçənd bu gülzardə çox dilbəri gördüm,

Can qəsd edən şuxi-sitəmküstəri gördüm,

Arizləri mehtaba bərabərləri gördüm,

Əvvəl yetişən gündə ki, İsgəndəri gördüm,

Ayə bu nə mələkdir, dedim, insanə dönübdür.

Qüdsi ki, dəmi-qüds vurub lafi-təvəlla,

Tən  eylər idi görsə birin valehü şeyda,

Tərk eyləmiş islamı görüb bunları hala

İstər ola carubkeşi-səhni kəlisa,

Zünnar salıb boynuna Sənanə dönübdür.

Bu misralar Tiflis həyatında ilk addımlarını atan gəncin maraq dairəsinin müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edir. Gənc şairin sonrakı ictimai-ədəbi fəaliyyəti aydın göstərdi ki, o, heç də şeirdə deyildiyi kimi “Tiflisə  yalnız  tamaşa tələbindən” gəlib çıxmamışdı. O, getdikcə Zaqafqaziyanın mədəni mərkəzinə çevrilən belə bir şəhərdə Azərbaycan xalqını və mədəniyyətini təmsil etdiyini yaxşı başa düşür və özünün çoxtərəfli fəaliyyətində onun nüfuzunu qaldırmaq, başqa millətlərə  tanıtmaq üçün əlindən gələni əsirgəmirdi.

1816-1827-ci illərdə general Aleksey Petroviç Yermolovun zamanında Zaqafqaziyada İ.D.Talızin, N.P.Voyeykov, V.K.Küxelbeker, P.Kaxovski, V.A.Yakuboviç, A.Avenarius, P.X.Qrabbe, Fonvizin, Aleksandr və Nikolay Rayevski qardaşları, Q.İ.Kopılov və dekabrist  hərəkatının başqa iştirakçıları yaşayırdı.

Bunlardan başqa dekabrist zabitlərin çağırışı ilə Senat meydanında üsyan edən qrenader polku və Ukraynada dekabristlərin təhriki ilə hökumət əleyhinə qiyama qalxan Çerniqov polku da tamamilə Qafqaza göndərilmişdi.

Qafqaz ordu hissələrində bu illərdə məşhur dekabristlərdən N.İ.Semiçev, Molçanov, N.İ.Orjitski, Miklaşevski, Kojevnikov, Z.Q.Çernışev, Bursov, İskritski, Qolitsin, Bertsel, Vışnevski, qraf Musin, Puşkin və başqaları qulluq edirdilər.Bunlar ümumiyyətlə, rütbələri alınıb sıravi əsgərliyə keçirilən və Sibir sürgünündən Qafqazdakı hərbi əməliyyat cəbhəsinə göndərilən adamlar idi ki, çoxu müharibələrdə həlak oldu…

Böyük rus yazıçısı Vasili Trofimoviç Narejnı Qafqaz haqqında “Qara il” adlı ilk rus romanını yazmışdı.Demokratik fikirlərin ifadəçisi olan bu yazıçı həmin əsərində çarizmin və yerli mülkədarların zülmünü ifşa edirdi.

Dekabrist hərəkatı üstündə 12 il katorqaya məhkum edilən A.Odoyevski 1837-ci ildə Qafqaza köçürülmüş və 1839-cu il avqustun ortalarında Qara dəniz sahillərində ölmüşdü. A.Odoyevski Tiflisdə yaşayarkən burada həmin illər dövlət qulluğunda olan Azərbaycan ziyalıları ilə yaxın əlaqə saxlayırdı.

Bu illərdə Zaqafqaziyada yaşayan rus mədəniyyətinin görkəmli nümayəndələrindən biri də dekabrist yazıçı Aleksandr Bestujev-Marlinski idi. O,1829-cu ilin avqust ayında Yakutiyadan Qafqaz ordu hissələrinə sıravi bir əsgər kimi köçürülmüş və bu ildən başlayaraq  ta ölümünə qədər Qafqazın müxtəlif yerlərində; Dərbənddə, Tiflisdə, Kutaisidə, Axalsixe və başqa yerlərdə sürgün həyatı keçirmişdi.A.Bestujev Qafqaz ölkələrinin şəhər və kəndlərini gəzmiş, gəzdiyi yerlərin təbiətini,  xalqların adət və ənənələrini müşahidə etmiş və müşahidələrinin nəticəsi kimi bir sıra əsərlərini yazmışdı.

A.A.Bakıxanov görkəmli rus yazıçısının – Bestujev- Marlinskinin ağlına, dünyagörüşünə, yüksək mədəniyyətinə rəğbətlə yanaşırdı.Onların yaxınlığı bu müharibə dövründə az müddət çəksə də, Azərbaycan mütəfəkkiri rus yazıçısı ilə ünsiyyətdə olduğu vaxtda ondan çox şey öyrənmişdi.

Abbasqulu ağa öz tərəfdarına rast gəlmişdi.Onun qarşılaşdığı şəxsin çiyinlərində rus zabitinin zərli poqonları olsa da, o, əsl insan kimi müharibənin xalqların başına gətirdiyi fəlakətləri qəlbən duyurdu.

Onlar Tiflisdə də tez-tez görüşürdülər.Bestujev-Marlinski bir müddət Tiflisdə yaşadıqdan sonra Dərbəndə köçmüş və bir neçə il orada qulluq etmişdi.

Bir dəfə hər iki dost Tiflisdə görüşdüyü vaxt Bestujev-Marlinski Abbasqulu ağanı öz evinə dəvət edir.Axşamüstü olmasına baxmayaraq, o, dəvətdən boyun qaçırmır, fikirləşir ki, evə bir qədər gec gedər.Arvadı Səkinənin nigaran qalacağını bilsə də, etiraz da etmir.

Dostlar söhbət edə-edə gəlib evə çatırlar.Yüngülcə şam etdikdən sonra Bestujev-Marlinski ona Peterburqda dekabristlərin hazırladığı tarixi üsyan haqqında danışır, rus çarizminin bütün Qafqazda yeritdiyi siyasətə toxunur.

Abbasqulu ağa bu fədakar yazıçının ürək ağrısıyla dediyi hər sözü diqqətlə dinləyir. Dinlədikcə  də düşünür ki,  indi bütün Rusiya belə əqidəli insanlara olduqca möhtacdır…

Bestujevsə  bu sevincdən  də məhrum edildi. Ona “ Qafqaz Sibirinə” getmək təklif  olundu. O, qalan həyatını bu adı o vaxtlar daşıyan uzaq Dərbənddə, xəlvətdə və sıxıntı içində keçirməli idi. O , özünü sınıxmış, qəlbən düşgün hiss eləyirdi. “Bilmirəm, dumanlı vətənimi, hətta iztirab çəkdiyim və məhv olduğum bu vətənimi hansı cənnətdə unudardım. Mənə elə gəlir ki, orada mənim canlı ürəyim dəfn olunub, düşüncə və yuxularım da oraya uçur”.

Tofiq Rüstəmovun qeydlərindən: “1831-ci ilin yanvarında  Dərbənd qarnizon  batalyonundakı 1-ci rotanın sıravi əsgəri  Aleksandr Bestujev alman alimi doktor A.Ermana məktubunda təzə xidmət yerinə gəlib çatanacan gördüklərini belə təsvir edirdi: “İlin axırlarında mən Kür vadisi boyunca … şərqə sarı üz tutdum və Gəncədən, keçmişdə zərxarası, indi isə cəngiləri ilə məşhur olan Şamaxıdan keçib Dağıstana çatdım, yarım  ildə on iki min verstə qədər yol ölçdüm və bu müddətdə Sibir tundralarında qara samuru, Volqa ətrafındakı düzlərdə canavarı, Qafqaz təpələrində maralı, Lazistan uçurumlarında cövlan edən dağ keçisini, nəhayət, Dağıstan cəngəlliklərində  qabanları gördüm, — hamısını da quru səhralarda! Pərvərdigara! Yer üzü səhralarla necə də zənginmiş! — həm də vəhşi heyvanlarla, eləmi? — Həm də vəhşi heyvanlarla!

İndi mən Dərbənddə, tarixi ad-sanı və palçıqlı küçələri olan bir şəhərdə yaşayıram, yəni gün keçirirəm”.

Bu sətirlərin müəllifi dekabrist yazıçılar nəslinin qüdrətli nümayəndələrindən biri, dekabristlər hərəkatının görkəmli xadimi, A.S.Puşkin, M.F.Axundov  və  A.A.Bakıxanovun dostu, dövrünün tanınmış ədəbi tənqidçisi, şair və nasiri Aleksandr Aleksandroviç Bestujev-Marlinski idi. Buradaca qeyd edək ki, Marlinski onun ədəbi təxəllüsüdür və 1817-ci ildə  zabit rütbəsi aldıqdan sonra yaşadığı yerin  — Peterhof yaxınlığındakı Marli məntəqəsinin adı ilə bağlıdır”.

Buna baxmayaraq, Dərbənd bu uğursuz sərgərdanı qonaqpərvərliklə qarşıladı. Bestujev burada Azərbaycan dilini yaxşı öyrəndi, ona tanış olmayan xalqın adamlarına, musiqisinə, xalq yaradıcılığına vuruldu. Onun romantik povestləri – “Sınaq”, “Qorxulu fal”, “ Leytenant Belozor” burada yarandı. Dərbənd Marlinskini yeni yaradıcılıq üfüqlərinə ruhlandırdı, rus ədəbiyyatı üçün onu bir yazıçı kimi qoruyub saxladı…

Mikayıl Rəfilinin doğru olaraq qeyd etdiyi kimi, onlar – Bakıxanov və Axundov eyni yolla gedirdilər. Onların taleyini də canlı və həyati qayğılar birləşdirirdi. Və onlardan böyüyü özündən kiçiyə çətinliyi aradan qaldırmaqda, insan zəkasının parlaq zirvələrinə qalxmaqda kömək edirdi. Müxtəlif illərdə görkəmli yazıçı, maarifçi, şair, materialist filosof, ictimai xadim, Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi olan Mirzə Fətəli Axundovun “Hekayəti Molla İbrahim-Xəlil Kimyagər, “Hekayəti müsyo Jordan həkimi-nəbatət və dərviş Məstəli şah cadükuni məşhur”, “Sərgüzəşti-vəziri xani Lənkəran”, “Aldanmış kəvakib”, “Hacı Qara”, “Kəmalüddövlə məktubları” və s. əsərləri insan zəkasının parlaq zirvələrində özünəməxsus nur saçırdı.

Axundov çox oxuyurdu.O, səhrada susuzluğun uzun müddət taqətdən  saldığı və  nəhayət, sərin bulağa yetişmiş adamı andırırdı. Fətəli Karamzinin “Bədbəxt Liza”sını, Lomonosovun, Derjavinin şeirlərini mütailə edirdi.  Amma  Axundovun oxumaq yanğısı tükənmək bilmirdi. O, coğrafiyanı, tarixi öyrənir, Rusiyanın keçmişi ilə  tanış olur, uzun qış gecələrində  “Rusiya  dövlətinin  tarixi” ndən ayrıla  bilmirdi. Axundov ədib Senkovskinin nəşr etdirdiyi  “Tiflisskiye  vedomosti”nin  köhnə nömrələrini sonsuz  maraqla  vərəqləyirdi. O, Tiflisə  gələn  artistlərin  iştirak etdiyi tamaşalara  getməyi  sevirdi. Tiflisdə  daimi teatr hələ yaradılmamışdı. Hər şey yeni, maraqlı, cəlbedici idi.

Beləcə  Axundov yaddaşını biliklərlə daha çox zənginləşdirir, rus xalqının  mədəniyyətilə  ülfət bağlayırdı. Dünya da onun üçün başqalaşırdı. Fətəli qəti olaraq əmin idi ki, həyatının məqsədi  tapılmışdır; rusların nailiyyətləri ilə tanışlıq sayəsində o, öz xalqında mədəniyyətə məhəbbət oyatmağa, tərəqqi yoluna yönəltməyə kömək edə biləcəkdir.

Rus dilini öyrənmək, biliklərə yiyələnmək və təhsilli adam olmaq üçün Axundova üç il kifayət etdi. O, indi Azərbaycanın ən mədəni adamları ilə yanaşı addımlaya bilərdi. Bezikdirici və sanki bitməz – tükənməz dəftərxana işlərindən yorulan Axundov, ağır addımlarla evə, yarıqaranlıq və narahat mənzilinə qayıdırdı. O, özünü əldən – dildən düşmüş və xəstə hiss eləyidi. İdarədə o, qayda – qanuna tabe olmalı, kobud təhqirlərə  dözməli, gülümsəməli, hər gün özünü zorlayaraq savadsız və mənəviyyatsız rəislərlə  üzləşməli idi. Heç bir kimsə, hətta Bakıxanov da onun qəlbində nələr baş verdiyini bilmirdi. Bəzən o, qələmini götürərək, farsca ahəngdar şeirlər yazırdı. Amma bu, onu qənaətləndirmirdi. Onun istəyi daha geniş idi…

V.Həbiboğlunun qeyd etdiyi kimi, Aleksandr Aleksandroviç Bestujev-Marlinski  Qafqaza, onun nəcib və qonaqpərvər xalqına vurğun idi.O, sürgün olduğu yerlərdə -Sibirdə və Qafqazda yerli xalqın məişət tərzi, adət və  ənənələrini böyük maraqla öyrənirdi. Sonralar bu adət və ənənələr, əsrlərin süzgəcindən keçib xalqın həyat və təfəkkür tərzində formalaşmış inanclar yazdığı romantik povestlərin süjet və obrazlarına çevrilmişdi.

Aleksandr Aleksandroviç  ömrünün yeddi ilini Qafqazda və Azərbaycanda keçirmiş, burada qələmə aldığı povestlərdə, memuar xarakterli əsərlərində, yol qeydlərində xalq qəhrəmanlarının yaddaqalan obrazlarını yaratmış, Azərbaycanın əsrarəngiz təbii mənzərələri, xalqın həyat tərzi, məişəti, adət və ənənələri barədə dəyərli məlumatlar vermişdir. Xüsusilə qeyd etmək istərdim ki, dekabrist-yazıçı Bestujev-Marlinski  Azərbaycan xalqını Rusiyanın geniş oxucu kütləsinə tanıtdıran ilk rus yazıçısıdır. 1829-1834-cü illərdə Azərbaycanda olduğu müddətdə yazıçı xeyli şifahi xalq ədəbiyyatı nümunələri toplamışdır. Onun əsərlərində Azərbaycan sözləri və adlarının etimologiyasına tez-tez rast gəlmək olur.

Qafqaz  və xüsusən Azərbaycan həyatını Rusiyaya  və  Avropaya tanıtmaqda  Bestujev-Marlinskinin xidmətləri misilsizdir.O, gördüklərinin bir çoxunu heyranlıqla, övlad duyğusu ilə qələmə alır, ədalətsizliyə övlad qəzəbi ilə üsyan edir, gerilikdən, tərəqqiyə mane olan adətlərdən övlad yanğısı ilə söz açır, “mənim vücumda daimi olan bir şey varsa, o da bəşəriyyətə məhəbbətdir”, — deyirdi. Lermontovun bu ölməz misraları Aleksandr Aleksandroviçin də ruhuna hakim idi:

Vətənin dadlı, şirin  nəğməsi tək hey qəlbən

Sevirəm Qafqazı mən.

A. A. Bestujev-Marlinskinin yerli xalqlara  belə həssaslıq və qayğı ilə yanaşması təkcə o dövrün görkəmli xadimlərindən A. A. Bakıxanovun, M.F.Axundovun,  A.Çavçavadzenin, müxtəlif demokratik fikirli şəxsiyyətlərin deyil, həmçinin yerli əhalinin də diqqətindən yayınmadı.O, tezliklə Qafqazda hamının əzizinə çevrildi.Təsadüfi deyildir ki, yerli camaat və qələm dostları onu öz adı ilə yox, Qafqazda qazandığı İsgəndər bəy adı ilə çağırırdılar.O, özü haqda yazırdı: “Tatarlar ( azərbaycanlılar) mənim xətrimi çox istəyirlər, çünki onların adətlərinə hörmətlə yanaşıram, onların dilində danışıram, buna görə də hər dəfə düşmənlərə sataşmaq və onları acıqlandırmaq üçün damağımda çubuq barıya qalxanda, dərbəndlilər dəstə-dəstə başıma yığışırdılar”.

Aleksandr Aleksandroviç Bestujevi xalqa bu qədər sevdirən nə idi?

Yazıçının həyat və yaradıcılığını tədqiq edən Tofiq Rüstəmov yazır: “A.Bestujev -Marlinski Dərbənddə yaşadığı bir neçə ildə təkcə  Azərbaycan danışıq dilini deyil, həm də onun nəzəri əsaslarını mükəmməl öyrənmiş, qrammatika, üslubiyyat, etimologiya ilə bağlı dəyərli fikirlər söyləmiş, Qafqaz həyatından bəhs edən oçerklərində və bədii əsərlərində həm xalis Azərbaycan sözlərindən və ifadələrindən, həm də ərəb və fars dillərindən Azərbaycan dilinə keçən, yaxud azərbaycanlılara bəlli olan söz və ifadələrdən bol-bol misallar gətirmişdir…”

A. A.Bestujev-Marlinskinin dilimizi tatar dili adlandırması və ona xüsusi maraq göstərməsi təbii hesab olunmalıdır. Çünki türk dili XIX əsrədək və sonrakı əsrlərdə də bütün Qafqaz xalqları arasında mühüm ünsiyyət dili olmuşdur.Təsadüfi deyildir ki, A.A. Bestujev-Marlinski bu haqda  deyirdi: “Zaqafqaziya diyarının tatar dili türk dilindən az fəqlənir və fransızcanı bilib Avropanı başdan — başa gəzmək mümkün olduğu kimi, tatar dilini bilməklə də bütün Asiyanın o başından vurub, bu başından çıxmaq olar”.

Mixail  Yuryeviç Lermontov da bu dilə böyük maraq göstərmişdir: “Tatarcanı öyrənməyə başlamışam, burada və ümumiyyətlə, Asiyada  bu dil Avropada fransız dili kimi zəruridir”.

Rus tarixçisi, arxeoloqu və dövlət xadimi Stepan Dmitriyeviç Neçayev isə  dilimiz barədə dediyini xatırlatmaq yerinə düşərdi: “İndi Avropada fransız dili kimi tatar dili də Qafqaz xalqları arasında hamının işlətdiyi dildir”.

Alman yazıçısı, Rusiya və Qafqaz üzrə tədqiqatçısı  A.Fon- Qaksthauzenin yazdığına diqqət yetirək: “Bu dil Cənubi Qafqazda xalqlar arasında rabitə, ticarət və qarşılıqlı anlaşma dilidir, bu mənada onu Avropada fransız dili ilə müqayisə  etmək olar”.

A. A.Bestujev-Marlinski  özü isə bu fikri daha dolğun ifadə etmişdi: “Ümumiyyətlə, Qafqaz qətiyyən heç kəsə bəlli deyil: ona qara yaxıblar, saxta bəzək-düzək vurublar, amma günü bu günəcən onu tanımağa cəhd göstərən olmayıb”.

Yazıçı başqa bir yerdə isə deyir: “Qafqaza dinclik verin və yer üzünün cənnətini Fərat sahillərində axtarmayın: o, buradadır, o, burdadır”.

Bəli, cənnətməkan hesab olunan Qafqaz istər Bestujevdən əvvəl, istərsə  də ondan sonra çox şəxsiyyətlərin diqqətini cəlb etmiş, onları taleyin hökmü ilə öz doğma yurd-yuvasından tərpədərək, buraya gətirmişdi.

Bestujevlə  A.Bakıxanovun yaxınlığı hər iki sənətkarın yaradıcılığında və  dünyagörüşündə böyük rol oynadı. Şübhəsiz ki,  A.Bestujev-Marlinskinin  Azərbaycan dilinə belə böyük maraq göstərməsində Abbasqulu ağa Bakıxanovun özünəməxsus xidmətləri olmuşdur.Rus ədibinin Qubaya dərin maraq göstərməsində  Bakıxanovun təsiri şübhəsizdir. O, 1834-cü ildə Qubada olarkən yəqin ki, qələm dostunun evində qonaq qalmışdır.

Yazıçının  “Quba yolu”ndan qeydlər də çox maraqlıdır: “Qubaya yaxınlaşanda (mənim dilim gəlmir ki, oranı şəhər adlandırım) ətraf olduqca gözəl və şairanə idi. Meşəli dağ ətəyi birdən çuxura enir və Quba balaca bir ada kimi uzaqda, onun o biri sahilində görünməyə başlayır… Amma coğrafi dillə desək, “Şimali Dağıstanın bu iri şəhəri”nin olduqca gözəl havası vardır, burada heç vaxt toz olmur, bu balaca şəhərdə beş minə qədər əhali yaşadığına baxmayaraq, yenə boğanaq deyil, buranın iqlimi yalnız təzə gələnlər üçün əvvəllər xətərli olur, sonralar isə çox dözümlüdür. Qubanı əhatə edən meşələr zərərli buxarları udur və yayın qızğın atmosferini sərinlədir. Hərçənd qarlı dağlar arasıkəsilmədən şəhərə rütubət göndərir, ancaq havanın sərinləşməsində meşələr çox kömək edir: bu vilayətin buludları yağışdan başqa bir şey bilmir.

Quba öz xalçaları ilə məşhurdur: xalçaları ətraf kəndlərdə toxuyurlar.

General Yermolov buradakı xalça ustalarına gözəl Avropa çeşidləri vermişdir, elə indi də sifarişlə Avropa çeşidində Quba  xalçaları əldə etmək olar, özü də ucuz qiymətə…

Qubada xoş bir təsadüf mənə Qafqaz ailəsindən əziz bir xatirə kimi qəlbimdə qalan ikinci bir aləmi göstərdi. Qonaqpərvərlik, mehribanlıq, başqalarına qarşı mədəni olmaq, mülayimlik, uşaqlara qarşı diqqətli olmaq – bir sözlə, mən ailə məişətini də daxil etməklə, gündəlik həyat qaydalarının bütün məziyyətləri ilə tanış oldum.

Necə də gözəl, ağıllı uşaqlardır, onlar necə də analarının hər baxışını, hər sözünü, atalarının hər nəvazişini başa düşür və qiymətləndirməyi bacarırlar. Düzü, onlara baxanda, adam yenidən 10 yaşında uşaq olmaq və onlar kimi yaşamaq həvəsinə düşür…”

Bestujev-Marlinski  məhz Qubada eşitdiyi əhvalatlar əsasında “Molla Nur” kimi gözəl povest yaratmışıdr.İctimai ədalətsizliyə, istismara  qarşı çıxış  edən Molla Nur barədə eşitdiklərini öz gündəliyinə qeyd etmiş yazıçı, sonralar bu məşhur povesti yaratmaqla  XIX  əsrin birinci yarısında  rus ədəbiyyatşünaslığında  Azərbaycan  xalq qəhrəmanlarına qarşı qeyri-obyektiv , təhrif edilmiş fikirləri bir növ alt-üst etmişdi.

Məlim olduğu kimi, bu dövrdə Koroğlu, Molla Nur və digər xalq qəhrəmanlarının obrazları rus ədəbiyyatşünaslığında  təhrif olunur, onlar qaçaq, quldur kimi qələmə verilirdi.

Əlbəttə, xalq qəhrəmanı obrazının belə işlənilməsində, onun əsl simasının düzgün qələmə alınmasında Bakıxanovun da təsiri və məsləhəti olmamış deyildi.

Bestujevin  öz əsərlərində, məktublarında Azərbaycan dilində işlətdiyi ifadə, cümlə və sözlər təsdiq edir ki, yazıçı Azərbaycan dilini öyrənməklə ciddi məşğul olmuşdur. O, xalqın danışığı üzərində xüsusi müşahidələr aparmış, rus yazıçılarının hamısından əvvəl,  hələ 1834-cü ildə tanış olduğu  Azərbaycan dili haqqında çox yüksək fikir söyləmişdir. Bestujev-Marlinski  ədəbiyyatımızı, tariximizi, dilimizi sevmiş, onları həvəslə öyrənməyə çalışmışdır.

Bestujev  Azərbaycanın bir çox şəhərləri ilə tanış olmuşdur. Dərbənddə yaşadığı müddətdə dekabrist yazıçı islam dini mərasimlərini də maraqla müşahidə etmişdir.

Dərbənddən Axalsixeya köçürüldüyü  zaman Quba-Rostov-Qonaqkənd-Şamaxı-Nuxa və s. istiqamətində səyahət etmişdir. Bu səyahət yazıçının  “Yol oçerçkləri”də  geniş  təsvir edilmişdir. Rus bədii nəsrində birinci  olaraq Qafqazın, Azərbaycan və  Qubanın könüloxşayıcı təsvirini məhz Bestujev vermişdir. “Qafqaz  oçerkləri” kitabının  “Xəzərlə vidalaşma”, “Quba yollarında”, “Qonaqkənd vasitəsilə  Dağıstandan Şirvana dağ yolu”, “Köhnə Şamaxı yolunda axırıncı düşərgə” və s. fəsillərində  yazıçı Azərbaycan  haqqında maraqlı qeydlər etmişdir.  Azərbaycan mühitinə, həyat və şəraitinə bu qədər dərin meyl və rəğbətin yaranması ilk növbədə onun qələm dostu A.A.Bakıxanovun adı ilə bağlıdır.

Bestujev özünün “Quba yollarında” oçerki  və “Molla Nur” əsərində  XIX əsrin birinci yarısında yaşamış qubalı qaçaq Molla Nurun real surətini yaratmışdır.

İctimai ədalətsizliyə, istismara qarşı çıxış edən Molla Nur tarixi bir sima  idi. Bestujev-Marlinski 1834-cü ildə Qubada olarkən onunla şəxsən görüşmüş, həmin görüşün sənədli təsvirini vermişdir.

Bestujev Azərbaycan xalqı üçün əziz adam idi. O, yerli əhalinin dilində danışır, qoca və gənclərlə dostluq edir, sevincinə sevinir, kədərinə  şərik çıxırdı. Yerli azərbaycanlılar onu səmimi qəlbdən sevirdilər. Bestujev onlar üçün dost, oğul, qardaş olmuşdu. Camaat yazıçını İsgəndər bəy çağırırdı.

1834 – çü ilin yazında o, Dərbənddə uzun müddət qaldıqdan sonra şəhəri  tərk edərək, Tiflisə yola düşəndə, bütün şəhər camaatı – atlı və piyadalar onu tüfəng yaylımları və məşəllərlə  xeyli məsafə qət edərək  ta Samur çayınadək yola salmışdılar. Musiqiçilər, aşıqlar  çalır, hamı ətrafda oxuyur, rəqs edir, yaxşı yol arzulayır, bu gözəl insana xeyir-dua verirdilər. Adətə görə, ardınca soyuq bulaq suyu da atırdılar.

Tiflisə  gedən yol Azərbaycan kəndləri və şəhərlərindən keçirdi. Təngədə  o, coşğun dağ çayını keçərkən məşhur azərbaycanlı qaçaq Molla Nurla görüşdü, sonralar onun dediyim kimi, romantik obrazını eyniadlı povestində yaratdı.

Molla Nur  bu dərədən keçənlərə az miqdarda xərac qoymuşdu. Bir çoxları bu nəcib qaçağın ruslara qarşı xüsusi hüsn-rəğbətini qeyd edirdilər. O, nəinki rusları heç vaxt qarət etmir, əksinə, onlarla mehriban davranır və qayğı göstərir, məcrasına  sığmayan  çaydan keçirir, təhlükəli yerlərdə digər qaçaq-quldurlardan qoruyurdu. Ayrılanda, alma və ya nara qonaq edir və deyirdi ki, Molla Nuru yaddan çıxarma!

Dağıstana  aclıq-qəhətlik düşəndə  o,  quraqlıqdan zərər çəkməmiş olan  Şirvandan gətirdikləri taxılın hər çuvalından  buğda alır və onu dağ aullarının ən yoxsul insanlarının arasında  təmənnasız olaraq paylayırdı. Bununla o, ətraf yerlərin sakinlərinin o dərəcədə sevgisini qazanmışdı ki, bu insanlar Molla Nurun ələ verilməsi müqabilində təklif olunan puldan imtina edir və cəzalanmaqdan qorxmurdular.

Bestujevi  isə xəbərdar etmişdilər ki, Molla Nurla görüş təhlükə yarada bilər. Lakin o bilirdi ki, xalq tərəfindən sevilir və buna görə qaçaqdan çəkinmirdi. Demə, onların hər ikisi bu görüşü arzulayırmış.

Molla Nur öz əzəmətli atında vüqar  və cəsarətlə  oturmuşdu. Arxaya etinasızlıqla  aşırılmış İrəvan papağı qısa, qarasaqqallı xoş və mərd sifətini açırdı. Qaçaq ortaboylu, enlikürəkli və qamətli idi. Açıqqol  çuxasının altından qızıl işləməli zireh parıldayırdı. Çiynindəki tüfəngdən başqa yəhərin qaşına dayandoldurum tüfəng bərkidilmişdi. Xəncər asılmış qurşağındakı ilgədə  tapança gözə dəyirdi, belə tapançalardan ikisi də yəhərin hər iki tərəfindən asılmışdı.

— Mən səni üzdən tanımırdım, sənin adın da yadımda deyil, — cəsur qaçaq rus sərgərdanına müraciətlə dedi – Ancaq mən sənin canındakına bələdəm, sənin haqda mənə deyilənlərin hamısını xatırlayıram. Dünən Qubadaydım və mənə xəbər verdilər ki, sən tezliklə Şamaxıya yola düşməlisən. Bu minvalla mən səni gözləmişəm. Sən qeyri – ixtiyari qonaq olsan da, mənim əziz qonağımsan.

Qaçaq şairi sadə yeməyə qonaq elədi, dostluq əlaməti olaraq onunla tüfəngini dəyişdi. Dostcasına söhbətdə o, qonağına başdan başa həyəcan, təhlükə, əziyyətlərlə dolu həyatının tarixçəsini danışdı və  Bestujev sonralar onun adını məşhur povestində əbədiləşdirib, artıqlamasilə  qaçağın “borcundan çıxdı”.

Qonağı ilə xudahafizləşən Molla Nur atını səyirtdi. Lakin bu görüş yazıçının  yaddaşına  əbədi həkk olundu. Bestujevin nəcib ürəyi və ağlı, onun aydan arı, sudan duru vicdanı, taleyin didərgin saldığı cəsur azərbaycanlı haqda romantik hekayəti yaratdı. Bu , təkcə Molla Nur haqda hekayət deyildi, həm də doğma diyardan qovulan, hədsiz – hüdudsuz sevdiyi vətənindən uzaqda həlak olan Bestujevin özü haqqında idi.

Yazıçının povestdəki romantik qəhrəmanı Molla Nur şəxsi motivlərlə deyil, ictimai motivlərlə hərəkət edən igid, cəsur, mübariz bir şəxsiyyət idi ; V.Q.Belinski bu obrazı son dərəcə dəqiqliklə  “tatarların Karl Mooru” adlandırmışdı.

Həqiqətən  Molla Nur şəxsiyyəti alçaldan istibdad qanunlarına qarşı mübarizə pafosu sayəsində Şillerin romantik üsyankarı ilə bir sırada durur. “Molla Nur” əsərində yazıçının Azərbaycan mühitinə, xalqımızın adət və ənənəsinə, etnoqrafiyasına  nə qədər bələd olmasını göstərən misallar çoxdur. Belə ki, “Çax daşı, çaxmaq daşı, Allah versin yağışı”, “Siçan görəndə pələngə oxşayan pişik, aslan görəndə siçana döndü”, “Təpələrdən yel kimi, dərələrdən sel kimi, baş yastığa qoymayıb, göz yuxuya verməyib”, “Ocaqdan çıxar düşmən” və s.məsəllər onun xalq həyatına böyük marağının  ifadəsi idi.

Əsərin bəzi hissələrini oxuduqca elə güman edirsən ki, yazıçı azərbaycanca düşünüb, rusca yazmışdır.Burada hər obrazın özünəməxsus dili, üslubu, fikir və hərəkət tərzi var. Məsələn, İsgəndər bəy Molla Nurla, onun qaçaqlıq həyatı ilə tanış olduqdan, onun məskən saldığı yerləri gördükdən sonra əsl gənclik romantikası ilə deyir: “Ah, quş olub bir ay  qabağa uça bilsəydim, Kiçginəmi qanadıma alıb bu dağa gətirər, bütün gördüklərimi ona göstərərdim, bu füsunkarlığa  tək mənim baxmağım insafdan deyil, mən onun heyranlığından həzz alar, dodaqlarından qopan: “Gözəldir!”-sözünün eşitcək, bağrıma basıb deyərdim: “Sən daha gözəlsən!”

Əsərdə məşhur qaçağın və onun ömür-gün yoldaşı Gülşadın, igid İsgəndər bəyin və onun sevgilisi Kiçginənin, hiyləgər Mir Hacı Fətəlinin və Molla Sadığın, lovğa, lakin ürəyiaçıq Hacı Yusifin, zabitəli Dərbənd komendatının bir-birindən fərqlənən obrazları təsvir edilmişdir. Povestin hər bir fəslində, hər bir epizodunda müəllifin bədii, publisistlk istedadı ilə yanaşı, etnoqrafiyaya, folklora, Azərbaycan dilinə dərindən bələdliyi diqqəti cəlb edir.Yazıçı bir çox əsərlərində olduğu kimi, burada da müxtəlif söz, ifadə və hətta bütöv cümlələri Azərbaycan dilində  işlədir. Xüsusi qeyd etmək istərdim ki, Bestujev-Marlinski  “Molla Nur” povestində bütün fəsillərin epiqrafını da Azərbaycan dilində yazmışdır. Onun  azərbaycanca işlətdiyi söz, ifadə və cümlələr mətn daxilində seyrəltmə ilə verilir. Əsərin əvvəlində Molla Nur adının mənasını oxuculara təqdim edib yazır ki, Molla- təkcə ruhani yox, həm də savadlı, bilikli adam deməkdir; çox vaxt xüsusi ad kimi işlənir. Nur – işıq deməkdir, bu sözə mürəkkəb müsəlman adlarında tez-tez rast gəlinir.Məsələn, Dəryanur, Nur dəryası İran şahının ən qiymətli almazına verilən addır. Nurcan – Canın nuru, Nurəddin – Dinin nuru, Nurmahal – Mahalın nuru deməkdir. Tomas Mur “Hərəmxana ulduzu” (ingiliscə) adlı çox gözəl poemasının qəhrəmanı Nurmahalı səhv olaraq hərəmxananın nuru adlandırmışdır.

Əsərdə təsvir olunan İsgəndər surəti əvvəlcə xalqın ziddinə gedən, eyni zamanda  ruslara qarşı ədalətsiz mövqedə olması ilə  Molla Nurun düşməni kimi təqdim olunsa da, onu zindandan xilas edən, doğru yola çəkən, əməllərinə peşman etdirən də məhz Molla Nur olur. Əsərdən bəzi məqamlar:

“…Hava qaralanda müsəlman şəhərlərinin küçələri boşalır, evlər səs-küy və işıqla dolur, hər tərəfdən kasa və məcməyilərin cingiltisi eşidilir. Hər yandan zəfəranlı plovun ətri gəlir, külfətli müsəlman rahatca əl-ayağını uzadıb dincəlir, subay isə boş ocağın qabağında ikiqat dərdə mübtəla olur.

İsgəndər bəy ala-qaranlıqda nəyinsə vızıltı ilə pəncərədən döşəməyə düşdüyünü eşitdi. Bu, daşa bağlanmış kağız idi. “Molla Nurdan İsgəndər bəyə salam və ehtiram! Günahkar olub azad gəzməkdənsə, günahsız olub zindana düşmək yaxşıdır: buna inan!Hər şeydən xəbərim var, səni bəladan qurtarmaq üçün nə lazımsa, eləyirəm; qalanını allah düzəltsin! Səbr elə, ümidini itirmə: bəraət almağına az qalıb!”.

Doğrudan da ertəsi gün İsgəndəri komendantın hüzuruna çağırdılar, amma mənzil başına çatanacan azı iyirmi adam onun xoş günə çıxmağını təbrik etdi. Dərbəndlilər gənci bu sözlərlə qarşılayıb yola salırdılar: “Şükür Allaha! Allaha şükür! Qarətçilər ələ keçiblər.Qəniməti bölüşdürmək üçün Bəxtiyarın evinə yığışıblarmış, orada hamısını birdən tutublar: dördü ləzgi, ikisi, o cümlədən ev sahibi şəhərlidir.Oğurluq malları o yaramazın evində, ikiqat divarın arasında gizlədirlərmiş, buna görə də əvvəlki axtarışlarda bir şey tapmaq mümkün olmayıb. İndi daha oğru-quldur yuvası dağıdılıb, namuslu adamlar rahat yata bilərlər. İstintaq İsgəndər bəyə bəraət verib, üzü şəkərdən də ağ, adı şəkərdən də şirin olub!”.

İsgəndər bəy təbiətcə naşükür deyildi, xasiyyətdə həmyerlilərinə oxşamamışdı! O, rəisin alicənablığından təsirlənib xəcalət çəkdi, gözlərini açıb rusların ləyaqətli cəhətlərini gördü və illərdən bəri özünə yol tapa bilməyən inam hissi qəlbinə hakim kəsildi. İnam böyük şeydir! O, laqeydliyin unutdurduğu bütün xatirələri canlandırıb, gənclik hüsnünə, yenilməz qüvvəyə  çevirir. Biz inanırıqsa, bir adamın mərdliyini bütöv xalqa aid edirik, lakin onun mərdliyinə vurulmuşuqsa, bütün hərəkətlərində xeyirxahlıq görürük. Onda bir fikir qalan fikirlərə üstün gəlir və qəlbin ən dərin guşələrində xoş hisə çevrilib  çox vaxt qızğın ehtirasla üzə çıxır. Bu hiss fanatizm də olsa, mehribanlıq da olsa, məhəbbət də olsa, həmişə hörmətə layiqdir, çünki səmimidir, mənbəyi safdır.

Əvvəllər ruslara  nifrət bəsləyən İsgəndər bəy indi cani dildən onlara bağlandı. O, hər şeyi, sevgi macəralarını da, nifrət əzablarını da komendata danışdı; yalnız bir təmənnası oldu: sədaqətini işdə sübut etməyə imkan versinlər. Adəti pozduğuna görə onu danladılar; xoş niyyətinə görə təriflədilər. Axırda komendant dedi: “İsgəndər bəy, özün gördün ki, yaramaz həvəs səni yaman günə qoya bilərdi! Cızığından çıxanı nə Allah bağışlayar, nə bəndə: sən bir işdə nahaqdan müqəssir bilinmişdin, amma öz vicdanından soruş, o biri işdə haqlı idinmi? Adamın adını batıran təkcə mal oğurlamaqdırmı?..Taleyin hökmünə boyun əy və bil ki, yalanı yalanla doğrultmaq, əyri yolla səadətə yetmək mümkün deyil; onu da bil ki, yaxşı adam xəlvəti iş görməz: gecə və xəlvət quldurların və yalançıların bürüncəyidir. Sənin gələcək səadətin öz əməlindən, öz qeyrətindən asılıdır. Ruslar ləyaqətli şəxsləri seçib qiymətləndirməyi bacarırlar”.

“Molla Nur” povestində Bestujev-Marlinskinin əsərin mətnində istifadə etdiyi bəzi sözlərin və fikirlərin mənasına dəqiqlik və incəliklə  aydınlıq gətirməsi diqqətimi cəlb  edən maraqlı  faktlardandır.

“Mollalar müstəsna  sinif təşkil etmirlər və çox vaxt ticarətlə məşğul olur, döyüşə gedir, karvanbaşılıq eləyirlər”.

“ Məhəmməd Allahın doxsan doqquz adını möminlərə xəbər verib, amma insan onun yüzüncü adını bu dünyada öyrənə bilməz, o, yalnız mələklərə  məlumdur. Həmin yüzüncü adın aranıb axtarılması müsəlmanlar üçün iksir axtarmaq kimi bir şeydir”.

“Yeri gəlmişkən Dərbəndin adı haqqında. Dərbənd Şərq coğrafiyasında  çox rast gəlinən fars sözüdür, mənası dərəni və ya ensiz keçidi qapayan məntəqə, qala deməkdir. O, iki fars sözündən düzəlib: dər — qapı və bənd — bağ, kilid. Zaqafqaziyalılar  onu heç vaxt Dəmir qapı adı ilə tanımayıblar. Ərəblər Qafqaz  Dərbəndinə Bab əl-əbvab, qapılar qapısı, baş qapı və baş keçid deyiblər”.

“İranda siyasi iğtişaşların qurbanları olan gözü çıxarılmış dilənçilər çoxdur. Gözüm üstə ifadəsini bu mənada qəbul etmək lazımdır; sənin buyruqlarını yerinə yetirəcəyimə gözlərimlə and içirəm!”.

“Məhəmməd Quranın bəzi surələrində adi sərlövhə, bismillah əvəzinə ərəb əlifbasından iki hərf qoyur. O, deyirdi ki, həmin hərflərin mənası təkcə allaha məlumdur: bu kitabı allahın dilindən Cəbrayıl yazmışdır”.

“Özdən – “öz” sözündən və  “dən” şəkilçisindən  yaranmış  tatar sözüdür. Mənası özü özündən asılı olan, özü — özlüyündə yaşayan deməkdir. Bu söz yalnız Ləzgistanda məlumdur və nahaq yerə rus çərkəzlərinə aid edilir.

Özdənlər Rusiyada məskən salan özgə xalqlardan biridir.Onların xanlar qarşısında borcu yalnız dava vaxtı qulluq etmək və çapar getməkdir:başqa vergilərdən azaddırlar.Bəzən xüsusi özdən kəndlərində yaşayırlar; əksər hallarda xanların qulları arasında səpələnmişlər, mənşəcə yerli əhalini özlərinə tabe edən döyüşçülərin  nəslindəndirlər. Köləlikdən azad olunanlar hesabına xeyli artmışlar. Dağların dərin yerlərində onlar daha döyüşkən , daha müstəqil və sayca daha çoxdurlar” və s.

Bestujev-Marlinskinin fərdi üslubu son dərəcə maraqlı olmaqla bərabər, həm də çox mürəkkəbdir. Bunu müəllif özü də dəfələrlə etiraf etmişdir.

O,1831-ci ildə Dərbənddən yazıçı Arnold Maksimioviç  Andreyevə  göndərdiyi məktubda yazırdı: “İbarələr barədə iradınız tamamilə haqlıdır- amma mənim təbiətim belədir: adi danışığıma bələd olan hər kəsin yadına düşər ki, mən istər-istəməz bəlağətlə, bənzətmələrlə danışıram”.

1837 – ci ilin əvvəlində Bestujev yenidən Tiflisə  gəldi. Yazıçı Tiflisdə polkovnik Pototskinin evində yaşayırdı ki, Axundov da tez-tez burada olurdu. Onlar Pototskinin mənzilində görüşüb tanış olmuşdular.

Bir axşam Axundov taxtın üstündə dirsəklənərək “Tiflis” qəzetini oxuyurdu. Birdən qapı döyüldü. O, gözlərini qəzetdən narazı halda ayıraraq, səsləndi: ”Gəlin! ” Otağa yüngül addımlarla Bakıxanov daxil oldu. Fətəli şən təəccüb hissi duydu, çünki görkəmli alim adətən onu öz yanına dəvət  edərdi və indi yoxsul məmura baş çəkərkən öz gənc dostunu feyziyab eləmişdi. Axundov dərhal anladı ki, Bakıxanovun gəlişi nə isə vacib bir səbəblə bağlıdır.

— Rica edirəm, keçin, xan! Sizin gəlişinizə mən çox şadam.

— Yox, yox, ləngiməyəcəm. Gedək Pototskigilə. Mən səni yazıçı Bestujevlə tanış edərəm.

Axundov geyindi və onlar çıxdılar. Bestujev Pototskinin mənzilində onları gözləyirdi.

Fətəli onu üzdən tanımırdı, lakin pəncərənin yanında duran yad adamı görən kimi duydu ki, bu odur- rus yazıçısıdır. Bestujev hündürboylu idi, açıq gözəl üzündə keçirdiyi əzablardan əsər — əlamət yox idi. İri qara gözlərində aydın ağlını duymaq olardı və bu, Axundovu heyrətləndirirdi.

Bakıxanov dedi: “ Yazıçı Aleksandr Bestujevi sizə təqdim etməyi özümə şərəf bilirəm”.

— Bu nə sözdür, xan? – Bestujev cəld dilləndi. – Ona inanmayın, cənab Axundov. Dostumuz şairdir, şairlərsə… – o, gülümsündü – həmişə mübaliğəni sevirlər. Mən sadə rus adamıyam və əgər bilmək istəyirsənizsə, sürgündə olan zabitəm, özü də sıravi əsgər rütbəsinə endirilmiş zabit.

Yalnız bir anlığa onun üzü işıqlandı, sonra simasına kədər çökdü.

Qonaqları iltifatla taxtda oturmağa dəvət etdilər.

—     Mənə bəlli idi ki, siz Tiflisdəsiniz – Axundov sakitcə dedi : — mən sizin gözəl əsərlərinizlə tanışam. Dostumun dostu həmişə mənim ürəyimcə olacaq…

Bu dövrdə Axundov poeziyaya tez – tez müraciət edir və Şərqin klassik şairləri üslubunda şeirlər yaradırdı. Bir qayda olaraq, o, şeirlərini gecələr yazırdı. Evdə hazırlanmış piy şamlar onun otağına sönük işıq salırdı. Fətəli xalça üzərində bardaş qurub oturmaqla işləyir, asan olmaq üçün kağızı xüsusi altlığın üzərinə qoyaraq, qamış qələmlə yazırdı. Çox yazmaq lazım gəldiyindən əli tez yorulurdu. Kağızları, o, yazı stolunu əvəz edən kiçik sandığa qoyurdu.

Axundovun sadəliyi, qılıqlığı adamları ona cəlb edirdi.O, gülməyi, zarafat eləməyi  sevirdi, olduqca xoş müsahib idi. Bu, Bestujevin xoşuna gəlir və onun yanına təkcə Azərbaycan dili ilə məşğul olmaq üçün yox, həm də dostcasına vaxt keçirmək üçün tez – tez təşrif buyururdu. Mirzə Fətəlinin də Bestujevin evinə get – gəli vardı.

Belə görüşlər Axundova çox şey öyrədirdi. Bunlar əsl həyat məktəbi idi. Aleksandr Aleksandroviç Bestujevlə söhbətlərindən o elə çox şey öyrənmişdi ki, bunları heç vaxt kitablardan öyrənə bilməzdi. Fətəli tədricən anlamağa başladı ki, Rusiyada xalq əsarətdə yaşayır və orada qanunsuzluq və ədalətsizlik mövcuddur. O dərk etdi ki, həyat bu vaxtadək göründüyündən daha mürəkkəbdir.

Tiflisdə bir neçə il əvvəl rus mütləqiyyətinə qarşı varlı əsilzadələrin və keçmiş gürcü çarının bəzi qohumlarının iştirak etdiyi qəsdin üstü açılmışdı. Gürcü  zadəganlarının rus çarına qarşı çıxmaq istədiyi Axundov üçün anlaşıqlı idi. Onlar Baqratilər başda olmaqla, gürcü çarlığını bərpa etmək istəyirdilər. Amma ruslar niyə öz çarlarına qarşı çıxırlar – bunu, o, uzun müddət dərk etməmişdi. Yalnız  Bestujevlə söhbətləri sayəsində əsl həyat həqiqətini  görməyə  başladı. Deməli, çar və rus xalqı eyni şey deyildir. Rusiyanı  sevmək  rus xalqını sevmək deməkdir, daha rus çarını yox. Mütərəqqi  rus  ədəbiyyatını çarlar deyil, lomonosovlar, radişşevlər, karamzinlər, krılovlar, puşkinlər  yaratmışlar.

Tale  Bestujev-Marlinskini Qafqaz döyüşlərinin müxtəlif sahələrinə atırdı. Döyüş igidliklərinə görə o, zabit rütbəsini qazanmışdı. Lakın özünə qarşı qılınc qaldıranları heç vaxt unutmayan çar, rəhmsiz və daşürəkli idi. Hökm öz qüvvəsində saxlanılmışdı.

Çar  Qriboyedovu İrana göndərilmiş və fanatik kütləyə onu parça – parça etmək imkanı vermişdi. “Ağıldan bəla” müəllifinin başı əvəzində, İran şahının tacından bir neçə brilyant qoparan, rus zabitlərini sürgünə göndərən o deyildimi?! Həqiqət haradaydı? Çara necə münasibət bəsləməli? Axundov bu suala cavab verə bilmirdi. O, özü də çara qulluq edirdi. Budur, artıq onun çiynində daşıdığı epoletlər, bunlar da çara məxsus idi, nə etməli? Ona elə gəlirdi ki, əgər dövlət qulluğuna girsə, işləri düzələcəkdir: o, bəxtiyar olacaq və xalqına kömək edə biləcəkdir. Demə, bu iş asan deyilmiş. Hələ çox oxumaq, Rusiyanın ən yaxşı nümayəndələri ilə yaxından tanış olmaq lazımdır. Bəlkə onlar bu narahatlıq doğuran suala – nə etməli? – sualına cavab verməkdə ona kömək edəydilər.

A.Berjenin yazdığına görə, A.Bestujev Azərbaycan dilini daha yaxşı öyrənmək məqsədi ilə M.F.Axundovdan dərs alırdı. Fətəli, 1836 – cı il dekabrın 8 – dən canişin dəftərxanasında işləməklə yanaşı, Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi işləyirdi.

Axundov da əvəzində ondan rus ədəbiyyatını öyrənirdi.Onların arasında qarşılıqlı ünsiyyət və dostluq yaranmışdı.

Gənc Axundov vətənpərvər dekabristin təsiri ilə rus klassiklərinin əsərlərini böyük bir ehtirasla oxuyaraq onlara valeh olurdu.O, bu zaman dahi Puşkinin alovlu pərəstişkarlarından biri idi. Axundovla  A.Bestujev arasında ünsiyyətin möhkəmləndiyi bir zamanda Rusiyada bədbəxtlik gətirən böyük bir hadisə baş verdi. Bu bədbəxt hadisə dahi rus şairi A.S.Puşkinin öldürülməsi idi.

Bir dəfə axşam vaxtı söhbətə başları qarışan Bestujev və  Axundov Tiflisin küçələri ilə uzun müddət dolaşdılar. Hərdən yoldan ötənlərlə rastlaşırdılar. İki dost geniş və açıq şəhər meydanına çatanda, qarşıdan David dağının mənzərəsi açıldı.

— Orada, — Bestujev dağ tərəfi göstərdi: — Qriboyedov dəfn olunub. Onun adı Aleksandr idi. Mənim də adım Aleksandrdır.

— Aleksandr  Aleksandroviç! Niyə siz tez – tez ölümü xatırlayırsınız? Məgər siz ondan qorxursunuzmu?

— Xeyr, əzizim, ölüm deyil qorxduğum…

Onlar yanaşı dayanmışdılar. Buludların arasından təzə doğmuş ay göründü, Davidin zirvəsini gümüşü şəfəqə boyadı.

— Mən ölümdən qorxmuram! – Bestujev davam etdi: Amma mən bilirəm ki, əcəlim burda, sizin dağlarda tamam olacaq. Aleksandrın birini cahil kütlə öldürdü, məni isə güllə öldürəcək.

— Siz yazıçısınız. Sizi sevirlər, sizi qorumalıdırlar.

— Mirzə Fətəli, hələ gəncsiniz və bilmirsiniz ki, bizi qəsdən güllə qabağına  göndərirlər…

— Kim sizə ölüm arzulaya bilər ?

— Çar. Rus çarı! O, bizim heç birimizi bağışlamayacaq. Sürgündəkilərin nəsibi ölüm olacaq.

Bir dəstə tiflisli səs – küylə onların yanından keçdi.

-Tiflisdə  şadyanalıqdır… olmaz gürcü gecəsindən, lakin mən burada boğuluram, ölüm istəyirəm, o isə məndən qaçır.

-Siz gərək əylənəsiniz.

— Öz qüvvə  və imkanım daxilində  arabir əylənirəm. Sonra düşünərək əlavə etdi: — Yeri gəlmişkən, sabah yanıma dostlar gələcək. Gəlin. Köhnə kaxet şərabı içəcəyik. Musiqi də olacaq. Şərq mahnılarını da eşitsəydik, yaxşı olardı.

— Mənim aşıq Səttar adlı köhnə tanışım var. Yaxşı müğənnidir. Bəlkə gətirim onu ?

— Əlbəttə. Mütləq onunla gəl.

Onlar xudahafizləşdilər. Bestujev getdikcə uzaqlaşan Axundova səsləndi:

-Aşıq Səttarı unutma!

Ertəsi gün xidmət işləri qurtaran kimi Bestujevin qonaqları bir yerə cəm oldular. Axundovla birlikdə aşıq gəlmişdi.

Məclis  arəstə idi. Səttar acı, uğursuz həyat haqqında oxuyur, dəf boğuq səslər çıxarır, kamança sızıldayırdı.

Dostlarının  əhatəsində, əllərini sevgiylə onların çiyninə qoyan Bestujev, Axundovla yanaşı oturmuşdu. Onun gözlərində kədər, dodaqlarında deyilməmiş şikayət vardı. Buxarının alovu üzlərə parlaq şəfəq saçırdı. Mahnınınsa  ardı – arası kəsilmirdi.

Nəhayət, alqış dalğası eşidildi. Səttar və musiqiçilər yüngülcə  təzim etdilər. Denşik ( çar Rusiyasında zabitlərə şəxsi xidmət göstərən hərbçi) tələsik hamının qarşısından keçərək badələrə şərab tökdü. Kefi kökəlmiş Bestujev denşikə hündürdən dedi:

-Musiqiçilərə  şərab!

-Sağ ol, ağa, — Səttar dilləndi. – Biz müsəlmanıq. Şəriət şərab içməyi bizə haram buyurur.

Bestujev əlində badə musiqiçilərə yanaşdı, gülümsəyən Axundovu göstərdi. Fətəli ayaq üstə dayanmış və  nə barədəsə danışaraq müsahibi ilə badə — badəyə vururdu.

-Mirzə Fətəli də müsəlmandır. Bəs nədən şəriət ona icazə verir, sənə yox?

-O, cavandır, çox şeyə icazəsi var. O, mənim dostumdur və hər ikimizin yerinə içir. Belə deyilmi, Mirzə?

Axundov Səttarın sözlərini eşitdi. Dönərək dedi:

-Bu doğrudur, Səttar. Mən ikimizin yerinə içirəm. Bəs bizim kamançaçı niyə içmir? O ki, xristiandır…

Kamançaçı ona gətirilən şərab üçün təşəkkür elədi:

-Səttar can! Qonaqlar üçün bir xalq mahnısı səsləndirək, — deyə o, təklif etdi.

Musiqiçilər alətləri köklədilər, dəfin cingiltisi eşidildi. Gənc gürcü rəqs etməyə başladı. Onun dalınca qoca aşıq Səttar da oyuna girişdi. Qonaqlar  gülümsəyir, sağlıqlar deyirdilər.

Rəqsi qurtaran kimi, gürcü masaya yanaşdı, badəni əlinə götürdü və “Vakx nəğməsi”ni oxumağa başladı:

Qaldıraq badələri, bir nəfəsə boşaldaq

Yaşasın ilahələr, yaşasın zəka!

Sən ey müqəddəs günəş, yan qurtar!

Bu çıraq solğunlaşır

Aydın dan şəfəqinin önündə

Beləcə yalançı müdriklik  sayrışaraq közərir

Ölməz  zəka günəşinin önündə,

Yaşasın günəş, qeyb olsun zülmət!

Qapı birdən vıyıltı ilə açıldı. Müdhiş külək otağa doldu. Buxarının üstündəki şam söndü. Bakıxanov yapıncısını çırparaq, içəri daxil oldu. Denşik onun ardınca qapını bağladı.

Bakıxanov nədənsə həyəcanlı idi. O, gözlərilə Bestujevi axtarırdı.

-Cənablar, buraxın bu şənliyi!

-Nə var, nə olub?

-Peterburqdan ağır xəbər gəlib! Puşkin dueldə öldürülüb!

O ağır – ağır stula çökdü. Gözləri yaşla doldu. Düşüb qırılan badə cingildədi. Onu Axundov əlindən salmışdı. Musiqiçilər səksəkə və anlaşılmazlıqla  baxırdılar.

Qonaqlar  səssiz —  səmirsiz  dağılışdılar. Otaq sükuta qərq oldu. Sadə məclisin yadigarı isə yalnız döşəmədə sınıb qalan badə oldu.

Axundovun yola saldığı aşıq Səttar soruşdu:

-Mirzə, Puşkin kimdir?

-O da aşıqdır, Səttarcan. Böyük rus aşığıdır. Onu öldürmüşlər.

Səttar başını qürurla qaldırdı, əlini öz gənc dostunun çiyninə qoydu.

-Aşıqlar heç vaxt ölmürlər, Mirzə. Aşıq xalqın oğludur. Rus xalqı böyük xalqdır. Onun aşığı heç vaxt ölməz.

Bakıxanov Puşkini, onun qohumlarını yaxşı tanıyırdı və şairin faciəli ölümündən sarsılmışdı. Qriboyedov və Puşkinin şəxsində o, ən yaxşı dostlarını itirmişdi…

1837-ci il fevralın 10-da Puşkinin öldürülməsi xəbəri Rusiyanı sarsıtdı. İmperiyanın hər yerində bu ağır itki böyük milli matəm kimi qarşılandı, M.Y.Lermontov, A.V.Koltsov, F.İ.Tutçev, V.K.Küxelbeker, A.İ.Polejayev, N.P.Oqaryov, bütün mütərəqqi rus şairləri böyük şairin ölümünə matəm şeiri yazdılar. Şairin qətlini hazırlayan Peterburq sarayına dərin nifrət və qəzəb bu şeirlərin əsas ruhunu təşkil edirdi. Dekabristlər və onlara rəğbət bəsləyən  namuslu ziyalılar öz məğrur səslərilə  “qatili tutun!”- deyə rus çarı Nikolaya  işarə  edirdilər.

Şair, publisist və inqilabçı Nikolay Platonoviç Oqaryov “Şairin ölümünə” adlı şeirində çarı və saray əyanlarını Puşkinin əsl qatilləri adlandırırdı. Puşkinin ölümündən dərin matəm kədərinə tutulan M.Y.Lermontov isə özünün məşhur “Şairin ölümü” şeirində:

Siz ey səadəti tapdayıb keçən,

İncik nəsillərin qanını içən.

Təxtü-tac başına toplaşan yığın!

Dühanın, şərəfin və azadlığın

Qatı cəlladları! Bacardıqca siz

Qanun ölkəsində pərdələnininz!-

-deyə azadlıq, səadət, şərəf və düha cəlladlarını nifrət və lənətlə damğalayırdı.

Puşkinin müasirləri onun ölümünü özlərinə, öz vətənlərinə üz verən ağır bir itki kimi qarşılayırdılar. Bütün mütərəqqi  adamların qəlbində onun dərin məhəbbəti yaşayırdı. Şairin faciəli ölümündən xəbər tutan və dərin kədərlənənlər “rus şeirinin günəşi batdı”, “milli şərəf və iftixarımız”, “Rusiyanın  böyük şairi və mütəfəkkiri Puşkin yaşının  çiçəkləndiyi və fəaliyyətinin  geniş vüsət kəsb etdiyi bir dövrdə həlak oldu” – deyə, böyük şairin ölümünə ürək yanğısı ilə ağlayırdılar.

Puşkinin  ölüm xəbərindən sarsılan  A.Bestujev-Marlinski Tiflisdən qardaşına göndərdiyi məktublarının birində yazırdı: “Puşkinin faciəli ölümü mənə çox ağır təsir etdi…Bütün gecəni gözümü yuma bilmədim; səhər tezdən artıq müqəddəs Davud monastrına gedən sıldırım dağın üstündə idim. Oraya gəlirkən ruhanini çağırıb  Qriboyedovun qəbri üstündə, şairin ayaqlar altında tapdalanan daşsız, kitabəsiz  qəbri üstündə dua oxumağı ondan xahiş etdim. İndi ağladığım kimi ağladım, yandırıcı göz yaşlarımla ağladım, dostuma, həyatımın yoldaşına və özümə ağladım. Ruhani “öldürülən boyar Aleksandr və  Aleksandr” sözlərini oxuduğu zaman zar-zar ağladım, az qalmışdım ki, boğulam. Bəli, məni də belə qeyri-adi və zorakı ölüm gözləyir; bunu mən artıq indidən hiss edirəm. Nə mənhus bir tale zəmanəmizin şairlərinə üz verməkdədir. Budur, artıq üç şair həlak oldu; özü də nə cür bir ölümlə…”.

Təhkimçi  Rusiyanın bütün dəhşət və  ağırlıqlarını özündə hiss  edən bu nəcib rus yazıçısı – Bestujev- Marlinski  öz  azərbaycanlı dostu Səbuhini (M.F.Axundovu) dekabristlərin  əlində qüvvətli bir təbliğat silahı olan Puşkinin  şeirlərilə  ruhlandırmışdı. Puşkin  bu zaman gənc Axundovun nəzərində şeirin bütü idi. Buna görə də şeirlərinə valeh olduğu və pərəstiş etdiyi şairin ölüm xəbəri onu da bərk sarsıdaraq, ruhunda dərin kədər doğurmuşdu. O da bu sənət günəşini söndürənlərə qarşı dərin nifrət yağdırmış, onun ölümünə ürəkdən ağlamışdı. Bu münasibətlə də özünün ən yaxşı şeiri olan “A.S.Puşkinin ölümü haqqında Şərq poeması”nı yazmışdı. Bu poemanı Axundov fars dilində yazmış və onu ilk dəfə özü farscadan  ruscaya  nəsrən  tərcümə etmişdi. Bu tərcüməni əsli ilə birlikdə o zamanlar Tiflisdə  və onunla bir yerdə əməkdaşlıq edən rus yazıçısı İvan İvanoviç Klementyevə  təqdim etmişdi. Klementyev də heç bir dəyişiklik etmədən onu çap olunmaq üçün Moskvaya,  “Moskovskiy  nablyudatel” məcmuəsinin  redaksiyasına  göndərmişdi.

“Moskovskiy  nablyudatel” məcmuəsinin  redaksiyası Klementyevin qeydlərini bəyənərək, poemanı bu gün də yetərincə maraqlı olan şərh ilə (farsca yazılmış bu poemanın orijinalı 1936-cı ildə aşkarlanmış və Bakıda  çap olunmuşdu) çap etmişdi: “Farsca  yazılmış bu gözəl mənzuməni biz ruscaya müəllifin özü tərəfindən edilmiş tərcümə ilə birlikdə  Tiflisdə  olan  İvan İvanoviç Klementyevdən almışıq. Mənzumə ilə birlikdə  Klementyevin göndərdiyi məktubdan bir neçə sətri təqdim edirik: “Sizə, Qafqaz və Bağçasaray nəğməkarının Şərqin gənc, bir çox baxımdan böyük ümidlər bəslənən şairinə göstərdiyi təəssüratı publikanın nəzərinə çatdırmaq, əlbəttə, xoş olacaqdır. Orijinalı əl ilə,  ərəb şrifti  ilə, oxunuşu asan, çox asan bir tərzdə yazılıb. Mən əminəm ki, bəzi yerlərin sərt və qəribə görünən ifadələri Şərqin Avropa düşüncə tərzinə bu qədər əks olan təfəkkür tərzinin ayağına yazılacaq. Onun əslinə uyğunluğunu mümkün qədər saxlamaq onu yazmış olanın tərcümə zamanı baslıca məqsədi olub. Və mənim tərəfimdən  düzəliş edilmədən  demək olar eynilə saxlanıb, mən müəllifin əlvan koloritini və oynaq müqayisələrin bəzən son dərəcə kəskin olan parlaqlığını saxlamağı gərəkli saydım… Tayfalar arasında dünya mədəniyyətini yaydığı bir yerdə, onun ilk cücərtilərinin göründüyü bir ölkədə vətəndaşlıq izlərini görmək rus qəlbi üçün təsvirəgəlməz  təskinlik gətirir.    Cənab Klementyevin   duyğularını tamamilə bölüşərək və şairin əli ilə Puşkinin məzarı üstünə qoyulan bu gözəl gül çələngini bizə çatdırdığına görə ona səmim-qəlbdən təşəkkür etməklə — biz bu gözəl istedada  ürəkdən uğurlar arzu edirik, üstəlik də onda rus mədəniyyətinə hüsn-rəğbəti açıq görürük.  Əsəri bizə göndərən cənab Klementyev onun bədii məziyyətlərini özünəməxsusluqla müəyyən edir, özəlliklə onun ifadələrinin “sərt və qəribə təsir bağışlamasından” danışır…Şairin əsərinə münasibətdə müəyyən rəğbət açıq hiss olunur… Redaksiya  şərhi əsərin müəllifinə münasibətdə heç şübhəsiz xeyli dərəcədə hörmətlə yanaşmanı ifadə edir. Həcmcə böyük olmayan poema özünəməxsus ifadələrlə başlanır:

“Gözlərimdən yuxu qaçmış, məni boğmaqda xəyal, düşünəm beynimi sarmış yenə bir qəmli sual:niyə solmuş o çəmənlər ki, ötüşmür quşlar? Yoxsa  göylərdə dərin, pərdəli bir hikmət var?”

Bu giriş oxucunu dərhal  Şərq poeziyasının bənzərsiz atmosferinə alıb aparır, özünün təmtəraqlı bəlağət “dekoru” ilə onu heyran qoyur. Öz qəlbi ilə dialoq müəllifə öz şeirinə özəl bir həsbi-hal çaları vurmasına imkan yaradır. Bədii üsullar yetərincə orijinaldır,  fəqət lirikanın mürəkkəb obrazlılığının arasından “yüngül poeziyanın” ənənəvi üsulları sezilir.  Baharın gəlişi ilə açılan güllər-çiçəklər (yeri gəlmişkən, qeyd etmək gərəkdir ki, əsərdə çoxlu izahedici qeyd mətnləri verilir, özəlliklə belə bir fakt vurğulanır ki, Qafqazda yazın gəlişi fevral ayına təsadüf edir) lirik qəhrəmanın qəlbinə fərəh gətirmir. Şairin ustalığı oxucusunun qəlbini fəth edir: “Şah kimi bağda çələng taxmış ağaclar ucalır, göylərə yetmək üçün sanki şəfəqdən öz alır, qızaran bağrı qara lalə də mey içmədə bax, nücəba nəsli kimi badə götürmüş zanbaq, göylərin sağlığına badəni şəbnəmdən içir”.

Poemanın bədii toxumasına  əlavə edilən “Titrəşən ani küləklər yayır ətrafə  ətir,yerdə bülbülləri gör, göydə uçan quşlara  bax, onların cəh-cəhinə, nəğməsinə  eylə maraq, necə gör canlıların nəşəsi var, işvəsi var” təsvirləri də  heç şübhəsiz  Şərq şairinin ədəbi səviyyəsinə  dəlalət edir. Şeirdə əbədi və dəyişməz  bulbul və qızılgül də görünürlər. Lirik düşüncə dərinlərə varır və  şair indi onu tərk etmiş yaradıcılıq ilhamını xatırlayır. Ardınca şeirdə “o rəşadət, o şücaət, o cəsarət, o hünər, fələyin əmrinə sadiqmi qalıb verdi zərər?”- dən dolayı bir mütilik, taleyə boyun əymək gəlir. Hətta şirin arzular da şairi bundan sonra aldada bilmir.  Şair poemasına yazın və payızın  hüznlü qarşılaşdırmasını daxil edir – bu da yetərincə ənənəvi səslənir.

“Alışıb  odlanıram mən, məni yandırmada kin: Şeirlər  məclisinin gövhəri şair Puşkin, öylə  Puşkin ki, bütün aləm onun nəğməsinə, afərinlər deyə, qoymuşdu  dağın zirvəsinə, eylə  Puşkin ki, onu göydə buludlar da anır, ağ vərəqlər bəzənib ondakı sənətlə yanır”. Müəllif Şərq bəlağətinə  güc  verərək,  Puşkinin rus poeziyasındakı zirvə yerini müəyyənləşdirir. Maraqlıdır ki,  rus ədəbiyyatı korifeylərini yad etməklə, Axundov onların hər birinin  dəyərini və  rus bədii sözünün inkişafına verdikləri töhfələri demək olar aforistik bir formada qiymətləndirməyə çalışır. Görməmək olmaz ki, bu qiymətləndirmələr yetərincə ümumidir, ağlabatandır, fəqət onlarda rus ədəbiyyatının gəlişməsində hansısa bir varislik açıqlıqla göstərilmişdir, bununla eyni zamanda müəllifin qeyri-adi ədəbi erudisiyası nümayiş etdirilir:

“Lomonosov gətirirkən sənətə hüsni-düha, Puşkinin  incə xəyalı ora qonmuş, əcaba şeirlər aləmi Derjavinə yüksəklərdən, kim imiş hökm alaraq bir yeni hakim kəsilən, biliyi, elmi Karamzin də əzəldən seçmiş,bir şərab badəsi yapmış, onu Puşkin içmiş, səddi — Çindən Tatarıstanə qədər çar əli var, lakin ol şairin aləmdə yanan məşəli var, şərq təşbih eləyirkən gözəli bir hilala, o da öz nurlu zəkasıyla günəşdir şimala, belə bir xilqəti heç dörd ana yeddi atadan doğmamış, böylə  düha görməmiş əsla yaradan”.

Öz məzmununa və obrazlı həllinə görə təhkiyənin sonrası həlak olmuş dahiyə özünəməxsus yas tutmaq təsiri bağışlayır. Axundov onun faciəli ölümündə cəmiyyəti təqsirləndirir: “Quş kimi uçdu onun ruhu uzaq yerlərdə, indi gənclər, qocalar dərdə tutulmuş, dərdə…”.

Belə bir fikir bütün təhkiyə boyu qırmızı xətlə keçib gedir ki, Puşkin fenomeni həm də təbiidir və rus bədii sözü üçün təbii təzahürdür. Dünyasını vaxtsız tərk etmiş şairə axıdılan göz yaşları dayanmaq bilmir, müəllif dərin kədər içərisindədir, burada ənənəvi motiv – şairə rəhmi gəlməyən “ilan təbiətli” amansız tale baş qaldırır. Belə bir fikir mühümdür ki, Puşkinə tutulan yas Rusiyanı  birləşdirib, bu dərd-ələm uşaqdan tutmuş böyüədək hər kəsi yaxınlaşdırıb. Bu qəm-kədər notlarının sətiraltı mənasında şairin yaradıcılığı ilə bağlı illyuziya özünü hiss etdirir. Açıq görünür ki, müəllif  Puşkin poeziyasına – onun “Bağçasaray fontanı”na yaxından bələd imiş. Azərbaycan şairi özünün həlak olmuş qələm qardaşına müraciət edir: Get, əziz şairim, ey dərdə salan dünyanı, sənə gül göndərəcək “Bağçasaray fantanı”, ey Səbuhi, qoca Qafqazda bitən gülləri dər,yarəli şeirinə qat, Puşkinə göndər, göndər!..”

Poema Zaqafqaziyanın baş hakimi Baron Rozeni də maraqlandırmışdı. “Kavkaz” qəzetinin keçən əsrin axırlarında nəşr olunan bir nömrəsində bu barədə deyilirdi: “Dahi rus şairinin ölüm xəbəri bizim diyarımıza  gəlib çatdıqda, öz kədərini təsirli şeirlərdə  ifadə etmişdir. Baron Rozen gənc şairin (Mirzə Fətəlinin) bu maraqlı əsərini çox tərifləmiş və rəgbətlə qarşılamışdır, bu əsər Rusiyaya  üz verən həmin ağır itkinin Qafqazda doğurduğu dərin kədərin təcəssümü idi”.

1837-ci ilin may ayında şəxsən baş komandanın başçılığı ilə Sebeldaya ekspedisiya  getmişdi. Onu müşayiət edənlər arasında  Mirzə Fətəli və Bestujev də var idi. Sebeldanı aldıqdan sonra rus dəstəsi Suxuma qayıtdı. Nahar vaxtı ədəbiyyatdan söz salaraq Fətəlinin poemasını xeyli təriflədilər  və bunu rus dilinə tərcümə etməyi Bestujevdən xahiş etdilər. Ertəsi gün Bestujev bu xahişi yerinə yetirdi. Bu tərcümə məşhur romançının ölümündən azacıq əvvəl yaratdığı sonuncu əsəri idi.

Üç gündən sonra rus dəstəsi iğtişaş qaldıran dağlıları cəzalandırmaq üçün gəmilərə minib Soçidə Adler burnuna yola düşdü. Elə birinci döyüşdəcə, 1837-ci ilin 19 iyul günündə Bestujev həlak edildi. Həyatın qəribə bənzərliyinə baxın ki, Qafqazı doğma yurdu kimi sevən qüdrətli Lermontov da isti iyul günündə öldürülmüşdü. Bestujevdən cəmi 4 il, 4 gün sonra. 1841-ci ilin 15 iyulunda. Bu faciəli, dəhşətli itkilərlə bağlı olduğundan  yazının müəllifi kimi bu isti ay mənə artıq ən soyuq, ən şaxtalı və ən çovğunlu  ay kimi görünür.

Tarixçi, arxeoloq, din xadimi və tərcüməçi  Lev Aleksandroviç Kavelin Marlinskinin son dəqiqələri haqqındakı hekayəsini ədibin öz sözlərindən ibarət  epiqrafla  açır: “Əgər mən qürbətdə ölsəm,  dəniz sahilində, dağ ətəyində  gündoğan tərəfdə  dəfn olunmaq istərdim, mən necə də dağları, dənizi, günəşi sevirdim! Qoy ölümdən sonra da ilahi nəzər məni qızdırsın, qoy dağlardan əsən külək mənə sığal çəksin, qoy ləpədöyənin pıçıldaşan dalğaları mənim əbədi yuxuma şirin layla çalsın”.

Bestujevin  döyüş yoldaşı ilə söhbətində sabahkı gün haqqında  düşüncəli  halda dediyi sözləri ürək ağrısız  xatırlamaq olmur : “Tanrı bilir, mənim sabahkı günüm nə vaxt doğacaq”. Bestujevə  sabah günün doğmasını görmək qismət deyilmiş…

A. Bestujevin “A.S.Puşkinin ölümü haqqında Şərq poeması”nın rus dilinə tərcüməsi sonralar A.Berjenin təşəbbüsü ilə “Russkaya  starina” məcmuəsində  nəşr edilmişdir. Həmin poemanın ana dilimizə tərcüməsini bütövlüklə  təqdim edirəm:

Gözlərimdən yuxu qaçmış, məni boğmaqda xəyal,

Düşünəm beynimi sarmış yenə bir qəmli sual:

Niyə solmuş o çəmənlər ki, ötüşmür quşlar?

Yoxsa  göylərdə dərin, pərdəli bir hikmət var?

Niyə şeirin yolu bağlandı? Səbəb var bəlkə,

O günəş batdımı, sənət gülünə düşdü ləkə?

Bir nəzər sal, nə qədər şövq var aləmdə gözəl!

Bu təbiət nə qədər nazlıdır, həm də gözəl!

İşvəli, nazlı sənəm şivəsi görmək mümkün,

Qapanıb şairimin gözləri, eyvah, bu gün!

Lakin axmaqda sular, bərq verir bağü çəmən,

Yenə min dürlü səda gəlmədə hər bir dərədən.

Açılıb qönçə, qızılgül də gülüstanda gülür,

Nazlanan yasəmənin telləri bəzən tökülür.

Çöl, köçən qızlara bənzər, bəzənib sanki gəlin,

Təpələr ətrini yığmış ətəyə qönçələrin.

Sanki əlan cəvahirləri ətrafa səpər,

Cansıza can verir hər səmti saran mənzərələr.

Şah kimi bağda çələng taxmış ağaclar ucalır,

Göylərə yetmək üçün sanki şəfəqdən öz alır.

Qızaran bağrı qara lalə də mey içmədə, bax,

Nücəba nəsli kimi badə götürmüş zanbaq.

Göylərin sağlığına badəni şəbnəmdən içir,

Çoxuna nəşəli bir göz vuraraq gendən içir.

Hər tərəf şövqlü, almas kimi nurlanmışdır,

Nərgizin gözləri məstanə xumarlanmışdır.

Lakin, əfsus, duyur qəlb, vəfasız fələyin

Və bu xain, qan içən zülmkarın hər kələyin.

Çərxi-dövran dəyişir, hər nə olur, göz qoyuram,

Mən də son günlərimin çatdığını bil, duyuram.

Öz gözüylə toru görmüş, ora düşmüş bir quş

Təkcə bir buğda üçün məhbəsə eylərmi uçuş?

Yarəli köksünü bülbül də vurub bir budağa,

Bir qızılgül varağı bəxş eləyir hər qonağa.

Dürrlər göydə buludlar bu gülüstanə səpir.

Titrəşən ani küləklər yayır ətrafə ətir.

Yerdə bülbülləri gör, göydə uçan quşlara  bax,

Onların cəh-cəhinə, nəğməsinə  eylə maraq.

Necə gör canlıların nəşəsi var, işvəsi var,

Hərəyə bir cürə qiymət verər, əlbəttə, bazar.

Sovurub göylərə hər şey kədəri, qüssəni, bax,

Tək mənim qəlbim uzaq, nəşəli yerlərdən uzaq.

Ey könül, aləmə bax, şənlik edir cümlə cahan.

Səni bu sevgili çağlarda  neçin sardı duman?!

Ey könül, duyğulu misraları, yaqut  şeiri,

Təzə köçmüş qıza bənzər o ləyamut şeiri,

Baş  vurub tutmaq üçün dalğalı dəryaya cuman,

Hər kiçik səsdə də min dürlü məlahət doğuran,

Sözləri inci kimi sözlərin ardınca düzən,

Sənətin ruhuna nurlar çiləyən qəlbsən sən.

Bilmirəm qüssəni, ey dil, sənə kim vermiş, kim?

Şeirdən başqa da ruhu saracaq bir hakim,

Naləyə, dərdə salan özgə bir hikmətmi olar?

Dinləyin  qəlbimi, ondan sizə beş-üç söz var:

Dərdimi yazmaq üçün çatmayacaq bəlkə varaq,

Şairim, dostum, əzizim, məni yalnızca burax!

Mən də gər gül çəməni seyrə çıxan bir kəpənək

Kimi, tufanda sönən vaxtımı heç bilməyəcək

Olsa  idim, o zaman şanlı döyüş günlərinə,

Gəlmədən odlu qılınclar yaparaq söz yerinə

Qəlbimi çulğalayan nalələri dağlar idim,

Onu şeir atlısının boynuna mən bağlar idim.

O rəşadət, o şücaət, o cəsarət, o hünər

Fələyin əmrinə sadiqmi qalıb verdi zərər?

Unudub şeirimi, yüksəklərə  qalx, eylə nəzər,

Gör necə töhfə verir dilbərinə ənginlər.

Alışıb  odlanıram mən, məni yandırmada kin:

Şeirlər  məclisinin gövhəri şair Puşkin,

Öylə  Puşkin ki, bütün aləm onun nəğməsinə

Afərinlər deyə, qoymuşdu dağın zirvəsinə!

Eylə  Puşkin ki, onu göydə buludlar da anır,

Ağ vərəqlər bəzənib ondakı sənətlə yanır.

Bir tovuz çilvəsinin rəngə düşən pərləritək.

O, şeir bağçasına inci səpərmiş gerçək.

Lomonosov gətirirkən sənətə hüsni-düha.

Puşkinin  incə xəyalı ora qonmuş. Əcaba

Şeirlər aləmi Derjavinə yüksəklərdən

Kim imiş hökm alaraq bir yeni hakim kəsilən.

Biliyi, elmi Karamzin də əzəldən seçmiş,

Bir şərab badəsi yapmış, onu Puşkin içmiş.

Səddi — Çindən Tatarıstanə qədər çar əli var.

Lakin ol şairin aləmdə yanan məşəli var.

Şərq təşbih eləyirkən gözəli bir hilala,

O da öz nurlu zəkasıyla günəşdir şimala.

Belə bir xilqəti heç dörd ana yeddi atadan

Doğmamış. Böylə  düha görməmiş əsla yaradan.

Aman heyrət bürüdü, sardı məni, dinləyiniz,

Sözlərim dalğalı, vulkanlı, alışqanlı dəniz.

Dörd ana, yeddi ata oğluna qıymış, heyhat!..

Ona rəhm eyləməmiş, mum kimi sönmüş o həyat!

Onlara diz çökərək bir dolu almış da bulud,

Bar verən bir ağacı yerlərə salmış da bulud.

Aman, ah, başqa fəlakət, daha qorxunc bir əməl,

Qaralır hər cürə tufana dözən bir məşəl!

Yardım, eyvah, qoca bağban da təbərzinlə kəsir

Bir fidan ömrünü ki, zülmətə olmuşdu əsir.

Şeir gəncinəsi ol baş, yerə düşmüş, solmuş,

Bir qara gürzə ilan cisminə məskən olmuş.

Bülbülə nəşə verən şehli çiçəklər saralır,

Şairin qəlbimidir orda tikənlər qaralır?!

Quş kimi uçdu onun ruhu uzaq yerlərdə…

İndi gənclər, qocalar dərdə tutulmuş, dərdə…

Rusiya  dadü fəqan ilə sual etdi yenə;

“Nə üçün quldur əlindən bu təbiət də sənə

Bir xilaskar ana qəlbiylə  aman vermədi, ah!”

Dostumuz getdi o dünyaya, kömək et, Allah!

Get, əziz şairim, ey dərdə salan dünyanı,

Sənə gül göndərəcək “Bağçasaray fantanı”.

Ey Səbuhi, qoca Qafqazda bitən gülləri dər,

Yarəli şeirinə qat, Puşkinə göndər, göndər!..

 

Dünyanın böyük filosofu Əbu Turxanın gözəl bir sözü var: “Doğma o adamdır ki, onunla öz ruhunun dilində danışa bilirsən”.

Aleksandr Aleksandroviç Bestujev-Marlinski iki unudulmaz dahimiz Bakıxanov və Axundovla bərabər, bütün Azərbaycan xalqının doğması, onların öz ruhunun dilində danışa bilən dostu idi. Əvəzolunmaz və həmişə  sevilən  dostu.

Noyabrın 3-də xalqımızın bu əziz dostunun 220 illik yubileyidir. Əsrlər bir-birini əvəz etsə də, o, tək rus xalqının deyil, bütün Azərbaycan xalqının, bütün bəşəriyyətin, azadlığın, səadətin, sülhün, tərəqqinin, saflığın, səmimiyyətin və zəhmətin dostu kimi də daim ürəklərdə yaşayacaqdır!

Reyhan Mirzəzadə

Publisist-politoloq

http://az.strategiya.az/index.php?do=xeber&id=101228

 

 

 

Tags:

Leave a Reply


Fatal error: Call to a member function build_links() on null in /var/www/u0485828/data/www/gumilev-center.az/public_html/wp-content/themes/transcript/single.php on line 62